Azərbaycan “hücum diplomatiyası”nı uğurla həyata keçirir

Azərbaycan “hücum diplomatiyası”nı uğurla həyata keçirir

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə müstəqil xarici siyasət yeridən, milli təhlükəsizliyin reallaşdırılması məqsədilə "hücum diplomatiyası”nı uğurla gerçəkləşdirən, bu istiqamətdə qətiyyətli addımlar atan Azərbaycan beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi tanıda bilib. Biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda aydın görə bilərik. Belə ki, qlobal şəbəkədə iki ölkənin informasiya cəbhəsinə diqqət yetirəndə təbliğat mübarizəsinin əvvəlki dövrlərdən fərqli olaraq xeyrimizə dəyişdiyinin şahidi oluruq.

Bu fikirləri Rubrika.Az-a açıqlamasında YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlı deyib. Politoloqun fikrincə, ötən əsrin 90-cı illərinin sonunda erməni tərəfi bu məsələdə üstünlük əldə etmişdi. İşğalçı ölkə tərəfindən həm yerli, həm də xarici nəşrlərdə Dağlıq Qarabağla bağlı həqiqətdən uzaq uydurmalar yayılır, ərazi iddialarını ifadə edən tarixi faktlar bilərəkdən saxtalaşdırılır, Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri təhrif olunurdu. Etiraf edək ki, ermənilər və ermənipərəst qüvvələr bir çox hallarda dünya ictimaiyyətini bu yalanlara inandıra bilirdilər. Onların vaxtaşırı respublikamızla bağlı yalan informasiyalar yaymalarında əsas məqsəd dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək, Azərbaycanın milli-mədəni dəyərlərini, siyasi, sosial-iqtisadi sahələrdəki inkişafını inkar etmək, respublikamızı antidemokratik, antixristian ölkə kimi dünyaya göstərmək olub.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın qətiyyətli "hücum diplomatiyası” nəticəsində vəziyyət tədricən xeyrimizə dəyişməyə başladı. Əlbəttə, Azərbaycanın informasiya müharibəsində üstünlük əldə etməsi, ilk növbədə, respublikada söz və məlumat azadlığının təmin olunmasına, demokratik, plüralist mətbuatın formalaşmasına göstərilən diqqət və qayğı ilə, başqa sözlə, kütləvi informasiya vasitələrinin qeydiyyat prosedurunun asanlaşdırılması, internet saytlarının və istifadəçilərinin sayının getdikcə artması ilə bağlı idi.
Yeri gəlmişkən, burada bir məqamı da vurğulamaq istərdim. Ermənilər və ermənipərəst qüvvələr hazırda təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri təhrif etmir, eyni zamanda, dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək məqsədilə informasiya portallarında, ayrı-ayrı nəşrlərdə mütəmadi olaraq söyüş ritorikası ilə Azərbaycanın rəsmi şəxslərini təhqir etməkdən belə çəkinmirlər. Bu zaman onlar "virtual müxalifət” adlandırılan və xarici ölkələrdə sığınacaq alan azərbaycanlı fərdlərdən istifadə edirlər. Son vaxtlar respublikada siyasi proseslərə xarici müdaxilələr barədə aparılan diskussiyalar da bu faktı təsdiq edir.
Politoloq daha sonra deyib: "Bu gün heç kəsə sirr deyil ki, Azərbaycana qarşı dünyada sistemli informasiya müharibəsi aparan qüvvələr mövcuddur. Elə ölkələr var ki, orada nəinki hər həftə, hətta hər gün respublikamızla bağlı böhtan xarakterli yazılar dərc edilir, yalan informasiyalar yayılır. Təbii ki, bu, əlaqələndirilmiş bir antiazərbaycan siyasətidir. Bu işdə daha çox canfəşanlıq göstərən isə vurğuladığım kimi, erməni lobbisi və onun təsir dairəsindəki qüvvələrdir.
Əsasən erməni iş adamlarının vəsaiti ilə maliyyələşən, necə deyərlər, "sapı özümüzdən olan baltalar”--daxildəki və xaricdəki antimilli ünsürlərin belə fəallıq göstərmələri, internet media resurslarından yararlanmaqla beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi rəy formalaşdırmaları təsadüfi deyil. Onların əsas məqsədi nəyin bahasına olursa-olsun, ölkəni xaosa sürükləməkdir. Amma həmin məkrli dairələr bilməlidirlər ki, həyata keçrilən uzaqgörən, prinsipial və qətiyyətli siyasət, ən başlıcası isə "hücum diplomatiyası” ilə bütün avantüra, qarayaxma kampaniyalarının, təzyiq cəhdlərinin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Bir sözlə, heç nə Azərbaycanı tutduğu haqq, ədalət yolundan, qarşıya qoyduğu məqsəd və vəzifələrdən yayındıra bilməyəcək. Bu barədə dövlət başçısı çıxışlarının birində bildirib: "Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq”.
Onu da vurğulamaq lazımdır ki, son illər erməni lobbisinə qarşı informasiya müharibəsində xeyli dərəcədə üstünlük əldə etsək də, görüləsi işlər də az deyil. Belə ki, artıq dünyada sosial medianın klassik medianı üstələdiyini nəzərə alsaq, deyə bilərik ki, respublikamızda sosial medianın gücündən arzu olunan səviyyədə yararlanmırıq.
Fikrimin təsdiqi olaraq bildirmək istərdim ki, sosial medianın beynəlxalq platforma müstəvisində Cənubi Qafqazın lider dövləti statusunu daşıyan və bu adı ardıcıl şəkildə gücləndirən Azərbaycanın sosial-iqtisadi uğurları, ölkəmizin tam müstəqil siyasət yürütməsi, mühüm transmilli layihələri reallaşdırması ilə bağlı materiallar Ermənistanla müqayisəli şəkildə mütəmadi olaraq yayımlanmır. Ermənistanın işğalı nəticəsində yurd-yuvalarından didərgin düşmüş insanların həyat tərzi, erməni qruplaşmalarının törətdikləri terror aktları haqqında araşdırma materiallarının hazırlanıb ictimailəşdirilməsi də mütəmadi xarakter daşımır. Yaxud, internet televiziyaları vasitəsilə Azərbaycanın rəsmi şəxslərinin söyüş ritorikası ilə təhqir edilməsinin qarşısının alınmasına qeyri-hökumət təşkilatları tərəfindən ciddi təşəbbüş göstərilmir, bununla bağlı həmin televiziyaların yerləşdikləri ölkələrin rəsmi qurumları ilə məsələnin həlli istiqamətində danışıqlar aparılıb, tədbirlər görülmür. Nəticədə isə "virtual müxalifət” getdikcə azğınlaşır, erməni lobbisi isə daha çox fəallaşır”.
A.Muradlı söhbətinin sonunda vurğulayıb ki, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması ilə bərabər, "virtual müxalifət”in söyüş ritorikasının qarşısının alınmasına, bədnam erməni lobbisinin ölkəmizə qarşı çirkin kampaniyasına "hücum diplomatiyası” ilə tutarlı cavab verilməlidir. Bu, hər bir azərbaycanlının ümdə vəzifəsi sayılmalıdır. Ölkəmizin xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların da bu prosesdə fəal iştirakı intensiv xarakter almalıdır.
Ermənilər və ermənipərəst qüvvələr məkrli əməllərini dayandırmaq niyyətlərində deyillər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sözləri ilə desək, təxribatların bir neçə səbəbi var: "Birincisi, Azərbaycanın apardığı "hücum diplomatiyası” sayəsində Ermənistanın işğalçı simasının ifşa edilməsidir. Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi uğurlar əldə olunub. Ordumuzun gücü günü-gündən artır, dünyada müşahidə olunan iqtisadi gərginliyə baxmayaraq, Azərbaycan inamla irəliləyir, dinamik inkişaf edir. Beynəlxalq aləmdə artan gərginlik fonunda ölkəmiz sabit, təhlükəsiz məkan kimi dünyanın diqqətini özünə cəlb edir. Bütün bunlar da inkişafımıza dözümsüz yanaşan xarici dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini qıcıqlandırır”.
Təbii ki, belə bir vəziyyətdə mövcud reallıqları da nəzərə almaqla, inanıram ki, Azərbaycan öz məqsədyönlü siyasətini daha əzmlə davam etdirəcək. Ölkəmiz öz hərbi gücünü artıracaq, "hücum diplomatiyası”, Ermənistanın iqtisadi baxımdan təcrid siyasəti davam etdiriləcək. Bundan sonrakı dövrdə də həm beynəlxalq təşkilatlarda, həm informasiya məkanında, həm də qoşunların təmas xəttində Ermənistanın bütün təxribatlarına layiqli cavab veriləcək.
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR