Azərbaycan hərbi-texniki sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir - Zakir Həsənov

Azərbaycan hərbi-texniki sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir - Zakir Həsənov

İyunun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korpus generalı Selçuk Bayraktaroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Aktual.az-a verilən məlumata görə, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu xatırladan Müdafiə naziri bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.

General-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonaqlara məlumat verən nazir 44 gün davam edən müharibə dövründə Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasının fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edən Müdafiə naziri onlara işlərində uğurlar arzulayıb.

Öz növbəsində, korgeneral S.Bayraktaroğlu Vətən müharibəsində əldə olunan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərin yaxınlarına başsağlığı verib və yaralılara şəfa diləyib.

Korgeneral S.Bayraktaroğlu ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrindən, o cümlədən səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycan və Türkiyə hərbi nümayəndə heyətlərinin Bakıda növbəti görüşünün təşkilinə görə minnətdarlığını bildirib.
 
Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə edilib, iki ölkə ordularının müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR