Azərbaycan bu layihəyə 2,8 milyard dollar ayıracaq

Azərbaycan bu layihəyə 2,8 milyard dollar ayıracaq

Cənub Qaz Dəhlizi üçün maliyyə öhdəliklərinin 46%-i icra edilib.

“Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə investisya qoyuluşuna tam sadiqdir və maliyyə öhdəliklərini vaxtında yerinə yetirməyə davam edir”.

Aktual.az-ın məlumatına görə, bu barədə “Report” “Natural Gas Europe” saytına istinadən xəbər verir ki, bunu “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfindən Cənub Qaz Dəhlizi layihəsinə daxil olan layihələrin maliyyələşdirilməsinə 5,212 milyard dollar həcmində vəsait qoyulub. Layihədə Azərbaycanın payının maliyyələşdirilməsi 11,454 milyard dollar həcmində qiymətləndirilir: “Beləliklə, Azərbaycan artıq maliyyə öhdəliklərinin 45,5%-ni yerinə yetirib”.

Onun sözlərinə görə, ayrılan vəsaitin 2,5 milyard dolları Azərbaycan Dövlət Neft Fondu (SOFAZ), 1,7 milyard dolları Maliyyə Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR), 1 mlrd. dolları isə mart ayında yerləşdirilən avrobondlar vasitəsilə həyata keçirilib.

Ə.İsayev əlavə edib ki, bu il Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə 2,809 milyard dollar vəsait ayıracağı planlaşdırılır.

QSC-nin baş direktorunun sözlərinə görə, bu həcmin 55,7%-i yaxud da 1,566 milyard dolları TANAP-a xərclənəcək, “Şahdəniz Mərhələ 2” üçün vəsaitin 30,2%-i və ya 847 milyon dolları ayrılacaq. Bu il TAP layihəsinə 278 mlilyon dollar, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə isə 118 milyon dolların ayrılması nəzərdə tutulur.

Ə.İsayevin sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üçün Dünya Bankından kreditin cəlb edilməsi üçün danışıqlar aparır:

“Bizim layihə cəlbedicidir və maliyə qurumları Azərbaycanın enerji layihələri ilə maraqlanır. Beynəlxalq maliyyə qurumlarından dəqiq hansı həcmdə vəsait cəlb olunacağını söyləmək çətindir, çünki Azərbaycan maliyyə qurumlarının kredit şərtləri ilə bağlı ümumi nəticəyə gəlmləlidir. İnanırıq ki, kredit şərtləri yüngül və ödəmə müddəti ən azı 10 il olmalıdır, çünki bu layihələrdən təkcə Azərbaycan deyil, böyük region iqtisadi mənfəət əldə edəcək".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə nizamnamə kapitalı 100 mln. ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib.

Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi Neft Fondunda, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Hazırda Cənub Qaz Dəhlizi layihəsinin dəyəri təxminən 40 milyard dollar həcmində qiymətləndrilir. Bu vəsaitin 9,3 milyard dolları TANAP, 6 mlrd. dolları TAP, 23,8 milyard dolları isə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin payına düşür.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR