““AZAL”ın və digər iri şirkətlərin özəlləşdirilməsi real görünmür”

““AZAL”ın və digər iri şirkətlərin özəlləşdirilməsi real görünmür”

Neftin qiymətinin düşməsi Azərbaycanda büdcə kəsirlərinin artması ilə müşahidə olunur. Belə bir şəraitdə hökumətin çevik və effektiv addımları nəzərə çarpmır. “Bizim Yol” qəzeti iqtisadçı alim Qubad İbadoğlunun hazırkı durumla bağlı fikirlərini yayıb.

 
Q.İbadoğlu  2013-cü ildən başlayaraq dövlətin büdcə xərcləmələrinin azalmasına diqqət çəkərək qeyd edib ki, əgər əvvəlki il üzrə qeydə alınan azalma büdcə prioritetlərindəki dəyişikliklə bağlı idisə, cari ildə gözlənilən dəyişikliyi maliyyə sistemində yaranmış və getdikcə ciddiləşən problemlər şərtləndirəcək: “Maliyyə Nazirliyi və Neft Fondunun 6 ayın yekunları ilə bağlı açıqlamaları ölkənin fiskal durumunun çətinliklərini aşkara çıxarmağa və qiymətləndirməyə imkan verir. 
 
Bu il üçün büdcəyə 19 milyard 438 milyon manat vəsait yığmağı planlaşdıran hökumət ilin 1-ci yarısında onun 7 milyard 807 milyon 200 minini və ya 40 faizini təmin edib. Proqnozun icrasında başlıca çətinlik Neft Fondundan gözlənilən transfertlərin azalmasıdır. Belə ki, bu il ərzində büdcəyə 10 milyard 388 milyon manat köçürmək öhdəliyinə malik olan Neft Fondu ilin 6 ayında onun 3 milyard 562 milyon manatını və ya üçdə birindən bir az artığını transfert edib. Çünki Neft Fondunun özünün də gəlirləri ilin 1-ci yarımilliyində 4 milyard 54 milyon manat olub ki, bu da proqnozlaşdırılan vəsaitin 40 faizindən də azdır. Göründüyü kimi, həm dövlət büdcəsində və həm də Neft Fondunun büdcəsində icra faizi 40-ı ötə bilməyib. Deməli, mədaxilin təminatında eyni səviyyədə icra vəziyyətini xarakterizə edən bu asılılıq birbaşadır və Neft Fondunun gəlirləri azaldıqca dövlət büdcəsinin xərcləmələrində də problemlər çoxalacaq. 
 
Çıxış yolunu kiçik və orta vergi ödənişlərini inzibati qaydada sıxmaqla büdcəyə əlavə vəsait cəlb etməkdə görən hökumət buna ilin ilk 6 ayında nail olsa da, sonrakı aylarda eyni metodla istədiyi effekti ala biləcəyi real görünmür. Bu halda hökumətin başqa bir alternativə müraciət edəcəyi də istisna olunmur. Belə ki, hazırkı situasiyada və gələcəkdə daha da pisləşən durumda büdcəyə vəsait cəlb etməyin yollarından biri də özəlləşdirmədən əldə edilən gəlirlər ola bilər. Bu halda hətta ARDNŞ-in də səhmləşdirilməsi və sonradan səhmlərinin satışa çıxarılması gündəmə gələ bilər. Mümkündür ki, ondan qabaq digər iri vergi ödəyicilərindən - ”Azərenerji", “Azərsu”, Xəzər Dəniz Gəmiçiliyi, “Aztelekom”, “AZAL”kimi şirkətlər də özəlləşdirməyə çıxarılsın. Çünki onların çoxu hazırda büdcə qarşısında olan cüzi vergi öhdəliklərini belə yerinə yetirə bilmirlər və ildən-ilə vergi borcları ilə yanaşı, kreditor borclarını da artırırlar. Çox güman ki, Azərbaycan Beynəlxalq Bankı böyük özəlləşdirmə siyasətində sınaq-təcrübə funksiyasını yerinə yetirəcək".
 
İqtisadçı ekspert Qadir İbrahimli “Yeni Müsavat”a deyib ki, iri vergi ödəyicilərinin - “Azərenerji”, “Azərsu”, Xəzər Dəniz Gəmiçiliyi, “Aztelekom”, “AZAL” kimi şirkətlərin indiki mərhələdə özəlləşdirməyə açılması real görünmür: “Prezident İlham Əliyev bu yaxınlarda birmənalı şəkildə bəyan etdi ki, iri dövlət müəssisələri heç vaxt özəlləşdirməyə çıxarılmayacaq. Həmin müəssisələr dövlətin nəzarətində qalacaqlar. Bu baxımdan inanmıram ki, yaxın zamanlarda bu müəssisələrin özəlləşdirməyə çıxarılması hökumətin hədəfində olsun”.
 
İqtisadçı ekspert hesab edir ki, hökumətin bu sahə ilə bağlı siyasəti tam fərqlidir: “Hökumət istəyir ki, iri dövlət müəssisələrinin üzərində birbaşa nəzarəti olsun”.
 
Kəskin maliyyə böhranı yaşanan bir dövrdə iqtidar hansı addımlar atmalıdır? Gürcüstan nümunəsinə müraciət edib dövlətin nəzarətində olan bütün tibb müəssisələrini özəlləşdirməyə çıxara və tibbi sığorta tətbiq etməklə böyük vəsaitlərə qənaət edə bilərmi? 
 
İqtisadçı ekspert hesab edir ki, hazırkı durumda belə bir addımın atılması vəziyyəti nisbətən normallaşdıra bilər. Amma hökumətin çevik şəkildə belə addımlar atmasının real olmadığını da diqqətə çatdırır:“Azərbaycan hökuməti çevik qərarlar verməkdə daim tərəddüd edir. Beynəlxalq Bankın özəlləşdirilməyə çıxarılması 17 il idi ki, gündəmdə idi. Hətta 1998-ci ildə prezident Heydər Əliyev Beynəlxalq Bankın özəlləşdirilməyə çıxarılması ilə bağlı fərman da vermişdi. Sonradan Beynəlxalq Bank gəlirliliyini, bazarda çəkisini artırdığına görə fərmanın icrasına ehtiyac qalmadı. Halbuki hökumət həmin dövrdə bir qədər çevik olsaydı, fərmanı icra edər, Beynəlxalq Bank 6 milyard büdcə vəsaitini problemli kredit şəklinə salmazdı. Həqiqətən də tibb müəssisələri Azərbaycan büdcəsinə ağır yükdür. Həmin yüklülük isə heç də səhiyyə sisteminin effektivliyinə dəlalət etmir. Bu addımların çevik atılması büdcəni əlavə yükdən xilas etməklə yanaşı, əhalinin sağlıq durumunun da xeyli yaxşılaşmasına gətirib çıxarır. Büdcə də, əhali də sağlamlaşar. Təəssüf ki, belə qərarları Azərbaycan hökuməti çox ləng, həvəssiz qəbul etməyə meyllidir. Bu baxımdan ”Azərenerji", “Azərsu”, Xəzər Dəniz Gəmiçiliyi, “Aztelekom”, “AZAL” kimi şirkətlərin Beynəlxalq Bankın durumuna düşmədən özəlləşdirilməyə çıxarılması inandırıcı deyil".
 
Xəbər 575 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR