Azad edilmiş torpaqlar gələcəkdə “Yaşıl enerji” zonası kimi tanınacaq

Azad edilmiş torpaqlar gələcəkdə “Yaşıl enerji” zonası kimi tanınacaq

Prezident İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində dövlətimizin başçısı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra çıxış edərək, düşməndən təmizlənən ərazilərin tezliklə yeni coşğun həyata qayıdacağını diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: "Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. "Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün "Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir”.

Azərbaycan Prezidenti nitqində, həmçinin Laçın rayonu işğaldan azad olunandan ay yarım sonra artıq Güləbird kəndində Su Elektrik Stansiyasının (SES) istismara verildiyini, bu stansiyanın generasiya gücünün 8 meqavat təşkil etdiyini vurğulayaraq, bununla da ərazidə generasiya güclərinin yarandığını bildirib.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov Aktual.Az-a açıqlamasında fikirlərini davam etdirərək, qeyd edib ki, "Güləbird” SES-in istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda dövlətimizin başçısının  iştirakı ilə işə salınan ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Ölkə rəhbərinin vurğuladığı kimi, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiya fəaliyyət göstərib. Lakin mənfur düşmən işğal dövründə həmin stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində – dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı aparıb, stansiyaların binalarını xaraba qoyub. O cümlədən, Güləbird SES düşmən tərəfindən yararsız hala salınıb.

Yeri gəlmişkən, yaxın gələcəkdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkənin yaradılacağı nəzərdə tutulub. Bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanan proqramda isə SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də proqnozlaşdırılıb.

Prezidentin  tapşırığına əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud "Yaşıl məkan” konsepsiyasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələrin  aparılması diqqət mərkəzində saxlanılıb.

Bu ərazilərdə 4 min meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialının mövcudluğu qiymətləndirilib. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə də  başlanılıb. İlkin məlumatlara görə, 30-a yaxın bu cür stansiya   yararsız hala salınıb.    

Azərbaycan Prezidenti çıxışında su elektrik stansiyalarının tikintisi ilə paralel olaraq, azad edilən bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilməsi ilə bağlı artıq göstəriş verdiyini də vurğulayıb.

Dövlətimizin başçısı çıxışında bildirib ki, azad edilmiş torpaqlar gələcəkdə "Yaşıl enerji” zonası kimi tanınacaq. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayılda isə Günəş enerjisinin böyük potensialı bunu deməyə əsas verir. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, Azərbaycanın enerji generasiya güclərini, ötürücü xətlərini yenidən quraraq Qarabağı "Yaşıl enerji” zonasına çevirəcək.

E.Bağırovub qeyd edib ki,  Azərbaycanda, xüsusilə düşməndən təmizlənən ərazilərdə "Yaşıl enerji” zonasının yaradılmasına mühüm önəm verilməsi təsadüfi deyil. Çünki hazırda bütün dünyada elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələridir. Bununla belə bir çox yerlərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edir. Ölkəmizdə də enerjinin bu növünün istehsalı diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlbi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsinə başlanılıb.

Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Xəbər 160 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR