“Avropa İnsan Haqları Məhkəməsinin qərarında Ermənistanın işğalçı olduğu birbaşa təsdiqlənir” Ekspert

“Avropa İnsan Haqları Məhkəməsinin qərarında Ermənistanın işğalçı olduğu birbaşa təsdiqlənir”  Ekspert

“Bu, Azərbaycan üçün çox böyük qələbə, çox böyük nailiyyətdir”.  

Bunu Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarı APA-ya şərh edən Azərbaycan Universitetinin rektoru, hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov deyib.

F. Əhmədov deyib ki, Çıraqovun və digərlərinin iddiası Laçında Çıraqov və digərlərinin əmlak hüququnun pozulması ilə bağlı olub. İddiada qeyd edilib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində mülkiyyət hüquqları pozulub, bu da Avropa Konvensiyasının Birinci Protokolunun birinci maddəsinin pozulmasıdır. Məhkəmə qərarında da bu, əksini tapıb.


F. Əhmədov xatırladıb ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatası həm də erməni tərəfinin iddiası əsasında “Sərkisyan və digərləri Azərbaycana qarşı” işi üzrə də qərar verib: "Sərkisyan və digərlərinin iddiasında isə qeyd olunub ki, mülkiyyət hüquqları Azərbaycan tərəfindən pozulub və bu, məhkəmə qərarında da əksini tapıb. Mən “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə məhkəmə çıxışlarına baxmışam. Ermənistanın tərəfi deyirdi ki, bu torpaqları işğal edən Ermənistan dövləti deyil, torpaqları işğal edən “Dağlıq Qarabağ Respublikası”nın “ordu”sudur, bu halda Ermənistan dövlətinin məsuliyyəti qalmır. Məhkəmə tərəfindən də müəyyən edilməli olan fakt o idi ki, həqiqətənmi Ermənistan işğal olunmuş ərazilərə effektiv nəzarəti həyata keçirir, yoxsa keçirmir? Əgər Ermənistan işğal olunmuş ərazilərə effektiv nəzarəti həyata keçirirsə, bu o deməkdir ki, Dağlıq Qarabağ və 7 rayonda Avropa Konvensiyası ilə bağlı hər hansı pozuntuya görə məsuliyyət Ermənistanın üzərinə düşür. İşğal olunmuş torpaqlarda edilən hər hansı hərəkət də “DQR”-ə yox, Ermənistana məxsusdur. Məhkəmə uzun illər ərzində bu faktı müəyyən etməyə çalışırdı və nəhayət, müəyyən etdi.
 

Məhkəmənin qərarında da qeyd edilir ki, həmin ərazilərdə Ermənistan ordusu effektiv nəzarəti həyata keçirir. Effektiv nəzarəti Ermənistan ordusu həyata keçirdiyi üçün də məsuliyyəti Ermənistan dövləti daşıyır. Digər tərəfdən, "Sərkisyan və digərləri Azərbaycana qarşı” işi üzrə də əsas iddia Azərbaycandan çıxan ermənilərin mülkiyyət hüquqlarının pozulması ilə bağlı idi. Sadəcə, Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarda Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi əksini tapıb və bu, bizim üçün çox mühümdür. Qərarda işğal olunmuş ərazilərə Ermənistan ordusunun effektiv nəzarət həyata keçirməsi faktının müəyyən edilməsi ilə Ermənistanın işğalçı olduğu birbaşa təsdiqlənir”.

F. Əhmədov qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı Azərbaycan üçün çox əhəmiyyətlidir: “Bu günə qədər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktını yalnız siyasi orqanlar təsdiq edib. BMT Təhlükəsizlik Şurası məhkəmə orqanı deyil, siyasi orqandır və qəbul etdiyi qətnamələr də siyasi orqanın qəbul etdiyi qətnamələrdir. Ona görə də bu qərarlar bəzən siyasiləşmiş qərarlar kimi qələmə verilə bilir. Amma Avropa İnsan Haqları Məhkəməsinin qərəzsiz mövqedən çıxardığı qərar məhkəmə qərarıdır. Adətən, Avropa Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir, amma bu işdə faktlar o qədər aydın olub ki, hətta daim Azərbaycana qarşı qərəzli olan avropalılar belə aciz qalıb, məhkəmə qaydasında bu faktı təsdiq etməli olublar. Bu, Azərbaycan üçün BMT-nin 4 qətnaməsindən daha vacib və əhəmiyyətli qərardır. Həm Azərbaycan, həm də Ermənistan Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasını qəbul edib. Məhkəmə qərarında deyilmir ki, Ermənistan nə etməlidir, işğalçılıqla bağlı üzərinə hansı öhdəlik qoyulmur. Çünki bu, Avropa İnsan Haqları Məhkəməsinin səlahiyyətində deyil, bu məhkəmənin işi Konvensiya üzrə pozuntunun olub-olmaması faktını müəyyən etməkdir. Avropa İnsan Haqları Məhkəməsinin elə bir səlahiyyəti yoxdur ki, Ermənistana desin ki, işğal etdiyin torpaqları tərk et. Amma nəzərə almaq lazımdır ki, əgər indiyə qədər bizə münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın mövqeyinə legitimlik veribsə, Avropa İnsan Haqları Məhkəməsinin qərarı bizim mövqeyimizi daha da legitim edəcək. Çünki bu, dünyanın və Avropanın ən mötəbər məhkəmə orqanının qərarıdır. Bu, danışıqlarda iştirak edən Azərbaycan rəsmilərinin mövqelərini daha da legitimləşdirir, mövqeyimizi tam əsaslandırılmış mövqe kimi təqdim etmək imkanı yaradır. İndiyə qədər BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə bağlı Ermənistan spekulyasiyalar edirdi. Deyirdi ki, qətnamələrdə torpaqları işğal edənin “DQR”, yoxsa Ermənistan olduğu bilinmir. Yəni Ermənistan yalan danışsa da, BMT qətnamələrinin kimə ünvanlandığının aydın olmadığını iddia edirdi. Qətnamələrin mətni BMT Təhlükəsizlik Şurası tərəfindən yazıldığından siyasi razılaşma nəticəsində əldə olunan sənədlər idi, BMT Təhlükəsizlik Şurasının bütün üzvləri o mətnlərə razılıq verməli idilər. Ona görə də Təhlükəsizlik Şurasında kompromis mətnlər əldə olunmuşdu, əks halda ABŞ, Rusiya və digərləri veto qoymaq istəyirdi. Bəli, qətnamələrdə Ermənistanın da adı var. Avropa İnsan Haqları Məhkəməsinin qərarında da açıq-aşkar Ermənistan Silahlı Qüvvələrindən söhbət gedir. Bu da bilavasitə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təsdiqlənməsi, bu qətnamələrin daha da qüvvətləndirilməsi kimi qəbul olunmalıdır. Azərbaycanı məhkəmədə təmsil edən vəkillərə baxılsa, onlar dünyanın ən mötəbər universitetlərinin ən mötəbər alimləri idi. Azərbaycanı vəkillər Malkolm Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter müdafiə ediblər. Məsələn, Böyük Britaniyadan olan Malkolm Şou böyük alimdir, biz beynəlxalq hüququ onların kitabları ilə oxumuşuq. Azərbaycan hökuməti bu işə belə mötəbər alimləri cəlb etmişdi”.
 

F. Əhmədov nəzərə çatdırıb ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasında 3 hakim məhkəmənin qərarına etiraz xarakterli xüsusi rəydə qalıb. Azərbaycandan olan hakim Xanlar Hacıyev də qərarla bağlı xüsusi rəydə qalıb, ancaq bu xüsusi rəy qərarda Azərbaycana qarşı olan müəyyən məqamlarla bağlı mövqedir. Bir hakim isə məhkəmə qərarı ilə razılaşıb, sadəcə, bununla bağlı əlavə rəyi olub: “Portuqaliyadan, Latviyadan və Ermənistandan olan hakimlər “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə xüsusi rəydə qalıblar, yəni bu hakimlər məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarın nəticə hissəsi ilə razılaşmayıblar. Bu hakimlər hesab edirlər ki, milli azlıqların dövlətlərdən ayrılmaq hüququ var. Birincisi, bu məhkəmə qərarları zamanı xüsusi rəyin heç bir hüquqi qüvvəsi və əhəmiyyəti yoxdur, yalnız akademik əhəmiyyəti var, yalnız elmi dairələrdə biz hüquqşünaslar bu xüsusi rəyi müzakirə edirik. Azərbaycan Konstitusiya Məhkəməsində də hakimlərin xüsusi rəydə qalmaq hüququ var. İkincisi, Avropa İnsan Haqları Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərar mütləq səs çoxluğu ilə qəbul edilib, 17 hakimdən yalnız 3 hakim xüsusi rəydə qalmaqla etiraz edib. Burada mütləq səs çoxluğundan söhbət gedir. Hətta 8 səsə qarşı 9 səslə qəbul edilmiş qərar olsaydı da belə, 8 nəfərin rəyi sadəcə, rəy olaraq qalacaqdı. Üçüncüsü, xüsusi rəyin özünə bizim münasibətə gəlincə, mövqeyimiz bundan ibarətdir ki, beynəlxalq hüquqda bunun heç bir əsası yoxdur. Beynəlxalq hüquqda milli azlıqların dövlətdən ayrılma hüququ yoxdur, xalqların öz müqəddəratını təyin etmə hüququ dövlətdən ayrılma hüququnu ehtiva etmir. Bu fikirdə olan bəzi alimlər də azlıq təşkil edirlər. Özünə hörmət edən alimlər hesab edirlər ki, ərazi bütövlüyü prinsipi var, dövlətdən ayrılmaq beynəlxalq hüquqda nəzərdə tutulmayıb. Ən önəmlisi odur ki, milli azlıqların dövlətdən ayrılmaq hüququ dövlətin hüquqi ilə tənzimlənən, yəni Konstitusiya hüququ müstəvisində həll olunan məsələdir. Məsələn, Azərbaycan Konstitusiyasında ərazi mübahisələrinin bilavasitə referendumla həll olunan məsələ olduğu qeyd edilib. Tutaq ki, bu yaxınlarda Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyirdi, bu, məgər beynəlxalq hüquq müstəvisində həll olunurdu? Bu, Böyük Britaniyanın daxili qanunvericiliyi ilə həll olunurdu. Yaxud bu yaxınlarda baskların ayrılması ilə bağlı İspaniya Konstitusiya Məhkəməsi qərar verdi və ayrılmaq cəhdinin İspaniyanın Konstitusiyasına zidd olduğunu vurğulandı. Yəni ümumiyyətlə, ayrılmaq hüququ beynəlxalq hüquqda tənzimlənmir və bunu dövlətlərin müstəsna səlahiyyətlərinə verib, Konstitusiya hüququnun tənzimləmə predmeti kimi baxılmalıdır. Bir çox alimlər də bu fikri təsdiqləyir”.

Məsələyə Haaqa Beynəlxalq Cəza Məhkəməsində baxılması məsələsinə münasibət bildirən F. Əhmədov bunun mümkün olmadığını deyib: "Ermənistan Haaqa Məhkəməsinin yuridiksiyasını qəbul etmədiyi üçün Ermənistana qarşı bu məhkəmədə iddia qaldıra bilmərik, məhkəmə o işi icraata qəbul etməyəcək. Ermənistan isə bu yusrisdiksiyanı qəbul etmək istəmir, çünki bilir ki, o məhkəmədə də uduzacaq".

Aktual.az

Xəbər 819 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR