"ASAN Viza" ilə bağlı dəyişikliklər təsdiq edildi


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 280-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Aktual.az xəbər verir ki, müəyyən edilir ki, Miqrasiya Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

həmin Məcəllənin 38.3-cü maddəsində və 38.6-cı maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir; həmin Məcəllənin 38.6-cı maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.

Dəyişikliklərə əsasən, Məcəllənin 33.4-cü maddəsi ləğv edilir. Aşağıdakı məzmunda 37.12-ci maddə əlavə edilir:

“37.12. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydası bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilir.”.

38-ci maddə aşağıdakı redaksiyada verilir:

“Maddə 38. Elektron vizalar

38.1. Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.

38.2.“ASAN Viza” sisteminin fəaliyyətinin təşkili, elektron vizanın alınması üçün elektron müraciət formasına daxil edilməli olan məlumatlar, elektron viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən edilir.

38.3. Elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

38.4. Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.

38.5. “ASAN Viza” sistemi elektron viza alınması üçün daxil olmuş elektron müraciəti real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə göndərir.

38.6. Müvafiq icra hakimiyyəti orqanı müraciətin “ASAN Viza” sisteminə daxil olduğu vaxtdan ən geci 3 iş günü keçənədək məlumatları yoxlayır, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparır, razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyini alır.

38.7. Elektron vizanın verilməsi barədə müraciətə bu Məcəllənin 38.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada baxılır və viza rəsmiləşdirilərək, “ASAN Viza” sistemi vasitəsilə müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir və ya viza verilməsindən imtina edildikdə, bu barədə məlumat verilir.

38.8. Elektron viza pasporta yapışdırılmır və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır. Bu barədə məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə real vaxt rejimində “ASAN Viza” sisteminə ötürülür.

38.9. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda elektron viza verilməsi haqqında müraciət rədd edilir, verilmiş viza ləğv edilir və şəxs ölkəyə buraxılmır. Təkrar müraciətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.

38.10. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər.”.

Bu Qanunda nəzərdə tutulmuş “ASAN Viza” sistemi fəaliyyətə başlayanadək turistlərə turizm şirkətləri vasitəsilə elektron vizaların verilməsinin mövcud sistemi öz fəaliyyətini davam etdirir.

Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR