Avropa Birliyi (AB) Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib.
Bu barədə
Aktual.az-a Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətindən bildirilib.
Belə ki, Qərbi Azərbaycan İcması Avropa Birliyi Şurasının və Avropa Komissiyasının prezidentlərinə müraciət edərək, azərbaycanlıların zorla qovulduğu Ermənistandakı evlərinə qayıtmaq hüququnun təmin edilməsinə AB-nin müdaxiləsini xahiş etmişdi.
AB bu müraciətlərə rəsmi cavab verib. Cavabında AB bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu dəstəklədiyini birmənalı şəkildə təsdiq edir və bu məsələnin daha geniş sülh prosesi çərçivəsində əhəmiyyətini qeyd edir.
"Beynəlxalq aləmdə böyük çəkiyə malik olan Avropa Birliyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşmasında və regionda sülh və sabitliyin təşviqində mühüm rol oynayır.
Biz hesab edirik ki, AB-nin azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququnu dəstəkləməsi bu işə beynəlxalq dəstəyin gücləndirilməsində mühüm addımdır. Fikrimizcə, bu rəsmi cavab Ermənistandan qovulmuş azərbaycanlıların çətin vəziyyətinin həll edilməsinə olan təcili ehtiyacının beynəlxalq səviyyədə artan etirafını ifadə edir. Bu, həm də Qərbi Azərbaycan İcmasının bu aktual humanitar problemin ədalətli və davamlı həllinə nail olmaqda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.
Qərbi Azərbaycan İcması bu istiqamətdə AB ilə gələcək dialoq və praktiki əməkdaşlığı səbirsizliklə gözləyir. İcma azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək, beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq regionda barışıq, sabitlik və birgəyaşayışı təşviq etmək üçün AB ilə sıx əməkdaşlıq etməyə sadiq qalır", - icmadan bildirilib.
Xəbər 1229 dəfə oxunub.