500 manatdan 800 manatadək cərimə -Sürücülərə xəbərdarlıq

500 manatdan 800 manatadək cərimə   -Sürücülərə xəbərdarlıq

Qayda pozuntusu zamanı radarlara düşməsin deyə, müxtəlif vasitələrdən istifadə edən sürücülər bilməlidir ki, bununla onlar öz işlərini daha da çətinləşdirirlər.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Şöbə rəisi qeyd edib ki, payız-qış mövsümündə yağmurlu havalarda çirkli su, palçıq yaranır və belə havalarda metereoloji şərait yollarda hərəkətdə olan nəqliyyat vasitələrinin işini çətinləşdirir. Buna baxmayaraq, sürücülər yağmurlu havalarda avtomobillərdə həm ön, həm arxa dövlət qeydiyyat nişanlarının təmiz saxlanmasını, onların görünməsini də təmin etməlidirlər: "Yağmurlu havalarda dövlət qeydiyyat nişanının görünməməsi istismar qaydalarının pozulması hesab edilir, buna görə sürücülərin məsuliyyət daşıyırlar. Əgər yolboyu qeydiyyat nişanları çirklənib üstü örtülürsə, sürücü ara-sıra avtomobili saxlayıb, onu təmizləməlidir. Bəzən sürücülər özləri belə havalarda nömrələrin üstünü bir az çirkləndirirlər ki, qayda pozuntusu zamanı radarlara düşməsin. Amma onlar bilməlidirlər ki, bizdə radarların əksəriyyəti təkcə dövlət qeydiyyat nişanlarının rəqəm və hərflərinə görə oxumur, orada yerləşdirilmiş mikroçiplərin vasitəsilə də oxunur. Əksinə, nömrəni çirkləndirməklə, əlavə cərimə ödəməli olacaqlar.

İnzibati Xətalar Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, buna görə sürücülər 40 manat məbləğində cərimə edilir".

Bundan əlavə, K.Əliyev qeyd edib ki, özlərini çox ağıllı hesab edən bəzi sürücülər törətdikləri qayda pozuntularını ört basdır etmək və avtomobilin yollardakı radarlara düşməməsi üçün müxtəlif vasitələrdən istifadə edirlər. Lakin onlar anlamalıdırlar ki, bununla yalnız öz işlərini daha da çətinləşdirirlər. Çünki onların bu fəndləri gec-tez aşkar ediləcək, cəza isə heç də yüngül olmayacaq: "Belə ki, İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən istifadə edənlər inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet də müsadirə edilməklə 500 manatdan 800 manatadək miqdarda cərimə edilirlər".

Yol polisi sözüçüsü sürücüləri bir daha qayda-qanunlara əməl etməyə, özlərinin və ətrafındakı insanların həyatı üçün əlavə təhlükə yaratmamağa çağırıb.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR