Azərbaycanda bu il ekstremal az çəkili, yəni 1000 qramdan az çəki ilə doğulmuş 260 körpədən 97-ni xilas etmək mümkün olub.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, bunu nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nazirliyin kollegiya iclasında çıxış edərkən deyib.
G.Poladov diri doğulmanın beynəlxalq meyarlarının qəbul olunduğunu və 2015-ci il yanvarın 1-dən onların tətbiqinə başlanıldığını diqqətə çatdırıb.
Nazirlik rəsmisi qeyd edib ki, uşaqların icbari dispanserizasiyası proqramı çərçivəsində 2015-ci ildə uşaqların 92%-dən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilmiş uşaqların 6%-i sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1%-i isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.
G.Poladov deyib ki, respublikamızda həyata keçirilən bu tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib.
Əgər 2010-cu ildə respublikada körpə ölümü göstəricisi 11,2 promilli idisə, 2015-ci ildə beynəlxalq diri doğulma meyarları nəzərə alınmaqla bu rəqəm təxminən 11,0 promilli təşkil edir. Beləliklə, ana ölümü əmsalı hər 100 min diri doğulmaya qarşı 2014-cü illə müqayisədə 14,6-dan 13,8-ə enib.