Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri daxilində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.
Bu barədə Aktual.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bu çərçivədə, Agentlik ilə Nazirliyin Şimal Regional Mərkəzi birgə tədbir keçirib.
Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin rəis müavini Ruhid Hacəliyev maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin rəis müavini, həmçinin regional səviyyədə aidiyyəti qurumlar arasında əməkdaşlığın və qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev Agentliyin fəaliyyəti, qarşıda duran məsələlər və regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə nüvə və radioloji fəaliyyət, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, eləcə də belə hallarda idarəetmə mexanizmləri müzakirə olunub.
Tədbir zamanı Agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və iştirakçıların sualları ətraflı cavablandırılıb.
Xəbər 90 dəfə oxunub.