Acı Həqiqət - İsa Nəcəfovun siyasi puplisistik əsəri

Acı Həqiqət - İsa Nəcəfovun siyasi puplisistik əsəri

 

Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun "Acı həqiqət" siyasi-publisistik əsəri artıq çapa hazırlanır. Bu gündən etibarən əsərin bəzi hissələri "Aktual.az" və "Elçı.az"saytlarında dərc olunacaq. Ekskuliziv yayım hüququnu bizə verdiyi üçün İsa Nəcəfova xüsusi minnətdarlığımızı bildiririk.

 

 

 

Əvvəli: https://aktual.az/201909130842-aci-heqiqet-isa-necefovun-siyasi-puplisistik-eseri/ 

 

 

Ölüm ayrılmaz kölgəmizdir!!!

Polkovnik, siz əvvəlcə OMON-un şəhərdəki özbaşınalıqlarının qarşısını alın. Azğınlıq etməsinlər, cinayət törətməsinlər, qanunlara tabe olsunlar. Bu sizin xidməti vəzifənizdir. Qalan məsələlərə, xüsusilə, mənim işlərimə qarışmağa ixtiyarınız yoxdur. Sağ olun, – deyə Parlamentin sədr müavini Afiyəddin Cəlilov telefon dəstəyini əsəbiliklə yerinə qoydu.

Azərbaycan Respublikası ağır günlərini yaşayırdı. Ölkədə xaos tüğyan edirdi. Silahlı dəstələrə rəhbərlik edən bəzi vəzifə sahibləri özlərini hakim-mütləq kimi aparırdılar. İstədiklərini tutub dama basdırır, döydürür, vəzifələrə qoydurur və ya çıxarırdılar. Əmlaklarını, pullarını müxtəlif yollarla alırdılar. Xüsusilə, ayrı-ayrı iş adamlarının "iddialarını” güc hesabına həll edirdilər. Borclulardan qəsb olunan pulların böyük hissəsi onlara qalırdı. Hüquq mühafizə orqanları aşılanmaya məruz qalmış, insanlar qorxu və zillət içərisində idilər, ümüdlərini Prezident Heydər Əliyevə bağlamışdılar.

Dünyanın çarxı dönmüş, cəmiyyətdə mütləq tarazlıq pozulmuşdu. Ümumilikdə Dövlət aparatı köhnəlmiş arabanı xatırladırdı. Sürücüdən asılı olmayan səbəblər üzündən cır-cır cırıldayırdı. Buna baxmayaraq, çala-çuxur yollarla mənzilə doğru inamla irəliləyirdi. Prezident inanırdı ki, bu arabanın yenisi ilə əvəz edilməsinə müəyyən zaman lazımdır. Prezident isə mütləq buna nail olacaqdı.

Bir anlıq pəncərədən bayıra baxdı. Artıq qaranlıq düşmüşdü. Sonra saatına baxdı, ona işləyirdi. Daxili telefonun dəstəyini götürdü.

– Bəli, Afiyəddin müəllim! – sədr Rəsul Quliyevin yoğun səsi eşidildi.

– Salam, Rəsul müəllim! Axşamınız xeyir. Necəsiniz?

– Hər vaxtınız xeyir. Sağ olun, Afiyəddin müəllim. Siz necəsiniz? Səsinizdən əsəbləşdiyiniz hiss olunur. Nəsə olub?

– Sağ olun, Rəsul müəllim, yaxşıyam. Elə-belə bir nəfərlə kəskin danışığımız oldu. Inanıram bu da ötüb keçər.

– Afiyəddin müəllim, acılı-ağrılı anlar yaşayırıq. Süleyman peyğəmbər demişkən, bu da ötüb keçər.

– Rəsul müəllim, mənimlə işiniz yoxdursa, icazə verin gedim evə!

– Afiyəddin müəllim, gedə bilərsiniz, bir işim yoxdur. Gecəniz xeyrə qalsın.

– Xeyrə qarşı. Sağ olun. Səhər görüşənədək.

– Afiyəddin müəllim, ehtiyatlı olun.

– Oldu, Rəsul müəllim, evə gedirəm.

Telefon dəstəkləri yerinə qoyuldu.

Qəzavü-qədər... Görəsən, insanlar gündəlik həyatlarında, evdən çıxıb işə gedəndə və ya işdən çıxıb evə qayıdanda, ya da bir məclisdə yeyib-içəndə bu qəzavü-qədər haqqında düşünürlərmi? Görəsən, dostlar mübahisə edəndə, sevgililər küsüşəndə qəzavü-qədər haqqında düşünürlərmi? Görəsən, ana balasına son dəfə süd verib ayrılanda qəzavü-qədərin bu ayrılığın əbədi olacağı səbəbini dərk edirmi? Görəsən, bəşər övladı kiminsə səsinin eşitdiyi son səs olacağını düşünürmü? Bəs, qəlbi ehtizaza gətirən musiqi necə, bu səsi bir də sabah eşitmək ona qismət olacaqmı? Bəs, Günəşi görmək, ilk bahar çiçəklərinin ətrini duymaq, sayrışan ulduzları görmək, sevgilisinin təbəssümünün şirinliyini dadmaq, ətrini hiss etmək, doğma balasını ağuşuna almaq son dəfə ona qismət olacaqmı?

Bəlkə də müdriklər ona görə söyləmişlər ki, hər gününü, hər anını son günün kimi yaşa. Peyğəmbərimiz Məhəmməd (ə.s.ə.v.) bəlkə də ona görə deyib ki: "Gündə 20 dəfə ölüm haqqında düşünən şəxs cənnətə düşəcəkdir.”

Çünki ölümün yaxında olduğunu bilmək olar, ancaq ondan qorxmamaq gərəkdir. Ölüm qorxusu zaman-zaman insanları kişilikdən, cəsarətdən, qəhrəmanlıqdan, dəyanətdən məhrum edərək miskin bir qula çevirir. Yaşamaq eşqi şərəf və ləyaqəti məhv edərək şəxsiyyəti simasızlaşdırır.

1993-cü ildə Parlamentinin iclaslarının birində iclasın gedişindən narazı qalan Baş nazir Surət Hüseynov hiddətləndi. Üzünü deputatlara tutub dedi:

–Mən gərək sizlərin bir qismini Azadlıq meydanında dar ağacından asdıraydım.

Bu an Parlament "qurbağa gölünə atılan daş”ın yaratdığı vəziyyəti andırdı. Deputatlardan heç kəs cürət edib, Surətin bu hegemonluğuna, fironluğuna qarşı çıxıb cavab vermədi. Ona görə ki, şirin canlarını daha üstün tutdular.

Afiyəddin Cəlilov kreslosundan durmadan selektorun düyməsini basıb köməkçisinə dedi:

– Mayıla deyin, maşını hazırlasın, aşağı düşürəm.

Sonra ayağa qalxıb qapıya sarı getdi. O, sonuncu dəfə iş otağını tərk edirdi, bir daha bura qayıtmayacaqdı. O, sonuncu dəfə köməkçisinə:"Gecəniz xeyrə qalsın, qapını bağlayıb möhürləyin, evinizə gedin”, – dedi. Sonuncu dəfə tanış pillələri enib, xidməti avtomobilinə mindi. Sonuncu dəfə Milli Məclisin binasını və həyətini tərk etdi.

Həqiqətən, nəyin başlanğıcı varsa, onun sonu da var. Bu iki anlayış – başlamaq və sona çatdırmaq – həyatımız və ömrümüzlə qırılmaz tellərlə bağlıdır.

– Mayıl, axşamın xeyir, – o, avtomaşının arxa sağ oturacağına oturub salamlaşdı, – sür evə.

Hava həmişəki kimi yenə küləkli idi. Bir neçə dəqiqə sonra avtomobil Prezident aparatının qarşısından aşağı endi. Afiyəddin Cəlilov Ağ evin beşinci mərtəbəsinə baxdı. Prezident beşinci mərtəbədə otururdu. Onun kabinetinin pəncərələrindən işıq gəlmirdi. İndi o, çox-çox uzaqlardaydı. Azərbaycanın xoş gələcəyi üçün Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasında çıxış etməli idi. Vacib görüşlər keçirirdi. Xüsusilə, ABŞ-ın prezidenti Bill Klinton ilə görüşü mühüm əhəmiyyət kəsb edəcəkdi. Ürəyində: "O, sanki özünə qəsd edir, yorulmaq bilmir” dedi. Bu onun sonuncu dəfə Prezidentin fəaliyyəti haqqında düşüncələri idi.

Maşın yoldan sağ tərəfə buruldu, iki binanın arasından keçib, sola döndü, birinci blokun girəcəyinə yaxın dayandı. Girəcəkdə işıq yanmırdı.

– Afiyəddin müəllim, uşaqlar yenə də girişdəki elektrik lampasını sındırıblar. Siz bircə dəqiqə gözləyin, mən maşının işıqlarını girəcəyə salım ki, siz düşüb evə gedə biləsiniz , – dedi.

– Yaxşı.

Mayıl dərhal maşının işığını binanın girəcəyə saldı.

"Gecən xeyrə qalsın”, – deyə Cəlilov "Mersedes”in qapısını açıb düşdü və qapısını örtdü. Bu onun sonuncu dəfə xidməti avtomobilinin qapısını örtməsi oldu və sonuncu dəfə yaşadığı binanın girəcəyinə daxil oldu. Lakin o, bunların sonuncu olduğunu, ömrünün son dəqiqəsi və son anları olduğunu bilmirdi. Acı və şirin duyğular hərarətli qəlbində yaşamaqda idi.

O, mənzilinə çatmaq üçün pilləkənlə yuxarı qalxdı. Lakin bu onun sonuncu gəlişi idi. Sağ ayağını sonuncu pilləyə qoydu və liftin düyməsini basmaq üçün sola döndü. Düyməni basdı, qapı açıldı. Lakin içəri daxil ola bilmədi. "Geri dönün” komandasını eşitdi. Liftdən düşən işıqda avtomat lüləsinin ona tərəf tuşlandığını gördü. Avtomat bəstəboylu, əynində plaş materialından idman forması geymiş 28-30 yaşlı bir gəncin əlindəydi. Onun arxasında isə eyni idman forması geyinmiş, lakin boyu bir qədər hündür olan əli avtomatlı bir gənc dayanmışdı.

Afiyəddin Cəlilov sol çiyni üstə geri döndü. Boğuq səs eşidildi. Boynunun ardından aldığı atəş zərbəsi onu irəli atdı, bir anda gözləri qaraldı, arxa divara qırmızı qan damlaları çiləndi . O, yerə yıxıldı və heç nə deyə bilmədi.

Maşının yanında dayanan Mayıl Cəlilovun yıxıldığını görüb içəri yüyürdü. Pilləkənin başına çatanda maskalı, əli avtomatlı bir nəfəri gördü, məsələnin mahiyyətini dərk etdi, cəld geri dönüb bayıra qaçdı. Lakin arxadan atılan güllədən canını qurtara bilmədi, üzü üstə yerə yıxıldı. Bu onun son qaçışı, son dəfə qorxu duyğusu oldu. Bir neçə dəqiqədən sonra artıq heç bir ağrı hiss etmirdi. Onun üçün bu həyatın labüd qayğıları, əzab-əziyyətləri, nigarançılıqları sona çatmışdı. Elə Afiyəddin Cəlilovun da...

Girəcəkdən bir-birinin arxasınca idman kostyumunda və birinin əlində idman çantası olan iki nəfər çıxdı. Onlar sağa buruldular. Sürətli addımlarla qonşu binanın arxasına doğru irəlilədilər.Səməd Vurğun bağının yanında üçüncü şəxs onlara yanaşdı. Bəstəboy gənc dedi:

– Fikrət, komandirə de ki, tapşırıq yerinə yetirildi Afiyəddin Cəlilovu və sürücüsünü də qətlə yetirdik.

Sonra onlar idman çantasını VAZ-2108 markalı avtomobilin baqajına yerləşdirdilər. Dəmiryolu vağzalının yanındakı küçədə UAZ markalı avtomaşına minib getdilər.

Səhərisi gün bəstəboy gənc dünən gecə görüşdüyü şəxslə VAZ-2108 markalı avtomobilin yanında peyda oldu. Hər ikisi maşına oturub, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsindəki 23-cü binanın həyətinə gəldilər və avtomobili orada saxladılar. Maşını idarə edən gənc yük yerindən idman çantasını götürdü. Qapıları bağladıqdan sonra çıxıb getdilər.

 

Qorxaqlar

02 oktyabr 1994-cü ildə Mahir Cavadovun başçılıq etdiyi Xüsusi Təyinatlı Polisin bir qrup dəstəsi Respublika Prokurorluğuna silahlı basqın etdi. "Gecə yarısı qətl” kitabında baş verən hadisələri ətraflı təsvir etmişik.

 

03 oktyabr 1994-cü il. Nəsimi rayon Polis idarəsinin 20-ci bölməsindəki növbətçi otağında zəng çalındı. Səhər iş vaxtı yenicə başlanmışdı. Növbətçi zabit dəstəyi götürdü.

– Eşidirəm, – dedi.

– Yoldaş növbətçi, mən Topçubaşov küçəsindəki 23 nömrəli binada yaşayıram. 4-5 gündür ki, bizim həyətdə qara rəngli VAZ-2108 markalı P-25-28 AZ nömrəli bir maşın dayanır. Sahibi bəlli deyil. Onu mənim maşınımın yerində saxlayıblar. Maşının içində silah və hərbi sursat var. Pəncərəsindən görmək olur. Xahiş edirəm, bir tədbir görəsiniz.

– Aydındır, məlumatınız qəbul olundu. Adınızı və soyadınızı, ünvanınızı deyin. Dərhal tədbir görərik.

Növbətçi dəstəyi yerinə qoyub, bölmə rəisi Dəmirovun birbaşa telefonunun dəstəyini götürdü. Ikinci çağırış zəngində Dəmirov selektorun düyməsini basıb:

– Eşidirəm, – dedi.

– Cənab rəis, indi məlumat aldım ki, Topçubaşov küçəsindəki 23-cü yaşayış binasının həyətində sahibsiz bir 2108 markalı avtomobil var, içərisində də silah və sursat.

– Yaxşı, indi ora əməliyyat işçilərini göndərərəm.

On dəqiqə keçməmiş əməliyyat işçiləri artıq avtomobilin yanında idilər. Qara rəngli 2108 markalı "Jiquli”nin içərisində, arxa oturacağın üstündə tank əleyhinə RPQ-7 markalı qumbaraatan, qumbaralar və digər hərbi sursatları pəncərədən görmək olurdu.

Sakinlərlə ilk sorğu-sual bir nəticə vermədi, avtomobilin sahibini müəyyən etmək mümkün olmadı. Polis işçiləri avtomobili polis bölməsinə aparmağı qərara aldılar. Yarım saatdan sonra polis şöbəsində avtomobilə baxış keçirildi.

Polis bölməsinin əməliyyat müvəkkili İsmayılov və avtomobilə baxışda iştirak edənlər tərəfindən protokol imzalandı. Protokol avtomobildə bir ədəd RPQ-7 markalı qumbaraatanın, iki ədəd qumbaranın, iki ədəd 7.62 mm kalibrli avtomat qundağının, bir ədəd içərisində 23 ədəd 7.62 mm kalibrli patron olan sandıqcanın, bir ədəd maskanın, bir ədəd əsgər üçün yay papağının, polietilendən hazırlanmış uzun hərbi geyim, bir ədəd plaş-örtüyün, iki ədəd biri Baş Polis İdarəsinin, digəri isə Dövlət Avtomobil Müfəttişliyinin kanalında tənzimlənən ratsiyanın, bir ədəd AKM avtomat silahının lüləsinin uc hissəsinə keçirilmiş kompensatorun, bir ədəd başlıqlı gödəkcənin, bir tay əlcəyin və bir cüt ağ idman ayaqqabısının olduğunu təsdiqləyirdi.

Dövlət Yol Polisinə göndərilən sorğunun cavabından məlum oldu ki, bu avtomobil heç bir yerdə qeydiyyatdan keçməyib. Avtomobilin nömrəsi isə Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Əliyev Vüqar Xanağa oğluna məxsus olan VAZ markalı avtomobilə məxsusdur.

Ə.İsmayılov eyni zamanda növbətçi otağındakı "Hadisələr kitabı”nda da müvafiq qeydlər apardı. (324 saylı qeydiyyat). Şöbə rəisi Dəmirov Daxili işlər nazirliyinin müvafiq təlimatına əsasən bu faktlar barədə Bakı şəhər Baş Polis İdarəsinə, Nəsimi rayon Polis idarəsinə və Nəsimi rayon prokurorluğuna məlumat verilməsi barədə məktub hazırlanmasına göstəriş verdi. 10-15 dəqiqə sonra məlumatlar qeyd edilən ünvanlara çatdırıldı.

Lakin Xüsusi Təyinatlı Polis dəstəsinin Prokurorluğa basqını Topçubaşov küçəsində 23 nömrəli binanın qarşısındakı 2108 "Jiquli” markalı avtomobili vaxtında götürməyə imkan vermədi.

Oktyabrın 3-də axşamçağı "bəstəboy” ləqəbli gənc avtomobili həyətdən götürmək tapşırığını aldı. Digər tərəfdən, avtomobil ona hava-su kimi lazım idi. O, Xüsusi Təyinatlı polis dəstəsinin bazasından evinə gedib gəlmək üçün nəqliyyat vasitəsi tapa bilmirdi.

Hava qaralanda o artıq həyətdəydi. Lakin "Jiquli”ni yerində görmədi. Yaxınlıqda bir neçə yeniyetmə söhbət edirdi. Bəstəboy gənc onlara yaxınlaşdı. Onun zahirii görünüşü, xüsusilə də, burnu və kobud əlləri, eləcə də, çiynindən azacıq yuxarısı, başını boksçusayağı vurdurması və bir də baxışları idmançı olmasına dəlalət edirdi.

– Uşaqlar, mən qara rəngli 2108 "Jiquli”mi burda saxlamışdım. Indi isə yerində yoxdur. Bilmirsiniz onu burdan kim aparıb?

Uşaqlardan biri dilləndi:

– Əmi, dünən polislər bura tökülüşmüşdülər. Onlar maşını apardılar şöbəyə.

Bəstəboy gənc bir söz demədən geriyə döndü və onu binadan bir qədər aralıda gözləyən UAZ-a tərəf addımladı. Maşına oturar-oturmaz dedi:

– Maşını dünən polis bölməsinə aparıblar. Sür gedək bazaya.

O, bazada Fikrəti axtardı. Onu komandirin oturduğu ikinci mərtəbədə tapdı. Fikrət Makedon ləqəbli OMON-çu ilə söhbət edirdi. Dərhal ona:

– Maşını polis bölməsinə aparıblar, – dedi.

– Hardan bilirsən? – deyə Fikrət soruşdu.

– Getmişdim götürməyə, yerində yox idi. Həyətdəki uşaqlardan soruşdum. Axı, bu uşaqlar çox şey bilirlər. Dedilər ki, polislər gəlmişdilər, onlar götürüb apardılar. Indi nə edək? Bəlkə komandirə deyək?

– Yox, çalışaq özümüz götürək, əgər mümkün olmasa onda deyərik. Makedon, bəlkə sən uşaqları da götürüb, Dəyanətlə gedib bölmədən maşını götürəsiniz?! Deyərsiniz ki, bu avtomaşın OMON-undur. Onlar qorxaq şeydilər, dərhal verəcəklər.

– Hə, nə olar, gedərəm. Ancaq məsələ qəlizləşə də bilər, – Makedon dedi.

– Onda səhər gedin, – deyə Fikrət məsləhət gördü.

Səhəri gün Dəyanət, Makedon və üç nəfər OMON-çu Makedonun 2106-"Jiquli”sində 20-ci polis bölməsinə gəldilər. Üç nəfər OMON-çu Makedonun məsləhətinə görə maşında qaldı. Dəyanət Makedonla bölməyə daxil olub, növbətçidən rəisin bölmədə olub-olmadığını soruşdu. Növbətçi bildirdi ki, bölmə rəisinin müavini yerindədir.

Makedon qabaqda, o isə arxada ikinci mərtəbəyə qalxdılar. Nəhayət, qapıların üzərindəki yazıları oxumaqla rəis müavinin kabinetini tapdılar.

Makedon qapını döydü.

– Buyurun, – deyə içəridən səs eşidildi.

Makedon qabaqda, Dəyanət isə onun arxasınca kabi- netə keçdilər. Hər ikisi birdən:

– Salam Aleyküm ,– dedilər.

– Salam, buyurun əyləşin.

– Sağ olun, rəis. Biz OMON-un əməkdaşlarıyıq, dünən gətirdiyiniz qara 2108 markalı "Jiquli” maşınını aparmağa gəlmişik. Maşın OMON-a məxsusdur.

– Bunu ancaq rəis edə bilər, o indi yerində yoxdur. Gözləyin gəlsin, icazə versə apararsınız.

– Sağ olun, – deyib Makedonla Dəyanət otaqdan çıxdılar. Növbətçiyə tapşırdılar ki, 2108 "Jiquli” markalı maşını polis içşıləri əziblər, iki saata düzəldin, gəlib aparacağıq.

Lakin Makedon və Dəyanət rəisi gözləmədən çıxdılar. Artıq onu bayırda gözləyən silahdaşları ilə "Jiquli”yə oturub, 8-ci kilometr qəsəbəsindəki OMON-un bazasına qayıtdılar.

Fikrət onları gözləyirdi.

–2108-i götürə bilmədik. Maşın əzik-əzikdir. Nömrələrini götürdük. Içindəki silah və sursatları da götürüblər, – dedi, – vəziyyət o qədər də yaxşı deyil.

Fikrət qara "Jiquli”dən götürülənlərin istintaq üçün əhəmiyyətini dərk edirdi. Bu hadisənin Rövşənlə Mahiri hiddət ləndirəcəyini bilirdi, lakin gecikmək də olmazdı, tədbir görülməli, silahlar maşınla birlikdə geri alınmalı idi.

– Yaxşı, mən Rövşənlə danışaram. Siz isə buralarda olun, – deyib Fikrət ikinci mərtəbəyə qalxdı.

Qəbul otağında növbətçidən Rövşənin yanında kimin olduğunu soruşdu.

Növbətçi dedi:

– Kənan Gürel içəridədir. Bir saat olar ordadır, çıxmaq bilmir. Bu türk deyəsən Rövşən müəllimin qılığına çox girib. Onu yanından heç yana buraxmır.

– Sən dəstəyi qaldır və bildir ki, mən təcili onunla görüşmək istəyirəm.

– Baş üstə, rəis, – deyə növbətçi OMON-çu hırıldadı.

Telefonun dəstəyini qaldırdı.

– Eşidirəm, – kəlməsini eşidən növbətçi:

– Cin Fikrət sizi görmək istəyir.

Rəis dedi:

– Yaxşı, Kənan bəy çıxandan sonra gələr.

On dəqiqə keçməmiş qapı açıldı və astanada Kənan, onun arxasınca Rövşən Cavadov göründü. Onlar sağollaşıb ayrıldılar. Cavadov geri döndü.

Birbaşa telefonun zəngi çalındı. Növbətçi dəstəyi götürdü:

– Bəli, cənab polkovnik? Baş üstə.

– Cin, buyur içəri.

Fikrət cəld özünün üst-başını düzəldib içəri keçdi. Qapını arxasınca bərk örtdü.

– Cənab polkovnik, bilirsiniz, Afiyəddin Cəlilovla bağlı əməliyyata gedənlər bəzi şeyləri Dəyanətin maşınında qoyublar qalıb. Dünən maşını 20-ci polis bölməsinə aparıblar. Maşında olanları da götürüblər. İstintaqın əlinə keçsə batdıq. Bu gün Makedonla Dəyanəti göndərdim bölməyə ki, götürsünlər, amma ala bilməyiblər.

– Cin, sənin başın xarab olub, onlar qanmazdılar, bəs sənə nə olub? Bilmirsən ki, çox qısa müddətə o cinayəti açmaq olar. 2108 və onun içindən götürülənlər əsas sübutlardır və bu da cinayət işinin açılması üçün kifayətdir.

Rövşən selektorun düyməsini basdı:

– Tez Elçini tap, gəlsin yanıma, – dedi. – Makedon kimin yanında olub?

– Rəis müavininin. Deyib ki, maşın OMON-undur. Müavin də bildirib ki, bölmə rəisi yerində yoxdur. Maşını yalnız o qaytara bilər.

– Polis onu nə vaxt aşkar edib?

– Ayın 3-də. Bilirsiniz, cənab polkovnik, bu günlərdə baş verən hadisələr bizim başımızı lap qatıb, vaxt eləyə bilməmişik. Uşaqlarda günah yoxdur.

– Yaxşı, çıx bayırda gözlə, Elçin gələnə kimi.

10-15 dəqiqə sonra Elçin (Qazax OMON-nun bölük komandiri) Rövşən Cavadovun qəbul otağına daxil oldu. Cin Fikrət:

– Hardasan, Rövşən müəllim bizi gözləyir.

Elçin bir söz demədən kabinetin qapısına tərəf yeridi və qapını döymədən açdı. Ardınca Cin Fikrət içəri keçdi.

– Rövşən müəllim, məni axtarıbsınız?

Rövşən sənədlərdən gözünü çəkib Elçinə baxdı. Orta boylu, daim hərbi geyimdə gəzən, xüsusi azğınlığı və qəddarlığı ilə digər OMON-çulardan fərqlənən bu şəxs çox hallarda onun dadına çatırdı. İndi də belə bir vəziyyətdən yalnız onun vasitəsilə qurtaracağına əmin idi. Rövşən Cavadov:

– Elçin, gəl əyləş. Fikrət, sən isə çöldə gözlə.

– Baş üstə, komandir, – Fikrət kabineti tərk etdi.

Qapı örtüldükdən sonra Rövşən sözə başladı:

– Elçin, sən çox maymaqlıq edibsən. Afiyəddin Cəlilovu qətlə yetirəndən sonra maddi sübutları gizlətmək və ya məhv etmək əvəzinə, onları küçədə atıb getmisiniz. Başınız işləmir? Axı, onlar birinci dəfə deyil ki, belə əməliyyat aparırlar. Onlara inandım ki, hər bir hərəkəti lazımi qaydada icra edəcəklər. Doğurdan da, sarsaqmışlar. Əməliyyatda istifadə edilən avtomobili küçədə atıb gediblər.

– Rövşən müəllim, siz heç narahat olmayın. Bu saat OMON-çuları götürüb gedərəm bölməyə və avtomaşını da, onun içində olanları da alıb gətirərəm.

– Yox, sən tələsmə. Səni tanıyıram, elə hay-küy salarsan ki, sonra altından çıxa bilmərik. Indi isə məni eşit. Unutma ki, bölmə rəisi Aslan Dəmirov Əfqan müharibəsi iştirakçısıdır. Səndən çox qanlı döyüşlərdən sağ-salamat çıxıb, cəsarətli adamdır. Ondan ehtiyatlı olmaq lazımdır. Nəsimi rayon polis idarəsinin rəisi Əfəndiyev isə qorxağın biridir. O, müqavimət göstərməyəcək. Sən ona qarşı sərt ol, dərhal tələblərinizi yerinə yetirəcək. Ancaq əvvəlcə bir-iki nəfər ora göndər, xəbərdarlıq eləsinlər. Əvvəlcədən götürəcəyiniz avtomaşını, hərbi sursatları hazır etsinlər, sonra siz gedərsiniz. Qoy deməsinlər ki, quldurluq edirsiniz. Səhər tezdən əməliyyata başlayın.

– Baş üstə, komandir, – deyib Elçin yerindən qalxdı. – Bir otuz nəfər götürərəm. Mənim təcrübəm var. Elə edəcəyəm ki, bölmədən heç kim bayıra çıxa bilməsin, hamısını əsir götürəcəyəm. Özləri isə tələbimizi həvəslə yerinə yetirəcəklər.

– Sənə uğurlar, gedə bilərsən, – Rövşən dedi.

Elçin kabineti tərk edib, komandasının yerləşdiyi – müvəqqəti məskunlaşdığı korpusa gəldi. Növbətçiyə taqım komandirinin müavini Makedonu tapmağı tapşırdı. Makedonu idman zalında tapdı və Elçinin onu axtardığını dedi.

Səhər saat 9-a qalmış 20-ci polis bölməsinin əməkdaşlarının əksəriyyəti iş yerində idi.

Bir neçə hərbi geyimli OMON-çu bölmənin həyətinə daxil oldu. Növbətçinin yanından ötüb birbaşa bölmə rəisinin kabinetinə yanaşdılar. Növbətçi bir söz deyə bilmədi. Makedon qapını itələdi, amma açılmadı. Qonşu otaqda kimsə telefonla danışırdı. Makedon qapıdakı lövhədən bildi ki, bu otaqda rəis müavini Azər İbrahimov oturur. Zərblə qapını vurub açdı, salamsız-kəlamsız içəri keçdi. Arxada gələn OMON-çu isə əlində avtomat qapının girişində dayandı. Hikkəli hökmlə, salam vermədən rus hərbiçisinə xas olan qaydada İbrahimova özünü təqdim etdi.

– Mən OMON-un taqım komandirinin müaviniyəm. Sizə 30-40 dəqiqə vaxt veririk. Bu müddət ərzində həyətdə duran qara 2108 "Jiquli”ni və onun salonundan götürdüyünüz qumbaraatanı qumbaralarla birlikdə, ratsiyaları və digər şeyləri qaytarıb yerinə qoymaqla aparmaq üçün hazır edərsiniz. Yoxsa buranı başınıza uçuracağıq.

İbrahimov soyuqqanlıqla Makedona yer göstərdi. Lakin Makedon ona məhəl qoymadan çönüb getdi. Azər İbrahimov onun arxasınca çıxsa da, artıq Makedon "Jiquli”yə oturub bölmənin həyətini tərk etmişdi.

Tezliklə bölmə rəisi Aslan Dəmirov gəldi və öz otağına keçdi. Azər İbrahimov hadisəni rəisə məruzə etdi. Onu dinlədikdən sonra, Dəmirov telefonu götürdü. Nəsimi rayon polis idarəsi rəisinin nömrəsini yığdı. Dəstəkdən Əfəndiyevin səsi gəldi:

– Eşidirəm.

– Rəis, danışan Aslan Dəmirovdur. Beş-on dəqiqə bundan əvvəl OMON-dan gəlmişdilər. Tələbləri bu idi ki, qara 2108-i və onun salonundan götürdüyümüz əşyaları onlara təhvil verək.

– Dəmirov, narahat olma. Mən polis idarəsinin rəhbər heyyəti ilə ora gəlirəm.

– Gözləyirəm sizi, cənab polkovnik.

Çox keçmədən Natiq Əfəndiyev dediyi adamlarla birlikdə 20-ci polis bölməsinə daxil oldu. Növbətçinin məruzəsini dinləyib, bölmə rəisi Aslan Dəmirovun müşayiəti ilə onun iş otağına daxil oldular. Keçib iş stolunun arxasında əyləşdi. Onu müşayiət edənlər isə divar boyu yan tərəfdə cərgə ilə qoyulmuş stullarda oturdular. Sonra üzünü zabitlərə tutub dedi:

– Siz son günlər necə gərgin yaşadığımızı bilirsiniz. Vəziyyət çox ağırdır. Özünüz də görürsünüz ki, OMON-un bazası hərbçilər tərəfindən mühasirəyə alınsa da, onlar çox sərbəst hərəkət edirlər. Silahla bazanı tərk edir, hərbçilərin postunu asanlıqla keçir, istədikləri azğınlığı törədirlər. Görünür, Milli Orduda kimlərisə də var. Xahiş edirəm, provakatorların hərəkətlərinə cavab verməyin. Soyuqqanlı olun. Deyəcəyim bu qədər. Indi isə Dəmirov, 2108 "Jiquli”dən götürülən silahlardan birini gətir baxaq.

– Baş üstə, rəis, – Dəmirov qumbaraatanı gətirdi.

Əfəndiyev silahı alıb baxmağa başladı.

Əfəndiyevin polis bölməsinə gəlməsindən bir neçə dəqiqə keçməmişdi ki, iki istiqamətdən hərbi geyimli, əlisilahlı, kəmərlərindən əl qumbaraları asılmış 30 nəfərə yaxın OMON əməkdaşı ora hücum etdi. Öndə qrupun rəhbəri Elçin Əmiraslanov gəlirdi. O, növbətçi otağının yanında dayandı. Yanındakına: "Sən üç nəfərlə 2108 "Jiquli”ni ərazidən çıxardıb, yedəklə OMON-un bazasına apararsan”, – dedi. Digər əməkdaşa isə: "Silah otağından bizim silah-sursatlarımızı götürün”, – deyib bölmə rəisinin kabinetinə tərəf addımladı.

Dəmirovun kabinetində oturanlar hərbçi çəkmələrinin tappıltısını eşitdilər. Kabinetin qapısı şaqqıltı ilə açıldı. Hərbi geyimli 20-25 yaşlarında bir qrup silahlı OMON-çu içəri daxil oldu. Balacaboylunun əlində Makarov tipli tapanca, qalanlarında isə Kalaşnikov avtomatı vardı. OMON-çulardan biri qapının astanasında dayandı. Ayaqlarını çiyinləri bərabərində aralı qoyub, silahı atəş vəziyyətinə gətirərək hazır saxladı. Başqa birisi, əlində avtomat istirahət otağına açılan qapının qarşısında qərar tutdu. O da silahı atəş vəziyyətində hazır tutmuşdu.

Balacaboy hərbçi Qazax OMON-un bölük komandiri, "Parabeyin” ləqəbli Elçin Əmiraslanov idi. Çünki onun baş nayihəsinin qafa hissəsində bir qisim sümük "çatışmırdı”, onu qəlpə aparmışdı.

Elçin qışqırıb, polis zabitlərinə komanda verdi:

– Üzünüzü divara çevirin.

Hövlanak yerindən qalxan polis zabitləri əsir düşmüş məzlumlar kimi əmrə tabe olaraq üzlərini divara çevirdilər.

"Parabeyin” "əsirlərin ünvanına ağır söyüşlər deyərək onları təhqir etdi. Sonra Əfəndiyevin qulağından yapışaraq üzünü özünə tərəf çevirdi. Tapancasını qaldırıb Natiq Əfəndiyevə tuşladı. Əfəndiyev:

– Öldürmək istəyirsənsə buyur öldür, ancaq təhqirə keçmə, – dedi.

Zabitlərdən biri yerindən qalxıb Elçinə yaxınlaşdı və onu qucaqlayıb kənara çəkmək istədi. Tapançadan açılan atəşdən güllə döşəməyə dəydi. Elçin onu da söydü, amma öldürməkdən vaz keçdi, Əfəndiyevi bir daha söyüb üzünə bir-iki şillə çəkdi. Polis idarəsinin rəisi cınqırını da çıxarmadı. Zabitlər əsirlər kimi qaliblərin qarşısında müti vəziyyətdə dayanmışdılar.

Bir azdan qapıdan boylanan OMON-çu qışqırdı:

– Elçin, 2108"Jiquli”ni bazaya yola saldıq.

– Yaxşı, gəlirəm, – deyərək polislərə nəzər yetirdi, bir daha onları ağır söyüşlərlə təhqir etdi və sonra qumbaraatanın götürülməsinə göstəriş verərək kabineti tərk etdi. Bölmənin silah otağında saxlanılan əşyalarını alıb, OMON-un bazasına qayıtdılar.

Bir dəqiqə ərzində OMON-çular bölmədən çıxıb getdilər. Lakin şərəf və ləyaqətlərinin alçaldılması, təhqir olunmaları zabitlərin qəlbində ağır yaralar açdı, yaddaşlarında isə silinməz acı xatirələr qaldı.

OMON isə öz fəaliyyət tarixinə yeni bir qara səhifə yazdı, cinayət siyahısının düzüm sırasını bir qədər də artırdı. Necə deyərlər: "İslanmışın yağışdan nə qorxusu”.

Bu ağır cinayət hadisəsinə nə Nəsimi rayon prokurorluğu, nə Bakı şəhər prokurorluğu, nə də ki Respublika prokurorluğu heç bir reaksiya vermədi. Sanki bu ağır cinayət çox uzaqlarda, Azərbaycan Respublikasının qanunlarının işləmədiyi bir məkanda baş vermişdi, gözlər kor, qulaqlar kar olmuşdu.

Dərhal 20-ci polis bölməsinin rəisi Aslan Dəmirov rayon prokuroru Yusif İldırımzadəyə telefonla hadisə barədə məlumat verdi, hətta yazılı müraciət etdi, lakin bir tədbir görülmədi. Nəyə? OMON-un qorxusundanmı! Bütün bunlar ən azı Cavadov qardaşlarının qarşısında pis adam olmamaqdan ötrü atılmış addımlar idi.

Hamı da qorxu içində susurdu, səlahiyyət sahibləri olanlar da, olmayanlar da. Kriminogen vəziyyətlərə nəzarət edənlər də, cinayətkarlığa qarşı mübarizə aparanlar vəzifə sahibləri də. Yalnız bir şəxsdən başqa, hansı ki, hamı ümidini ona bağlamışdı.

Xəbər 15361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR