Acı Həqiqət - İsa Nəcəfovun siyasi puplisistik əsəri

Acı Həqiqət - İsa Nəcəfovun siyasi puplisistik əsəri

əvvəli: https://aktual.az/201909051047-aci-heqiqet-isa-necefovun-siyasi-puplisistik-eseri/ 

 

 

Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun "Acı həqiqət" siyasi-publisistik əsəri artıq çapa hazırlanır. Bu gündən etibarən əsərin bəzi hissələri "Aktual.az" və "Elçı.az"saytlarında dərc olunacaq. Ekskuliziv yayım hüququnu bizə verdiyi üçün İsa Nəcəfova xüsusi minnətdarlığımızı bildiririk.

 

 

Gözlənilməz tapıntı

 

Sumqayıt şəhər polis idarəsinin rəisi, polis polkovniki Ənvər Quliyev nahardan yenicə qayıdıb, masasının üstündə qovluqdakı əməliyyat sənədlərini bir-bir götürüb öyrənir və künclərinə müvafiq dərkənarlar qoyurdu.

Daxili telefon çalındı, o, selektora baxdı. Zəng edən müavini Tahir Ağayev idi. Selektorun düyməsini basdı, Tahir Ağayevin həyəcanlı gur səsi eşidildi:

 – Ənvər müəllim, çox mühüm məlumat var. Vaxtınız varsa, gəlim sizə məruzə edim.

O yalnız bircə kəlmə:

–   Gəlin, – dedi.

Sumqayıt şəhəri də, Azərbaycanın bir çox bölgələri kimi çox ağır, həyəcanlı anlar yaşayırdı. Qanunsuz silahlı dəstələrin  əl-ayağını hələ tam yığışdırmaq mümkün olmamışdı. Törədilmiş ağır cinayətlərin çoxusu bağlı olaraq qalmaqda idi. 

Tahir Ağayev qapını arxasınca örtər-örtməz sözə başladı:

 – Rəis, indicə qəbul etdiyim bir nəfər mənə məlumat verdi ki, Dəyanət Kərimov adlı bir şəxs Ayaz Mütəllimovun bir maşın silahını Corat qəbirstanlığında basdıraraq gizlədib. Dəyanət "qanunsuz silah gəzdirdiyinə görə” Milli Təhlükəsizlik nazirliyinin əməkdaşları tərəfindən tutulub. Cinayət işinin istintaqı prokurorluqda aparılıb. Indi o, cəzaçəkmə müəssisəsindədir.

Pokovnik  Tahir Ağayevə oturmağı təklif etdi:

 –  Ağayev, indi isə tələsmədən bir də deyin görüm nə baş verib?!

Tahir Ağayev dediklərini bir də təkrar etdi:

 – Rəis, məlumatı verən şəxs etibarlı adamdır. Indiyədək onun verdiyi məlumatların hamısı düz çıxıb. Hətta dedi ki, silah basdırılan əraziyə kərpiclərlə işarə qoyulub.

– Məlumatı rəsmiləşdirib, mənə təqdim edin.

Günün axırında polkovnik Ənvər Quliyev yenidən Tahir Ağayevi kabinetinə dəvət etdi.

– Tahir müəllim, mən bu məlumatı dönə-dönə oxumuşam. Onun doğru olduğuna inana bilmirəm. Ona görə, istəyirəm ki, məni məlumatı verən şəxslə görüşdürəsən.

– Rəis, görüşə mən də razıyam. Lakin mənə vaxt verin onunla danışım. Insandır də, birdən nəyisə bəhanə edib, görüşməkdən imtina edər. Rəis, əgər bu şəxs sizinlə görüşməyə razılıq verərsə, siz nə vaxt görüşə bilərsiniz?

– Tahir müəllim, elə bu gün, istənilən vaxt məsləhət bildiyiniz yerdə məlumat daşıyıcısı ilə görüşməyə hazıram.

Tahir Ağayev ayağa qalxdı:

 –  Rəis, bir saata sizə məlumat verəcəyəm.

Ənvər Quliyev Tahir Ağayevin müşayiəti ilə doqquz mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən meşindən üz çəkilmiş qapını açaraq mənzilə daxil oldular.

Tavandan asılmış elektrik lampası dəhlizi o qədər də işıqlandırmırdı. Mənzil bir otaqlı idi. Otaqda dörd ədəd stul və bir ədəd dördkünc stol vardı. Pəncərələr və eyvana çıxan qapının şüşəsi pərdə ilə örtülmüşdü.

Stolun üstündə bir neçə armudu stəkan və çaydan vardı. Küncdə isə dörd ayaqlıq üstündə dayanmış köhnə bir televizor qoyulmuşdu. Görünüşündən görünürdü ki, uzun müddətdir ondan istifadə olunmur. Mənzil sahibi qonaqları görcək ayağa qalxdı. Bu, 45-50 yaşlarında, əynində nimdaş pencək, çal saçlı və çod bığlı, ovurdları batıq bir kişiydi. O, birinci Ənvər Quliyevə ehtiramla salam verdi. Quliyev salamını aldı və onun ona tərəf uzanan əlini sıxdı. Zəhmətkeş bir adam olduğunu əlindəki düyün və qabarlardan hiss elədi. Otaqdakı tavandan asılmış elektrik lampası, dəhlizdəki lampaya nisbətən otağı o qədər də işıqlandırmırdı. Otağın divarları adicə əhənglə ağardılmışdı. Döşəmənin rəngi isə tamamilə itmişdi.

Ev sahibi və qonaqlar əyləşdilər. Birinci Tahir Ağayev söhbətə başladı.

– Ənvər müəllim, bu qardaş, mənim ən çox etibar etdiyim adamdır. Qanunlara xüsusi hörməti var, vətənpərvərdir. Öz zəhmətilə dolanır. Ona etibar edə bilərsniz.

– Tahir müəllim sizin barənizdə mənə əvvəl də danışmışdı. Sizinlə söhbət etməkdə məqsədim verdiyiniz məlumatı bir daha sizin öz dilinizdən eşitmək istəyirəm. Bu bir qədər inanılmazdır. Bir maşın avtomat silah bilirsiniz nə qədərdir?  Axı, onları niyə basdırsınlar ki?

–  Ənvər müəllim! – deyə ev sahibi sözə başladı, – yadınızdadırsa, Ayaz Mütəllimov 1992-ci ilin may ayında bir günlüyə hakimiyyətə gəldi. Həmin hadisədən bir müddət keçəndən və onun hakimiyyətə qayıtmaq şansı aradan qalxdıqdan sonra, onun tərəfkeşlərinə paylanmış silahlar ələ keçməsin deyə yenidən toplayıblar. Corat qəbirstanlığında da basdırıblar. Lazım olsa, mən sizinlə gedib, silah basdırılan sahəni də göstərə bilərəm.

– Silahların basdırıldığını şəxsən özünüz görmüsünüzmü? – deyə Ənvər Quliyev sual verdi.

– Ənvər müəllim, sizin bu sualınıza cavab versəm, növbəti sualınız da olacaq. Bu mənim üçün əlverişli deyil. Xahiş edirəm, dəqiqləşdirici cavablar olmadan mənə inanasınız.

– Silahlar basdırılan yeri göstərə bilərsinizmi?

 – İstəyirsinizsə, lap indi gedəyin göstərim.

– Danışdıq, – deyə Quliyev ayağa qalxdı.

– Ənvər müəllim, mən sizi yarım saatdan sonta qəbiristanlığın yanından keçən Sumqayıt-Novxanı yolunun kənarında gözləyəcəyəm. Bu da təxminən gecə saat on ikinin yarısı eləyir.

– Yaxşı.

Ənvər Quliyev Tahir Ağayevlə birlikdə evdən çıxdı. Pilləkəni düşərkən rəis müavininə dedi:

 – Tahir müəllim, binanın pilləkəni ilə enmək, qalxmaqdan çox yaxşıdır, amma vəzifə pilləkəninda yox.

Müavini rəisin sözünə rəğmən bədahətən dedi:

 – Görkəmli şairimiz Nizami Gəncəvi gözəl deyib:

Hər gecənin gündüzə dönməyi var əzəldən,

Ucalığın bəllidir, enməyi var əzəldən.

– Tahir müəllim, şeyriyyatın şahlar şahı olan Nizami Gəncəvi dediyiniz bu kəlamı çox gözəl məntiqi təfəkkürlə deyib. Bu beytin fəlsəfi mənasını həyatımızın bütün sahələrinə hər bir şəxsin isə fəaliyyət tarixinə aid etmək olar. Tahir müəllim, hələ vaxtımız var. Deyirəm bəlkə Sumqayıtın küçələrini bir maşınla dolanaq?

– Rəis, siz bilən məsləhətdir.

Onlar polkovnik Ənvər Quliyevin xidməti Vaz-31 markalı "Volqa”sına oturdular. Sumqayıtın çox da böyük olmayan bir neçə əsas küçəsi vardı. "Volqa” irəlilədikcə sərnişinlərin gözləri önündən yarı qaranlıq boş küçələrin insansız səkilərini ötüb keçirdi. Artıq mənzillərin çoxunda işıq yanmırdı. Görünür, yanvar ayının soyuqlu havası sakinləri, arı öz pətəyinə yığışan kimi, evlərinə çəkib aparmışdı. 26-cı kvartalın arxasından Səməd Vurğun küçəsi başlayırdı.

Tahir Ağayev saatına baxdı.

– Rəis, görüşə on dəqiqə var. Corata tərəf gedəkmi?

Quliyev sürücünün çiyninə ehmalca vurub:

 –  A bala, dəniz kənarı ilə Corata tərəf sür,  – dedi.

Hava sakit idi. Külək əsmirdi. Səmada parça buludların arxasından sayrışan ulduzları görmək olurdu. Qəbirstanlığa yaxınlaşarkən maşının faralarından düşən gur işıqlar altında yolun sağ tərəfində dayanmış VAZ-01 markalı "Jiquli” görsəndi. "Volqa” "Jiquli”ni keçib, yolun sağ tərəfində dayandı. "Jiquli”dən etibarlı şəxs düşüb, əlindəki fanarla onlara yaxınlaşdı.

– Ənvər müəllim, dediyim sahə çox da uzaqda deyil. Təxminən 50-60 metr qumluqla getməliyik.

Tahir Ağayevin cibindən çıxardığı balaca fənər yolçuların yolunu işıqlandırmaq üçün lazım oldu.

Bələdçi bəzən dayanıb, fənər işığını gah sağda, gah da solda yerin səthilə gəzdidir, sonra irəli addımlayırdı. Bu qayda ilə irəlilədikdən sonra bələdçi sağ tərəfdə dikinə qoyulmuş bir ədəd bişmiş qırmızı kərpici gördü. Dərhal dedi:

 – Ənvər müəllim, baxın. Bura gizlədilən silahların başlanğıc sahəsidir, qəbirlərdən təxminən 3-4 metr aralıdadır. Indi isə sola baxaq.

O, fənəri sola tutdu. Doğrudan da, birinci kərpicdən 6-7 metr aralıda ikinci bir qırmızı kərpic də qoyulmuşdu.

– Burdan qazmağa başlaya bilərsiniz.

Tahir Ağayev fənəri onun əlindən alıb, ətrafı işıqlandırdı. Bir anlıq canından soyuq üşütmə keçdi. Qəbiristanlıqda əbədi sükut hökm sürürdü.

Bəli, hər bir insanın son mənzili məzarlıqdı. Nə vaxtsa mən də belə məkana sakin olacağam. Bəzən elə olur ki, insana bura sakin olmaq belə qismət olmur. Nə üçün? Niyə? Bu suallara hələ indiyədək heç kim cavab tapa bilməyib.

Polkovnik Ənvər Quliyev bir anlıq qapıldığı hissiyyatdan qurtulmaq üçün dedi:

 –  Tahir müəllim, səhər açılanda gəlib, bir dəfə də buralara baxarıq.

Onlar geri döndülər. Maşının yanında Tahir Ağayev bələdçiyə dedi:

 – Qardaşım, sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, – deyib ona əlni uzatdı.

Rəis müavini ilə səhər tezdən şərtləşdikləri yerdə –  Corat qəbiristanlığında axtarış aparılacaq yeri bir daha öyrənmək üçün görüşdülər. Gecə hava tamamilə dəyişmişdi.

Ənvər Quliyev maşından düşərkən sərt xəzri küləyinin caynağından qurtulmaq üçün qapının dəstəyini əlindən buraxmadı. Kimsəsiz çöllük ona cansıxıcı təsir bağışladı. Küləyin dibindən qopardığı kol-koslar havada uçuşurdu. Qəbiristanlığın bəzi yerlərində artıq özünəməxsus qum təpəcikləri  yaratmışdı.

"Yaxşı ki, gilavar əsmir”, – deyə o, fikrindən keçirdi, – yoxsa axtarış aparanda ekskovatorun qazdığı torpağ üzümüzə çırpılacaqdı”.

Alçaqdan süzən, sıx qara buludlar havanı qaranlığa qərq etmişdi. Sanki ətrafa axşamın toranlığı çökməkdə idi.

Soyuq külək yanaqlarını yandırırdı. Küləyin sahildən qaldırıb səpələdiyi qum dənələri onlara göz açmağa imkan vermirdi. Külək furaşkasını başından aparmasın deyə sol əli ilə onun günlüyündən tutmuşdu. Dənizin sahilə çırpılan dalğaları ətrafa böyük səs-küy salmışdı. Havadan dəniz yosununun  qoxusu gəlirdi. 

Belə bir şəraitdə qəbiristanlıqda silah tapmaq naminə axtarış aparmaq, o qədər də könül açan deyildi. Lakin nə etmək olardı.  Xidməti vəzifəsinin icrası bunu tələb edirdi.

Əyinlərinə geydikləri isti gödəkçələr kürəklərini soyuq küləkdən qoruyurdu. Bir daha axtarış olan yerə nəzər saldılar. Ərazi çox da böyük deyildi. Nişanələr hələ ki, yerindəydi. Burda vaxt sərf etməyin səmərəsiz olduğunu görüb geri döndülər. Indi əsas məsələ öz furaşkalarını qorumaq idi. Onlar sinələrini irəli verib, gözlərinə qum dənəcikləri düşməsin deyə gözlərini yumaraq maşınlarına tərəf yeriyirdilər.

Polkovnik Ənvər Quliyev kabinetinə daxil olub, nazirliyin xüsusi rabitəsi vasitəsiylə Daxili İşlər naziri general-polkovnik Ramil Usubova aldığı məlumat barədə ətraflı məruzə etdi. Bu məlumatın doğru olub-olmamasına əmin olmaq üçün qəbirstanlıqda texnika vasitəsilə axtarış aparacaqlarını da bildirdi. Ramil Usubov onun təklifi ilə razı olduğunu qeyd edərək, nəticəsi barədə dərhal məlumat verilməsini də tapşırdı.

Rəis məlumatın doğrudan da xüsusi əhəmiyyət kəsb etdiyini dərk edərək, şəhər prokuroruna bu barədə məlumat verilməsini vacib bildi. Şəhər prokuroru Mahmud Nəbiyevin telefonunun nömrəsini yığdı. Bir neçə siqnaldan sonra dəstəkdə prokurorun səsi eşidildi:

 –  Nəbiyev eşidir ?!

– Mahmud müəllim, salam, Ənvər Quliyevdir. Indicə bizə Corat qəsəbəsinin qəbiristanlığında Ayaz Mütəllimovun adamları tərəfindən bir maşın silahın basdırılması barədə məlumat daxil olmuşdur. Məlumat polisin etibarlı şəxsi tərəfindən verilmişdir. Mən belə qərara gəlmişəm ki, qəbiristanlıqda axtarış aparaq. Siz nə məsləhət görürsünüz?

 – Ənvər müəllim, mən axtarış aparılmasına etiraz etmirəm. Lakin axtarışı elə aparın ki, kimsənin qəbri zədələnməsin. Bu çox ciddi məsələdir.

– Mahmud müəllim, narahat olmayın. Özüm axtarışa nəzarət edərəm. Sizə də əlavə məlumat verəcəyəm.

– Sizdən məlumat gözləyirəm.

– Baş üstə. Sağ olun.  

– Sağ olun.

Rəis Tahir Ağayevin yanına çağırılması barədə göstəriş verdi. Kabinetə daxil olan Ağayevə dedi:

–  Tahir müəllim, bir Belarus ekskovatoru tapın. Yəqin ki, şəhərin tikinti təşkilatlarında bir saz ekskovator tapmaq olar. Əməkdaşlara da tapşırın ki, isti geyinsinlər. Çünki qəbiristanlıq dənizə yaxın bir yerdədir. Xəzərin küləyi soyuq havanı daha da sərtləşdirir. Bir yük maşını da olsun. Axtarış üçün hər şey hazır olanda, mənə məlumat verin, bir yerdə gedərik.

Bir saatdan sonra əməliyyat qrupu, başda Sumqayıt şəhər polis idarəsinin rəisi Ənvər Quliyev olmaqla yola düşdü. Şəhərdə əhalinin diqqətini cəlb etməmək üçün maşınla Səməd Vurğun küçəsinə çıxdılar.

Yanvar ayının sərt günlərindən biri idi. Dəniz tərəfdən əsən soyuq külək adamın üzünü qılınc kimi doğrayırdı. İyirmi dəqiqədən sonra maşınlar qəbiristanlığa çatdılar.

Rəis maşından düşdü. Əməkdaşları arxası küləyə düzdü. Xidməti formanın yaxalığını qaldırmağa icazə verdi.

Məlumat verən şəxsin köməyi ilə qəbiristanlığın axtarış aparılacaq sahəsini müəyyən etdilər. Artıq onlardan əvvəl qəbirstanlığa gətirilmiş "Belarus” markalı ekskovatorun sürücüsü öz işinə başlaya bilərdi.

Polkovnik Ənvər Quliyev son tapşırıqlarını verdi. Sürücü ekskovatoru işə saldı. Polis işçiləri dərhal soyuq küləkdən canlarını qurtarmaq üçün maşınlarda gizləndilər. Ekskovatorun səsi xəzri küləyinin vıyıltısında və dəniz dalğalarının gurulusunda eşidilməz oldu.

Polis işçilərinin baxışları ekskovatorun kovşununa zillənmişdi. Kovşun hər dəfə yerdən torpaq çıxaranda kovşundan silah görəcəkləri ümidi ilə gərgin anlar yaşayırdılar.

Bir saatdan artıq qazma işi aparan "Belarus" markalı ekskovator birdən dayandı. Kovşunun bir daha yuxarı qalxmadığını görən polis rəisi maşından çıxdı. Bunu görən müvin Tahir Ağayev maşından düşərək ekskovatora tərəf yüyürdü. Ekskovatora çatıb sürücüyə qışqırdı:

 –  Niyə dayandın?

 – Rəis, kovşunu qaldırıb endirən qurğunun şlanqı partlayıb. 

– Tez düzələr?

– Yox, şlanq tapmaq lazımdır. 

Tahir Ağayev başqa bir söz deməyib geri döndü və maşının yanında gözləyən Ənvər Quliyevə yaxınlaşıb dedi:

 –Ənvər müəllim, ekskovatorun şlanqı partlyıb. Yarım saata gedib yenisini gətirərəm. Ehtiyat üçün birini də danışmışam. 

O, bunu deyib maşına oturdu və Sumqayıt şəhərinə doğru yola düşdü. 

Həqiqətən, dediyi vaxtda geri qayıtdı. 10-15 dəqiqədən sonra Ənvər Quliyevə xarici markalı bir ekskavator gətirdiyi barədə məlumat verdi. Onlar maşına oturdular.

Rəis dedi: 

– Tahir müəllim, mənim bu məlumatdan heç xoşum gəlmir. Mənə elə gəlir ki, biz burada silah yox, nəsə başqa şey aşkar edəcəyik. Özü də arzu olunmayan bir şey. Allah axırını xeyir eləsin. 

– Ənvər müəllim, narahat olmayın. Görüşdüyümüz şəxs elə-belə adam deyil, çox ciddi adamdır. Tələsməyək, birazdan məlumatın doğru olub olmayacağının şahidi olacağıq,  – deyə Tahir Ağayev cavab verdi.

Gözlənilən vaxta ekskovator gəlib çatdı və işə başladı. Yenə hamının diqqəti ekskovatorun qalxıb-enərək, torpağı qamarlayıb kənara tökən kovşununa  dikilmişdi. 

Birdən növbəti dəfə torpaqdan çıxan kovşunda paltarlı bir insan cəsədi göründü. Bunu müşayət edənlərin  çox adamın, necə deyərlər, ürəyi ağzına gəldi. 

Polkovnik Ənvər Quliyev həyəcanla:

 –Tahir müəllim, əməlli-başlı işə düşdük. Görün bir gəlib harada axşamladıq,dedi. 

Elə bu vaxt meyitin başı bədəndən ayrılıb yerə düşdü.  Ekskovatorçu kovşunu bu vəziyyətdə yuxarıda saxlamalı oldu.  Axtarışda olanlar cəld maşınlardan düşüb, ora qaçdılar. Gördükləri artıq çürümüş insan cəsədi idi. 

Hadisədən həyəcanlanan Tahir Ağayev rəisinə nə deyəcəyini bilmirdi. Bu, onunçün çox gözlənilməz idi. Axtarışın bu cür nəticələnəcəyini heç gözləmirdi. 

Polkovnik dərhal prokurora bu barədə məlumat verməyi müavini Fərman Əliyevə tapşırdı. Eyni zamanda, məhkəmə-tibbi ekspertinin hadisə yerinə gəlməsinin təmin edilməsinə göstəriş verdi. Nəzərləri Tahir Ağayevi axtarsa da tapa bilmədi, başa düşdü ki, o hara və nə üçünsə gedibdir. 

Hadisə yerinə gələn Sumqayıt şəhər prokuroru Mahmud Nəbiyevin və müstəntiq Elxan Abdullayevin gözləri qarşısında ürək parçalayan müdhiş bir səhnə açılmışdı. 

Görəsən, bu bədbəxti kim və hansı məqsədlə qətlə yetirərək doğmalarnı gözüyaşlı qoyub?!

Tahir Ağayev beşinci mikrorayonda qarşısına çıxan ilk mağazanın yanında maşını saxlatdırdı, düşüb maqazaya daxil oldu. Satıcının birindən müdirin harda olduğunu öyrəndi:

 –  Otağını mənə göstərin, – dedi.

Satıcı onu müdirin otağınadək müşayət etdi. Ağayev müdirin kabinetinə daxil olub salam verdi. Özünü təqdim edib, telefonla zəng etmək üçün icazə istədi. Ağayevi tanıyan mağaza müdiri:

 – Tahir müəllim, buyurun, – deyib otaqdan çıxdı.

Ağayev nömrəni yığdı. Bir müddət keçdi, haçandan- haçana dəstəkdən səs gəldi. Cavab verən onun istədiyi adam idi. Ona təkcə görüşmək lazım olduğunu söylədi. "Yaxşı”  cavabını eşidən kimi dəstəyi yerinə qoyub çıxdı.

Sumqayıtda işlədiyi müddətdə artıq onların vəziyyətdən asılı olaraq əvvəldən müəyyən olunmuş görüş yerləri vardı. Ona görə, telefonda harda görüşəcəkləri barədə bir kəlmə də danışmadılar. On beş dəqiqədən sonra onlar görüşdülər.  O, həyəcanını gizlədə bilməyib:

 –  Allah evini tiksin, sən bizi işə saldın, – dedi, – bu nə məsələdir?  Silah əvəzinə meyit çıxdı.

Etibarlı şəxs soyuqqanlılıq və təmkinlə cavab verdi:

 – Tahir müəllim, narahat olmayın. Tapdığınız bir taksi sürücüsünün cəsədidir. Bakıda aeroport yaxınlığında Corat sakini Dəyanət Kərimov və onun arvadı tərəfindən öz taksisində öldürülüb. Maşının damında iki güllənin açdığı deşik və oturacağında isə qan ləkəsi vardı. Bu maşın Dəyanətin qardaşı Ədalətin Corat qəsəbəsindəki qarajında gizlədilmişdi.  Siz işinizi davam etdirin. Indiyədək gizli qalan çox hadisələr sizə bəlli olacaq.

Hadisə yerində isə artıq prokurorluğun əməkdaşları soyuq şimal küləyinin qandondurucu təsirinə baxmayaraq, hal şahidlərinin iştirakı ilə qeydlər aparır, fotoşəkillər çəkir, çürümüş cəsədin üstündə qala biləcək cinayət izlərini aşkara çıxartmağa çalışırdılar. Prokuror polis rəisinə zarafatla:

 –  Ənvər müəllim, ə bə qardaş, bəs, silahlar nə oldu? – deyərək, onsuz da qanı qaralmış polis rəisini qapıldığı məyusluq hissindən qoparmağa çalışdı.  Ənvər Quliyevin, necə deyərlər, ürəyindən qara qanlar axırdı. Cinayətin açılma ehtimalının çox az olması haqqında fikirləşirdi. Gözü isə yolda, Sumqayıt tərəfdən gələn maşınlarda qalmışdı. Ürəyində: "Bəs, bu Tahir Ağayev harda qaldı?” – deyə öz-özünə sual verdi.

Kəsə yolla hadisə yerinə qayıdan Ağayev furaşkasını gözlərinin üstünə basıb, meşin kəmərlə çənəsinin altında birləşdirən rəisinin tez-tez yola tərəfə boylanaraq, narahatlıq keçirdiyini uzaqdan görmüşdü.

Ona görə, küləyə sinə gələrək, rəisini narahatçılıqdan qurtarmaq üçün iri addımlarla gəlmək istəsə də, çox çətinlik çəkirdi. Çünki ayağını yerdən üzər-üzməz güclü, sərt şimal küləyi onu geriyə itələyir, qum dənəciklərini sifətinə çırpırdı. Sol əli ilə külək papağını aparmasın deyə başında saxlaya bilmirdi. Bu da onun hərəkətini çətinləşdirirdi.

Ənvər Quliyev növbəti dəfə yola baxarkən, arxadan Tahir Ağayevin çox zəif səsini eşitdi:

 –Rəis, heç narahat olmayın, bütün məsələni aydınlaşdırdım.

Qulaqlarını soyuqdan qorumaq üçün papağının qulaqlarını aşağı salan prokuror Mahmud Nəbiyev Ağayevin dediklərini eşitməsə də, üzündəki ifadədən onun xeyir xəbərlə geri döndüyünü duydu. Ənvər Quliyev xəzrinin vıyıltısından, dəniz dalğalarının gurultusundan uzaq olmaq üçün Tahir Ağayevə və Mahmud Nəbiyevə maşında oturmağı təklif etdi. Onlar maşına oturanda sürücü istər-istəməz isti yerini tərk edib, sərt şimal soyuğunun qoynuna atıldı.

Rəis dilləndi:

 – Ay Tahir müəllim, gəl çıx də. Səhərdən gözümüzün kökü saraldı. Bu qədər nigarançılıq olar?! Bir tərəfdən  Mahmud müəllimin zarafatyana qınağı ovqatımı pozub. De görüm, etibarlı adamının başımıza açdığı nə oyundu?

 
davam edəcək
Xəbər 31452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR