“Müstəqilliyimizi qazandığımız illər Azərbaycan qadını üçün çox ağır olub.
Çünki Ermənistanın Azərbaycan torpaqlaırnın 20 fazini işğal etməsi nəticəsində 1 milyona yaxın insan öz evini, işini itirmişdi. 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, o cümlədən yüzminlərlə qadın öz evinə dönə bilmir və təbii ki, bu hamımız üçün çox ciddi bir problemdir. Biz etnik kimliyindən və dini inancından asılı olmayaraq və harada baş verməsindən asılı olmayaraq insan haqlarının bu qədər kobud şəkildə tapdalanmasına göz yummamalı və etiraz səsimizi ucaltmalıyıq. Köçkün qadınlar dünyada ədalətin yanında olan bütün qadınlardan hər zaman məhz bu cür mövqe gözləyirlər”.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bunu Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən Beynəlxalq Qadın Araşdırmaları Konqresində çıxış edərkən bildirib.
Millət vəkili öz evini, işini itirən və 20 ildən artıqdır ki, evinə dönə yüzminlərlə qadınlarımızın cəmiyyətə inteqrasiyası, onların təhsili, iş yerləri, məşğuliyyəti ilə bağlı həyata keçirilən dövlət proqramları ilə bağlı məlumat verib.
Q.Paşayeva Azərbaycan qadınlarının fəallığının bütün sahələrdə, o cümlədən dövlətin idarəçiliyində rollarının daha da artırılması, qadın haqlarının qorunması istiqamətində görülən işlər və qəbul olunan qanunlar barəsində də geniş məlumat verib.
Millət vəkili bu istiqamətdə həllini gözləyən məsələlər, hazırlanan proqramlar barədə də danışıb.
Azərbaycanda məişət zorakılığı da daxil olmaqla qadına qarşı şiddətin bütün formaları ilə, erkən nigahlarla bağlı fəal mübarizə aparıldığı barədə danışan Qənirə Paşayeva tədbir iştirakçılarının bu mövzuda ona ünvanlanan suallarını da geniş cavablandırıb.
Qeyd edək ki, Beynəlxalq Konqresin açılışında Türkiyənin Birinci Xanımı Emine Erdoğan da iştirak edib. Millət vəkili Qənirə Paşayeva tədbir çərçivəsində Türkiyənin birinci xanımı Emine Erdoğan ilə də görüşüb.
Aktual.az