Qənirə Paşayeva Nigdede dünyanın hər yerində yaşayan Türk gəncliyinə səsləndi

Qənirə Paşayeva  Nigdede dünyanın hər yerində yaşayan Türk gəncliyinə səsləndi


Millət vəkili Q.Paşayeva Nigdede dünyanın hər yerində yaşayan Türk gəncliyinə səsləndi.

Xocalı Soyqırımı həqiqətlərinin dünyada daha geniş yayılması üçün fəallığı daha da artırın.
Türkiyənin böyük universitetlərindən olan Nigde Universitetində Xocalı Soyqırımı ilə bağlı geniş çıxış edən millət vəkili Q.Paşayeva gənclərə Xocalı Soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatlar verib. Nigde Universiteti və Türk Genclik Klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər və gənclər geniş şəkildə iştirak ediblər. Tədbirin açılışında çıxış edən tədbirin təşkilatçısı Türk Genclik Klubunun rəhbəri Heydər Məhərrəmov, Nigde Universitetinin rektoru Adnan Görür, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova, Nigde valisi Necmettin Kılıç Xocalı Soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar. Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva deyib:” 24 ildir Xocalıda soyqırıma məruz qalıb qətl edilən qadınlarımızın, uşaqlarımızın gözləri gözlərimizin önündən getmir! Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma “Şarli Ebdo” üçün yürüş edən qərb liderləri, yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən niyə yürüş geçirmədilər? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Biz hələ də o səsləri eşitmirik!Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”. Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir:“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Tədbirin sonunda millət vəkili Q. Paşayevaya təşkilatçılar tərəfindən plaketlər təqdim olunub. Azərbaycan həqiqətlərinin yayılmasında fəallıq göstərən tələbələrə təşəkkür edilib və Türk Genclik Klubunun rəhbəri Heydər Məhərrəmova təşəkkür bəlgəsi təqdim edilib.Tədbir çərçivəsində Xocalı Soyqırımı ilə bağlı film nümayiş etdirilib, gənclər Xocalı ilə bağlı şeirlər səsləndirib, hazırladıqları tamaşanı nümayiş etdiriblər. Tədbirdən sonra millət vəkili Q.Paşayeva Nigdede təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb və geniş müzakirələr olub.

Xəbər 721 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR