Neftçilərin zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilib (RƏY)

Neftçilərin zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilib (RƏY)

Bu həftə Bakıda Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev neftçi əməyini yüksək qiymətləndirərək qeyd edib ki, Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycan xalqına xidmət edib. "Müstəqillik dövründə onların zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilib. Neftçi Azərbaycanda çox şərəfli və hörmətli peşədir, həmişə belə olub, bu gün də belədir. Mən Azərbaycan neftçilərinin Azərbaycanın ümumi inkişafında rolunu çox yüksək qiymətləndirirəm”,- Azərbaycan Prezidenti vurğulayıb.
Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov "Report”a bildirib ki, Azərbaycan neftçiləri tarixə imzalarını atıb və bu gün ölkəmizin iqtisadi inkişafında, ən böyük təməl prinsiplərdə dayanan uğurlarda neftçilərin əməyi var:
"İqtisadiyyatımızın yüksəldilməsində, Azərbaycanın inkişafında neftçilərin çox böyük xidməti var. Birinci növbədə, Azərbaycan neftinin məşhurlaşması neftçilərin zəhmətinin bəhrəsidir”.

Milli Məclisin deputatı Aydın Hüseynov
Millət vəkili xatırladıb ki, hələ XIX əsrdə Azərbaycanda sənaye üsulu ilə neft çıxarılıb və burada neftçilərin əməyi böyükdür.
"Azərbaycan neftçilərinin ən böyük rəşadəti II Dünya müharibəsində özünü göstərib. SSRİ-nin faşizm üzərində qələbəsinin təmin olunmasında birbaşa Azərbaycan neftinin və Azərbaycan neftçilərinin xidməti danılmazdır. Bu bir tarixdir. Sonra Azərbaycan neftçiləri, ilk dəfə dənizdə, estakadalar üzərində şəhər salınması ilə şöhrət qazandılar. Bu da neftçilərin əməyi, onların fədakarlığı idi. Bununla yanaşı, SSRİ ərazisində - Sibirdə neft yataqlarının aşkarlanması, neftin hasil edilməsi Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Fərman Salmanov və digər yüzlərlə Azərbaycan neftçiləri adlarını tarixə yazdırıblar”, - A.Hüseynov qeyd edib.
Millət vəkili neft amilinin Azərbaycan xalqının xidmətinə yönəldilməsində Ulu Öndər Heydər Əliyevin rolunu da qeyd edib: "Heydər Əliyevin dövlətçilik tarixindəki xidmətləri və neft strategiyasında rolu neftçi rəşadəti, şücaəti qədər dəyərləndirilməlidir. "Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilməsi kimi böyük tarixi layihələrə Ulu Öndər imza atıb. Ulu Öndərimizlə yanaşı, neft strategiyasının reallaşmasında Prezident İlham Əliyevin də böyük xidmətləri var. Bilirsiniz ki, dövlət başçısı uzun müddət Dövlət Neft Şirkətində çalışıb və Azərbaycanın neft strategiyasını, neft diplomatiyasını uğurla davam etdirən şəxsdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxışında Azərbaycan dövlətinin SOCAR-ın fəaliyyətini dəstəklədiyini xüsusi vurğulayıb: "Bu, bizim iqtisadi gücümüzü artırır, bizə gələcəkdə yeni mənbələrdən böyük həcmdə valyuta axını da təmin ediləcəkdir. Mən hazırda ölkə daxilində icra edilən iki layihəni - SOCAR polimer və karbamid zavodlarının tikintisini qeyd etmək istərdim. Bu iki layihənin ölkəmizin qeyri-neft sektorunun inkişafında çox böyük əhəmiyyəti var. Hər iki layihə qrafik üzrə icra edilir və əminəm ki, gələn il istifadəyə veriləcək".
Dövlət başçısı qeyd edib ki, Heydər Əliyevin neft strategiyası bu gün yeni istiqamətlərlə zənginləşdirilib: "Bu strategiya bu gün Azərbaycanın ümumi inkişafına çox böyük dəstək verir.
Əlbəttə, Dövlət Neft Şirkəti özü də pul qazanır. Ancaq dövlət həmişə bu şirkəti dəstəkləyir və dəstəkləməlidir. Çünki bu, bizim strateji aktivimizdir, strateji sərvətimizdir.

Prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə
Biz bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Bu, böyük tarixi nailiyyətdir. Bu dəmir yolunun istifadəyə verilməsi Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətdir. Biz bunu bu gün də bilirik, bunu gələcəkdə də hər kəs daha çox görəcək və hiss edəcək. Bunun da maliyyə mənbəyi haradan gəlib? Dövlət Neft Fondundan. Dövlət Neft Fonduna haradan gəlib? Neftçilərin zəhməti hesabına.
Bu gün Azərbaycan çiçəklənən bir dövlətdir. Hara baxsan göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bütün şəhərlərimiz abadlaşır. Əsrlər boyu insanları incidən bütün problemlər həll olunur. Qazlaşdırma, içməli su, elektrik, yollar – biz bunu nəyin hesabına edirik? Gəlirlər hesabına. Gəlirlərin əsas mənbəyi haradır? Azərbaycan neftçilərinin zəhməti hesabına çıxarılan neftdir. Azərbaycan vətəndaşları bunu həmişə bilməlidirlər.
Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir. İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir. Ona görə hər kəs bilməlidir ki, hələ uzun illər bundan sonra ölkəmizin neft-qaz sektoru bizim üçün əsas dayaq olacaqdır. Ona görə Azərbaycan dövləti və neftçilər bundan sonra da bütün səylərini qoymalıdırlar ki, biz bu sektoru inkişaf etdirək".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili "Report"a bildirib ki, Azərbaycan neftçilərinin əməyi bütövlükdə Azərbaycan dövlətçiliyinin inkişafı üçün fədakar əməkdir.
"Neftin Azərbaycanın iqtisadi, eyni zamanda siyasi və sosial inkişafında çox böyük rolu var. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə iqtsadiyyatı tamamilə dağılmış vəziyyətdə idi. Hətta ölkənin iqtisadi vəziyyəti elə idi ki, Azərbaycanın müstəqil olub-ola bilməyəcəyi belə şübhə altında idi. Amma ümummilli lider Heydər Əliyevin 1994-cü ildə imzaladığı "Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatı özünün inkişafı üçün uzunmüddətli mənbəni təmin etmək imkanı qazandı. Sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin inşa olunması, neftin dünya bazarlarına çıxarılması Azərbaycanın iqstisadiyyatı, inkişafı, müstəqilliyi, Ordunun güclənməsi üçün çox mühüm və həyati məna kəsb etdi. Məhz bu illərdə Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüdü, əhalinin güzəranı, sosial vəziyyəti, Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onlar üçün yeni yaşayış məskənlərinin salınması, Azərbaycanın bütün ərazilərində abadlıq işlərinin həyata keçirilməsi, Azərbaycanın strateji valyuta ehtiyatlarının bu gün 42 mlrd. dollara çatması, Azərbaycan Ordusunun regionda ən böyük Ordu olması və ən güclü müasir silahlarla təmin olunması, eyni zamanda insan kapitalının inkişafında neftin böyük rolu var. Bu siyahını kifayət qədər artırmaq mümkündür”, - millət vəkili vurğulayıb.
O, əlavə edib ki, Azərbaycanın iqtisadiyyatı, inkişafı üçün neft amili hər zaman həyatı əhəmiyyətə malikdir: "Bu rakursdan baxanda Azərbaycan neftçilərinin əziyyəti, əməyi bütövlükdə Azərbaycan dövlətçiliyinin inkişafı üçün fədakar əməkdir. Bunu da ölkə Prezidenti çıxışında xüsusi qeyd edib”.

Milli Məclisin deputatı Tahir Mirkişili
T.Mirkişili SOCAR-ın neft-kimya sahəsində həyata keçirdiyi layihələrdən də danışaraq bildirib ki, neft-kimya sənayesinin inkişaf etdirilməsi məhz gələcək strateji məqsədlərə xidmət edir.
"Belə bir yanaşma var ki, əgər bir barel xam neft qeyri-neft sektorunda, xüsusən kimya sənayesində emal edilərsə, ondan alınacaq məhsulun dəyəri 1 barel neftin qiymətindən 15 dəfə yüksəkdir. Bu o deməkdir ki, əgər neft-kimya sənayesi nə qədər çox inkişaf edərsə,  o zaman Azərbaycan neftinin dəyəri, ondan alınacaq məhsulun dəyəri kifayət qədər böyük olur. Bu da iqtsadiyyatın özünün alternativ gəlir mənbələri tapması üçün böyük yardımdır. Bu baxımdan SOCAR-ın son zaman yatırdığı investisiya, xüsusən Sumqayıtda həyata keçirilən "SOCAR Polymer”, "SOCAR Karbamid” kimi layihələr əhəmiyyətlidir. Polimer zavodunun gələn il istifadəyə verilməsi gözlənilir ki, bu Azərbaycanda qeyri-neft sektorunun, polimerin ətrafında ola biləcək çoxsaylı müəssisələrin, zavodların tikintisinə gətirib çıxara biləcək”,-millət vəkili qeyd edib.
O vurğulayıb ki, emal sənayesini inkişaf etdirməklə neftin iqtisadiyyata ikinci böyük təkanı ola bilər: "Bu da məhz xam neft yox, neftin emalı sayəsində yarana biləcək dəyərdir. Neft elə bir amildir ki, onun emalı sayəsində istifadə etdiyimiz məhsulların böyük hissəsi hazırlanır.Bu baxımdan neft-kimya sənayesinin inkişaf etdirilməsi məhz gələcək strateji məqsədlərə xidmət edir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti mərasim zamanı çıxışında SOCAR Polimer və Karbamid zavodlarının tikintisindən danışıb və bildirib ki, bu iki layihənin ölkəmizin qeyri-neft sektorunun inkişafında çox böyük əhəmiyyəti var.
 
Aktual.az
Xəbər 31 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR