Gülənlə Kərimlinin əlaqələrinə dair - ŞOK FAKT

Gülənlə Kərimlinin əlaqələrinə dair  - ŞOK FAKT

Aktual.az virtualaz.org-a istinadən Eynulla Fətullayevin yazısını təqdim edir:

Beləliklə, bir neçə gün öncə biz Azərbaycan Gülən tərəfdarlarının izinə düşmüş Türkiyə hüquq-mühafizə orqanlarının ilkin istintaq tədbirləri barədə ilk məlumatları diqqətinizə çatdırmışdıq. Şok faktlar, konkret adlar, üzləşmələr, hazırkı iqtidara qarşı təşviqatın və dağıdıcı mübarizə metodlarının maliyyələşdirilməsi...

Yeni yaranmış siyasi islamla qərbyönümlü Azərbaycan müxalifətinin kooptasiya konsepsiyasını aşıq şəkildə dəstəkləyən gülənçilik milli demokrat qanadın lideri Əli Kərimlinin başçılığı ilə barışmaz müxalifət koalisiyasının yaranması üçün zəmin yaratmağa başladı.

Bakıda dövlət çevrilişi təhlükəsi barədə Türkiyə liderlərinin – Ərdoğanın, Yıldırımın və Çavuşoğlunun səs-küylü bəyanatları fonunda xüsusi xidmət orqanlarının təhqiqatı böyük beynəlxalq rezonans doğurdu – gülənçilər bütün səylərini Əliyev hakimiyyətinin dağıdılması istiqamətinə yönəldərək, prezident İlham Əliyevə qarşı fəal mübarizə məqsədilə geniş siyasi-informasiya sahəsi açdılar. Faktlar baş gicəlləndirir!

Səsləndirilmiş konkret ittihamlara Əli Kərimli necə reaksiya verdi? Ə.Kərimli özünə xas tərzdə - kifayət qədər kəskin və şablon şəkildə - dolaşıq, heç bir fakt gətirmədən və məntiqsiz şərh verərək, Türkiyə gizli polisinin dəlillərini rədd edərək, Azərbaycan hakimiyyətini gülənçilərlə əməkdaşlıqda suçladı. Guya Fətullah Gülənin bütün dini-maarifləndirici şəbəkəsi Azərbaycanda bu hakimiyyətin dövründə və Heydər Əliyevin prezidentliyi illərində meydana gəlib.

Əli Kərimlinin tərəfdaşı – digər milli demokrat Cəmil Həsənli isə, ümumiyyətlə, geniş mülahizələrə girişərək, səsləndirilmiş dəlilləri araşdıraraq, başçısının nüfuzunu xilas etməyə çalışıb və haqqin.az saytını ardıcıl olmayan tənqiddə günahlandırıb. Guya hələ Nardaran üsyanı vaxtı biz Ə.Kətimlini şiə üsyançılarını dəstəkləməkdə ittiham etmişdik, indi isə şiəliklə ideoloji cəhətdən barışmaz mövqedə duran dini-siyasi sünni məzhəbi məktəbi ilə əlaqələrindən bəhs edirik. C.Həsənli məntiqi deduksiyaya müraciət edərək, nəticə çıxarır – eyni vaxtda şiələrlə sünniləri necə dəstəkləmək olar?

C.Həsənlinin ritorikası göydən asılı vəziyyətdə qalır və ən xəfif təftiş və tənqid cəhdinə belə dözmür. Axı yeni siyasi tariximiz dövründə həm Əli Kərimli, həm də Cəmil Həsənli Əliyev hakimiyyətinin etibarlı ştreykbrexerləri rolunu ifa ediblər.

Klassik "ingilis bayraqları” bir vaxtlar öz məvaciblərini qazanmaq məqsədilə hakimiyyətlə işbirliyinə də gediblər – müxtəlif dövrlərdə parlamentdə deputat mandatı ilə kifayətləniblər və bununla da, AXC hakimiyyətinin köhnə qvardiyasının üzvləri konformizmin və mütləq siyasi prinsipsizliyin təcəssümünə çevriliblər. Bəli, C.Həsənli tamamilə haqlıdır; öz tədqiqatlarımızda biz dəfələrlə Ə.Kərimlinin şiə ekstremistlərinə göstərdiyi dəstəyi qeyd etmişik. Lakin Nardaran üsyanı uğursuzluğa düçar olandan sonra cəbhəçilər vəziyyəti qarışdırmaq üçün yeni forma və metod axtarışına çıxdılar. Axı onların siyasi fəlsəfəsinin tamamı sosial var-gəllərdən, solçuluqdan opportunizmə səndələmələrdən ibarətdir. Dünən onlar Elçibəylə birlikdə idilər, sonradan Heydər Əliyevin düşərgəsinə keçdilər və oyuncaq müxalifətə çevrildilər, daha sonra isə hakimiyyətlə ictimai razılaşmanı pozaraq narazıların və sözə baxmayanların düşərgəsinə qoşuldular...

Sonu əvvəldən bəlli olan şeytan çarxına ilişmiş siyasətçilərin işıqlı mənəvi mahiyyətlərinə inanmaq müşküldür. Və təəccüblü deyil ki, Nardaran şiəliyinin ön sıralarına sürtülərək və bunu dəstəkləyərək, Hacı Talenin intifadasının uğuruna minimal şanslar aşkar etmiş Ə.Kərimli eyni zamanda gülənçi dəstənin üstünlükləri və dividendlərindən istifadə edir. Yalan və mənsəb – budur Kərimlinin kredosu!

Eynilə bu cür cəbhəçilərin lideri 2005-ci ildə liberalların narıncı inqilabına səsləyirdi, 6 il sonra isə narazıları müsəlman qardaşlarının ərəb baharının barrikadalarına çağırırdı. Əli Kərimlinin məntiqinə görə, liberal demokratiyanı islam xilafəti ilə ayıran nəhəng uçurumu vur-tut bir addıma qət etmək mümkündür. Məqsəd hakimiyyətdir, vasitə isə - həmin bu hakimiyyəti ələ keçirməyin ideyasız və mənasız yanğısı ilə ifadə edilmiş siyasi regenerasiya, yaxud tarixi şansdır (necə istəyirsiniz, elə də adlandırın!). Axı onlardan heç biri ölkədə formasiyanın, ələlxüsus da üstqurumun dəyişdirilməsi barədə düşünmür, bu siyasətçilər hakimiyyət uğrunda qəribə bir mexaniki və ideyadan məhrum olunmuş mübarizənin klassik nümayəndələridir.

Milli demokrat duumviratın səs-küylü bəyanatlarına qayıdaq. Adsız müxalifətin liderləri cavab ittihamları ilə çıxış edərək, cəmiyyətimizin ənənəvi qısa və etibarsız yaddaşına ümid edirlər. Elçibəyin dövlət katibi – Əli Kərimli və Elçibəyin müşaviri – Cəmil Həsənli vicdanları azca da olsa sızlamadan, tarixi saxtalaşdırmanın ən yaxşı ənənələrinə uyğun olaraq, cavab ittihamı ilə çıxış ediblər və bildiriblər ki, Fətullah Gülən və onun dəstəsi Azərbaycanda Heydər Əliyevin dövründə peyda olublar.

Əlyazmalar yanmır, tarixi isə unutmaq qeyri-mümkündür. Axı bəsit molla Gülənin yenicə yaranmış yalançı fəlsəfi məktəbi Bakıda məhz cəbhəçilərin hakimiyyəti dövründə meydana gəlib. Sənədlər nə deyir? Tarix şahidlik edir ki, 1992-ci ilin sentyabr ayının 4-də Xalq Maarifi Nazirliyi bilavasitə Gülən təşkilatı olan "Çağ Öğretim İşletmeleri Şirketi” ilə Bakıda ilk gülənçi özəl türk liseyinin açılması barədə razılaşma imzalayıb. O zaman Ə.Kərimli hansı vəzifəni tuturdu? O, Elçibəyin ən qızğın tərəfdarlarından biri idi və Prezident aparatının ərazi idarə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı!

Məlumatlı mənbələrin – Elçibəyin digər tərəfdarlarının - bildirdiyinə görə, məhz Ə.Kərimli (görünür, maddi qazanc xatirinə, ideyalardan danışmağa dəyməz) bu layihəni dəstəkləmiş və həyata keçirilməsinə nail olmuşdu.

Bəs Gülənin Bakıdakı növbəti yuvası – Qafqaz Universiteti nə vaxt yarandı? Məlum olduğu kimi, bu ali məktəb yaxın günlərdə gülənçilərin əlindən alınaraq, Dövlət Neft Şirkətinin tabeliyinə verilib. Və məhz bu universitetdə Türkiyə tərəfinin operativ məlumatına əsasən, artıq Pensilvaniya tərki-dünyasının teokrat təşviqatına bulaşmış nurçuları işdən azad edirlər. Bəs bu universitet Bakıda nə vaxt açılıb? Ə.Kərimli və C.Həsənli yenə də saxtakarlığa əl ataraq, Əliyev hökumətini suçlayırlar. İndi isə tarixi sənədlərə müraciət edək. Bu universitet – intellektual sektant teoelitanın mənbəyi – fəaliyyətinə rəsmi icazəni məhz AXC hakimiyyəti dövründə alıb: 1993-cü ilin may ayının 1-də 1/11 saylı qərarla Xalq Maarifi Nazirliyi yanında Ali Ekspert Komissiyası "Qafqaz Universiteti”nin təsis edilməsini rəsmiləşdirib. Yaddaşım məni aldatmırsa, məhz həmin dövrdə Əli Kərimli təhsil sahəsinə nəzarət edən dövlət katibi vəzifəsini yerinə yetirirdi. Və budur, üstündən cəmi bir neçə gün keçmiş Bakıda daha bir gülənçi tədris mərkəzi təsis olunur – "Araz” tədris kursları! Təhsili sektantlıqla, türkçülüyü isə dini seqreqasiya ilə əvəzlədilər! Birinci dərəcəli sovet kübar məktəbini dağıdaraq, azərbaycanlılara sovet hakimiyyətinə qədərki məktəbəqədər qaranlıq dini maarifləndirmə təhsili modeli və institutlarını sırımağa başladılar – çoxdan dəfn edilmiş mədrəsə təhsili modelini diriltdilər...

Məhz AXC və şəxsən Əli Kərimlinin hakimiyyəti dövründə Azərbaycanda gülənçiliyin təşviqat institutları peyda oldu. 1993-cü ildən Bakıda sektantların əsas təşviqat vasitəsi – "Zaman-Azərbaycan” qəzeti böyük tirajla dərc olunmağa başladı. İnanın ki, AXC-nin və onun baş ideoloqu Kərimlinin xeyir-duası ilə həyata vəsiqə almış Fətullah Gülənin çoxsaylı təşkilat və institutlarının siyahısında xeyli fond və qeyri-hökumət təşkilatları var. Bu, türkdilli mühitdə ideoloji ekspansiya məqsədi güdən strukturlaşmış türk siyasi islamının yaranma və intibah dövrü idi.

Hətta sonralar da, özünün dekorativ müxalifət lideri və şərq Azərbaycanında qərbçiliyin ideoloqu qismində fəaliyyəti dövründə Ə.Kərimli gülənçi institutlarla yoxlanmış qarşılıqlı əlaqə mexanizmlərindən istifadə edirdi ki, bu əlaqələr nüfuzlu Vaşinqton məmurlarının kabinetlərinin qapılarını onun üzünə açırdı.

O zamanlar indi narazı və güzəştə getməyən Ə.Kərimli hakimiyyətdəki və müxalifətdəki islahatçıların siyasi ittifaqı ideyası ilə alışıb-yanır və İlham Əliyevin islahatçı partiyası ilə koalisiya xülyası ilə yaşayırdı, onun İbrahim Məmmədovun timsalında salnaməçiləri və az qala iqtidaryönlü "Azadlıq” qəzetinin digər müəllifləri isə ibtidai və vulqar elçibəyçiliyi yaddaşlardan silməyə çalışaraq, siyasi regenerasiya və hakimiyyətlə alternativsiz ittifaqı təşviq edirdi. Bütün bunlar "ardıcıl siyasətçi”nin və "avtoritarizm və nepotizmə qarşı mübariz”in portretinə vacib əlavələrdir.

Ə.Kərimlinin gülənçi qərbyönümlü institutlarla əməkdaşlığına qayıdaq. Gülən sektasının tədqiqatçılarından biri, "Terrorun Gülən təbəssümlü siması” adlı kitabın müəllifi, jurnalist Aqil Ələsgər hələ bir neçə il əvvəl Ə.Kərimli ilə F.Gülənin 2003-cü ilin prezident seçkiləri ərəfəsinə təsadüf edən əməkdaşlığını sübuta yetirən təkzibolunmaz faktlar aşkarlamışdı.

Müəllif iddia edir ki, məhz gülənçi fondlar müxalifətçi liderin seçki kampaniyasını hər vəchlə dəstəkləyərək, ilk tranşlarını Bakıya yönəltmişdilər. Və 2005-ci ildə, Əli Kərimli hakimiyyət daxilindəki yeni islahatçı – Alar klanının lideri Fərhad Əliyevlə münasibətə başlayarkən, Əliyev hakimiyyətini dağıtmağa çalışanların əsas simalarından biri – okeanın o tayındakı siyasi tərki-dünya Rəsul Quliyevlə ittifaqa girir və bu üçlük yenə də gülənçi fonlardan dəstək alır.

Təbii ki, 2014-cü ildə Bakıdakı ilk antigülən kampaniyasından sonra, hakimiyyət, Qərbin müqavimətinə baxmayaraq, sektant institutların kökünü kəsmək qərarı verəndə Əli Kərimli və Rəsul Quliyev az qala bir səslə Bakıdakı Gülən yuvalarının bağlanmasına qarşı çıxdılar...

Tarix bir şey deyir, Kərimli və Həsənli isə utanmadan yalandan başqa şey iddia edirlər. Bütün bu sadalananlardan sonra cəmiyyəti necə inandırmaq olar ki, gülənçi institutlar şəbəkəsi Azərbaycanda Əliyevlər hakimiyyəti dövründə yaranıb? Axı tarix keçmişin şahididir, həqiqətin işığıdır, bizim canlı yaddaşımızdır, gələcək üçün əsasdır.

Bax belə, həyasızcasına Kərimli və Həsənli tarixin birinci qanununu pozdular – onlar ağ yalandan və tarixi həqiqətlər qarşısında ifşa olunmaqdan çəkinmədilər.

 Aktual.az

Xəbər 3155 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR