Gömrük Komitəsinin yeni sədri kim olacaq? - FOTOLAR

Gömrük Komitəsinin yeni sədri kim olacaq?  - FOTOLAR

Son zamanlar Gömrük Komitəsilə bağlı mediada ardıcıl olaraq tənqidi yazılar dərc olunur. Bu yazılarda gömrük generallarının biznesi, hədsiz sərvətləri, topdağıtmaz villlaları barədə fotoşəkillərlə zəngin olan məqalələr yayımlanır. Demək olar ki, son günlər bu yazıların ardı-arası kəsilmir. Haqqında yazılan gömrük generalları həmin yazılara heç bir reaksiya verməsələr, narahatlıq hissi keçirməsələr də nədənsə Bakı Baş Gömrük İdarəsinin rəisi barədə belə demək mümkün deyil.  Bakı Baş Gömrük İdarəsinin rəisi son zamanlar haqqında yazılan ən kiçik tənqidi yazıdan da narahat olur, mediadakı adamları vasitəsilə onları sildirməyə çalışır. Həmçinin bir qrup şəxs sosial şəbəkələrdə mediaya təzyiq etmək yolu ilə həmin yazıların qarşısını almağa cəhd edirlər.

 Məsələn Yenilik.Az saytı Miq.az-a istinadən “Gömrüyün əfsanəsi” başlıqlı yazı dərc edib və həmin yazıda Vüsal Novruzov haqqında tənqidi fikirlər yer alıb. Yazıya münasibət bildirməkdənsə  generala yaxın olduqlarını gizlətməyən həmin adamlar  sosial şəbəkədə təzyiq etməklə  tənqidlərin qarşısını almaq istəyiblər. Həmin şəxslərdən Roman Məmmədov adlı biri hətta Yenilik.az-a xəbərdarlıq etməyi də unutmayıb. Bu artıq  konkret təzyiq metodudur. Təbii ki, mediada və sosial şəbəkədə yazılanlar hüquq-mühafizə orqanlarının diqqətində olduğu üçün bir əndişməmiz yoxdur, Azərbaycan güclü dövlətdir və hər hansı real bir təzyiqlə, təhdidlə üzləşsək heç kimin məsuliyyətdən yaxa qurtara bilməyəcəyini yaxşı bilirik,  bizi hədələyənlər də yəqin ki, bunu bilməmiş olmazlar.  Bəs general Vüsal Novruzov  və ya onu sosial şəbəkədə müdafiə edənlər nədən narahatdırlar?

Son  günlərdə informasiya yayılıb ki, Gömrük sahəsindəki islahatların davamı olaraq artıq Komitənin rəhbərliyində dəyişikliklər gözlənilir. Bu isə generallar arasında mövqe savaşını gücləndirib. Ən maraqlısı budur ki, Vüsal Novruzov da Gömrük Komitəsinin sədri postuna iddialıdır və buna görə də mediada haqqında ən kiçik tənqidi yazının belə getməsini istəmir. Halbuki Azərbaycanda söz azadlığı, mətbuat azadlığı hələ Ulu Öndərimiz Heydər Əliyevin sağlığında təmin olunub və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Dövləti söz və mətbnuat azadlığının QARANTIDIR! Ona görə də özünü Prezidentin komandasının  üzvü hesab edən hər kəs  möhtərəm Prezidentimizdən nümunə götürməli və söz, fikir, mətbuat azadlığına dözümlü yanaşmalıdırlar.

Sonda general Vüsal Novruzovla bağlı sosial şəbəkədə müdafiə kampaniyası aparıb təzyiq yolu tutan şəxslərin bəzi qeydlərini  təqdim edərək bildiririk ki, bizə qarşı hər hansı xoşagəlməz hadisə baş verərsə bu rəylər araşdırılmalıdır. Xüsusilə Roman Məmmədov profilinin təhdidlərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını xahiş edirik. Görək hüquqi dövlətdə bu şəxslərə kim icazə verib ki, istinadla verilmiş yazıya görə bu cür təhdid dili ilə danışsınlar?

 

Qaldı ki, Gömrük Komitəsinin yeni sədri kim olacaq, ümumiyyətlə olacaqmı, harasa birləşdiriləcək, yoxsa heç bir dəyişiklik olmayacaq, bunu media həll eləmir, media xəbər verir, kimisə vəzifəyə təyin etmək, hansısa qurumu ləğv etmək və ya yenidən formalaşdırmaq Prezidentin səlahiyyətindədir. Ona görə də düşünürük ki, mediaya təzyiq etmək yolu ilə tənqidin qarşısını almaq istəyən məmurlar, o cümlədən general Vüsal Novruzov möhtərəm Prezidentimizin gömrük siyasətinin həyata keçirilməsi üçün daha böyük səylə çalışsa yaxşı nəticələr əldə oluna bilər.

Xəbər 2235 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR