“Əsgər Çingiz Qurbanovun cəsədinin geri qaytarılması üçün beynəlxalq təşkilatlara müraciətlər etmişik” – hüquq müdafiəçisi

“Əsgər Çingiz Qurbanovun cəsədinin geri qaytarılması üçün beynəlxalq təşkilatlara müraciətlər etmişik” – hüquq müdafiəçisi

ADİHİ rəhbəri Əhməd Şahidov ATƏT-in növbəti toplantısında Ermənistan ordusunun diversiya təxribatından danışacaq

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.

Məsələ ilə bağlı Azərbaycan dövləti ilə yanaşı, vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiə təşkilatları da intensiv iş aparırlar. İlk gündən məsələni diqqətdə saxladıqlarını bildirən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitunun rəhbəri Əhməd Şahidov bu barədə beynəlxalq təşkilatlara müraciətlər ünvanladıqlarını deyib: "Hadisə baş verən andan etibarən, bütün fəaliyyətimizi bu istiqamətə yönəltmişik, yenilikləri izləyirik. Təəssüflər olsun ki, rəsmi Yerevan bu dəfə də beynəlxalq hüquq normalarına, xüsusən də Cenevrə Konvensiyasının tələblərinə əməl etmir. Buna baxmayaraq, biz öz üzərimizə düşən vəzifələri yerinə yetirir və Yanvar ayının ilk günlərindən etibarən beynəlxalq insan haqları təşkilatlarına müraciətlər etmişik. Bayram günləri bitən kimi artıq sorğularımıza cavablar gəlməyə başlayıb. Düşünürəm ki, yaxın günlərdə beynəlxalq səviyyədə bu məsələyə yetərincə diqqət göstəriləcək və Ermənistan tərəfi beynəlxalq hüquq normalarına əməl etməyə məcbur ediləcək.”

Əsgər Çingiz Qurbanovun cəsədinin hələ də girov saxlanılmasının müharibə haqqında beynəlxalq konvensiyalara zidd olduğunu deyən hüquq müdafiəçisi ATƏT-in Yanvar ayında keçiriləcək Vyana toplantısında bu barədə məsələ qaldıracağını da bildirib: "23-24 Yanvar tarixlərində ATƏT-in növbəti iclasında iştirak etmək üçün Vyanada səfərdə olacam. Azərbaycan əsgərinin meyitinin hələ də qaytarılmamasının beynəlxalq konvensiyalara zidd olduğunu və Ermənistan tərəfinin beynəlxalq hüquqa əməl etmədiyini bir daha toplantı iştirakçılarının diqqətinə çatdıracam.”

Xəbər 504 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR