Bekarçılıqdan alim olan, sevdiyi qıza görə dəyişən, qayınatası tərəfindən soyulan DAHİ

Bekarçılıqdan alim olan, sevdiyi qıza görə dəyişən, qayınatası tərəfindən soyulan DAHİ

Çoxları bilir ki, elektrikin gücü amperlə ölçülür. Amma amper adının hansı alimə aid oğlduğunu, xüsusən də onun necə elmə gəldiyini çox az adam bilər. "Bilənlər, bilməyənlərə desin”, prizmasından yanaşsaq, birincilərin funksiyasını öz üzərimizə götürə bilərik.

Beləliklə, Publika.az böyük fransız alimi – fizik, kimyaçı, riyaziyyatçı Andre Mari Amperin həyatına nəzər salır.
Amper elektrodinamikanın əsasını qoyan alimlərdəndir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı” anlayışını daxil edib və molekulyar cərəyanlar fərziyyəsini irəli sürüb. Amper 1820-ci ildə cərəyan keçən iki naqilin bir-biri ilə qarşılıqlı mexaniki təsirini kəşf edib, bu qarşılıqlı təsirin qanununu (Amper qanunu) və ilk dəfə maqnetizm nəzəriyyəsini yaradıb. Həmin nəzəriyyəyə görə, maddənin maqnit xassələri onun hissəciklərindəki elektrik cərəyanları ilə təyin olunur. Bəs bəşəriyyətin ən böyük kəşflərindən birini etmiş bu alim elmə necə gəlib, onun şəxsi həyatı necə olub?

Əvvəlcə onu bildirək ki, Amper 1775-ci ildə zadəgan ailəsində doğulsa da ailəsinin sonradan müflisləşməsi ilə ard-arda bəlalarla üzləşib. Atası inqilabçı fəaliyyətinə görə 1793-cü ildə gilyotinlə edam edilib. Bacısının biri vərəmdən ölüb. Hər gün aclıq, üst-üstə xəstəlik ailənin "belini qırıb”. Bütün bu bəlaları, ailəsinin əziyyətini görməmək üçün Amper özünü atasının kitabxanası vurub. Atası Jan Jak təhsilli, qədim dilləri bilən adam olduğu üçün müxtəlif kitablarla zəngin kitabxanası vardı. Amper 4 yaşından oxumağı öyrəndiyindən kitablar elə uşaqlıqdan onun ən sevimli "oyuncağ”ına çevrilmişdi. 14 yaşında o, artıq ensiklopediyanı əzbərləmişdi. Amma Amper heç vaxt məktəbə getməyib, ömründə bir dəfə də olsun imtahan verməyib. O, təhsilini hələ varlı vaxtlarında ev müəllimlərindən alıb. Ailə kasıblayanda isə sərbəst şəkildə özü davam edib.
Kitablarla yaxın "dostluq” onun gözlərini zəiflətsə də gənc oğlan onlardan əl çəkmir. Amma özünə qapandığından insanlardan uzaqlaşır, ailə problemləri onu narahat etmir, sadəcə bir qarın yeməklə kifayətlənib küçələrdə təkbaşına veyillənirmiş, həm də ucadan latınca şeirlər deyə-deyə... Ta ki qızılı saçlı Katrin adlı qıza rast gələnə qədər bu, belə davam edir. Əlbəttə ki, qız səfil görkəmli, işsiz-gücsüz avaraya məhəl qoymur. Amma sevdasında möhkən olan Amper sırf sevdiyi qız naminə özünü kökündən dəyişir: üst-başını səliqəyə salır, fərdi dərslər verərək pul qazanır, sonra da Lion yaxınlığında yerləşən qəsəbədə müəllim olaraq çalışmağa başlayır. Belə deyək, anaya-bacıya məhəl qoymayan oğlan gələcək arvadı üçün hər əzaba qatlanır. Nəhayət, gözəl Katrinin razılığını alır və evlənirlər. 1800-cü ildə cütlüyün oğlu olur, Amper ona atasının adını verir. Bu dövrdə Amperin maqnetizmlə bağlı nəzəriyyələri Elmlər Akademiyasında bəyənildiyi üçün onu Lionda yeni açılmış litseyə müəllim təyin edirlər. Lakin düzəlməkdə olan həyat yenidən onun üzünə qaşqabağını sallayır: sevimli həyat yoldaşı vəfat edir. Bundan sonra Amper Lionda qalmaq istəmir, oğlu ilə birlikdə Parisə gələrək Politexnik məktəbində işə düzəlir. Buna baxmayaraq, ağır depressiyaya düşən Amper fələklə üsyana qalxır, Tanrıya qarşı asilik edir. Bu dəfə də onun elm köməyinə gəlir. Bir neçə yeni nəzəriyyələr irəli sürür. Dostları da onu tək qoymurlar. Amperi "ərə getməli” qızı olan bir ailə ilə tanış edirlər. Özlərini ziyalı kimi göstərən bu ailə tam bir fırıldaqçı qruplaşması imiş. Ailəlikcə gözəl qızlarını qabağa verib dələduzluq edirmişlər. 26 yaşlı Janna Fransuaza ilə evləndikdən sonra Amperin fəlakətləri yenidən başlayır. Ev-eşikdən, pul-paradan nəyi varsa, adamı soyurlar. Onun sadəlövhlüyündən və dinc adam olmağından istifadə edən qayınatası son qəpiyini də əlindən alıb evdən qovur.

Bu nikahdan da bir qızı olduğu üçün (uşağı da onun üstünə atırlar) Amper övladlarını dolandırmaq üçün üç yerdə işləməli olur. Müəllimlikdən əlavə dərslər verir, həmçinin universitetin baş müfəttişi vəzifəsində işləyir. Rəhbərlik müfəttiş işini alimə ona görə verir ki, o, başqalarından fərqli olaraq rüşvət almırmış. Beləcə o, 28 il bu vəzifədə çalışır. Bütün günü bu cür çalışmaqdan elmlə də çox məşğul ola bilmir. Ancaq əsas, bəşəri kəşfini etməyə ona heç nə mane ola bilmir. Mütəmadi səfərlər elə onun axırına çıxır. İş ezamiyyətlərindən birində Amper xəstələnir və sətəlcəmdən Marseldə dünyasını dəyişir. Böyük alim elə Marseldəcə dəfn olunur. Məzarının üstündə isə elə tam Amperi xarakterizə edən sözlər yazılır: "O elə xeyirxah, sadə və dahi idi ki!”
 
Aktual.az
Xəbər 158 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR