"Azərbaycan Türkiyə üçün baza ola bilər"


Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayır.


Aktual.az anspress-ə istinadən bildirir ki, Ərdoğan səfəri zamanı Gəncə şəhərinə gedəcək. Dövlət başçısı Gəncədə dövlət başçılarının sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına qatılacaq.

İki ölkə mətbuatının diqqətlə izlədiyi görüşdə əsas müzakirə mövzusunun ticarət dövriyyəsi ilə bağlı olacağı gözlənilir. İki ölkə arasında 2014-cü ildə 5 milyard dollar olan ticarət dövriyyəsi ötən ilin ilk 9 ayında 3 milyardı ötüb.

Türkiyə-Azərbaycan Biznes Şurasının (TABŞ) sədri Selçuk Akatın sözlərinə görə, Azərbaycanda baş verən devalvasiya və neftin qiymətinin düşməsi Türkiyə ilə olan ticarət əlaqələrinə də az da olsa, təsir edəcək. "Azərbaycan iqtisadiyyatının böyük hissəsi neft sektorundan asılıdır. Düzdür, son illər qeyri-neft sektorunun inkişafı üçün çox iş görülüb".

S.Akat görüş zamanı müzakirə edilə biləcək məsələlərə də toxunub. O deyib ki, Rusya ilə Türkiyə arasındakı hərbi təyyarə böhranından sonra "Türk axını" təbii qaz boru xəttini əvəz etməsi gözlənilən TANAP-la 2018-ci ildən öncə qaz nəqli gözlənilmir. "Bu, böyük bir layihədir, planı, proqramı var. Çox erkənə çəkilməsinin mümkün olmayacağını düşünürəm. Azərbaycan əkinçilik sahəsində də bir baza ola bilər. Bu sahədə Türkiyə və Azərbaycan əməkdaşlıq edirlər. Təcrübələrimizi paylaşırıq. Pambıqçılıq sahəsində çalışa biləcəyimiz çox məqamlar var. Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracını türk iş adamları həyata keçirə bilərlər".

Şura sədri Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətindən də danışıb. O qeyd edib ki, bu layihənin bir an öncə fəaliyyətə başlaması da iki ölkə arasında ticarət dövriyyəsini artıracaq.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişafına və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqlar baş tutacaq, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələr müzakirə olunacaq. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən ilin iyun ayında səfər edib.

Xəbər 554 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR