Azərbaycan elektrik enerjisi ixracını 2 dəfə artırıb

Azərbaycan elektrik enerjisi ixracını 2 dəfə artırıb

 2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 1,387 mlrd. ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1 824 subyekt iştirak edib.

"Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı”nda qeyd edilib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22%-dən çox artıb.
İcmalda qeyd edilib ki, 2017-ci ilin 11 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub. Bu dövrdə 140,2 mln. dollar dəyərində pomidor ixrac edilib.
Bu siyahıda ikinci yeri 116,4 mln. dollarla qızıl, üçüncü yeri isə 105 mln. dollarla qabığı təmizlənmiş meşə fındığı tutub.
Ümumiyyətlə, ilk 11 ayda meyvə-tərəvəz ixracı 453 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 109 mln. dollar, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 88 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 74 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 72 mln. dollar, pambıq ixracı 45 mln. dollar, elektrik enerjisi ixracı 41 mln. dollar, şəkər ixracı 39 mln. dollar, çay ixracı 9 mln. dollar təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı 2 dəfə, pambıq ixracı 2,3 dəfə, çay ixracı 65% artıb.
Cari ilin noyabr ayında xurmanın ixracının dəyəri 39,7 mln., qızılın ixracı - 17,9 mln. dollar, qabığı təmizlənmiş meşə fındığının ixracı 16,1 mln. dollar təşkil edib. Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya təmsil olunub.
"İxrac icmalı”nın son sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2017-ci ilin 11 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda "Azerbaijan International Mining Company Ltd.”nin Azərbaycan nümayəndəliyi, "Baku Steel Company” MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, "Sun Food” MMC, "MKT İstehsalat Kommersiya” MMC, Zabil Ocaqverdi oğlu Talıbov, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd.” MMC, "VN Food Export Import Company" MMC, "CTS-Agro” MMC və "Food Export Şəmkir” MMC təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsi, "Det-al Alüminium” MMC, "Azergold” QSC, "Azərenerji” ASC, "SOCAR Methanol” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, SOCAR-ın Geofizika və Geologiya İdarəsi, "Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, Naxçıvan MR-nın Dövlət Energetika Agentliyi və "Azərbaycan Dəmir Yolları” QSC təmsil olunub.
 
Aktual.az
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR