“Çalışırdılar ki, bizi ləkələsinlər, şər, böhtan atsınlar” - İlham Əliyev

“Çalışırdılar ki, bizi ləkələsinlər, şər, böhtan atsınlar” - İlham Əliyev

"Bu il ilk dəfə olaraq Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür”. 

Aktual.az  xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev MOK-da 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə deyib:

"Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb. Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir”.

"Biz gələn il İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da çox rəmzi məna daşıyır. Bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa, həm İslam oyunları keçirilir. Bu, bizim niyyətimizi göstərir. Çünki idman yarışları, o cümlədən Avropa Oyunları sadəcə olaraq idman tədbiri deyildi, bu, bir dostluq bayramı, həmrəylik təzahürü idi”-deyə prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, biz artıq dünyada bir idman mərkəzi kimi tanınırıq. Eyni zamanda, bəzi hallarda hansısa səbəblər üzündən əgər bir ölkədə çempionat, dünya çempionatı keçirə bilmirlərsə, Bakıya müraciət edirlər, - bu yaxınlarda belə bir hal olub, - və biz çox operativ şəkildə, heç bir əlavə hazırlıq görmədən o çempionatı Azərbaycanda keçirə bilərik: "Yəni, bu beynəlxalq idman qurumları, beynəlxalq federasiyalar üçün də artıq bir real faktdır, bunu bilirlər. Əgər hər hansı bir yerdə problem varsa, onlar bilirlər ki, bizə müraciət edə bilərlər və biz əlbəttə ki, istənilən yarışı qısa müddət ərzində ən yüksək səviyyədə keçirə bilərik. Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib. Əksinə bütün bu illər ərzində bəzi anti-azərbaycan dairələri çalışırdılar ki, bizim uğurlarımıza kölgə salsınlar, bizi ləkələsinlər, bizə şər, böhtan atsınlar. Ancaq bunun heç bir təsiri olmamışdır. Çünki nəticə göz qabağındadır və Azərbaycan xalqı həmişə həmrəylik göstərib. Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir”. 
 
Aktual.az
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR