Zəngin, vəzifəli ailələrin övladları niyə qudurğan olur?

Zəngin, vəzifəli ailələrin övladları niyə qudurğan olur?

Zənginlərin həyat tərzi hər zaman mətbuatın diqqət mərkəzində olub. Bu, bütün dünyada belədir. Azərbaycan jurnalistləri də tanınmış insanların həyatı haqda məlumatları həvəslə ictimailəşdirir. Tutaq ki, hansısa məşhurun bahalı avtomobil alması, yaxud onun övladının hər hansı restoranda dava salması medianı həmişə maraqlandırıb. Sadə insanların da məşhurların həyatına marağı çoxdur. 

Təəssüf ki, ölkəmizdə zəngin ailələrin həyatını media aşkara çıxarmır. Bizdə vəzifəli, varlı ailələrin övladları özləri qəzetçilərə mövzu verir. Kimisi avtoqəza törədib kasıb ailənin bir neçə üzvünü öldürür, kimisi restoranda dava salıb adam bıçaqlayır, bir başqasının adı vəhşi heyvanın kababını yeməklə ad "qazanır" və s. 

İctimaiyyəti həmişə bir sual maraqlandırıb: nədən varlı, vəzifəli insanların ailə üzvləri - oğulları, qızları və digər doğmaları qalmaqallı olayların əsas iştirakçısı olurlar? 

Aktual.az musavat.com-a istinadən xəbər verir ki, psixoloq Asəf Kərimova görə, bu kimi halların günahkarı valideynlər özləridir: "Ata, ana aldığı maşını, geyimi öz mühitlərində dost-tanışa, qohum-əqrəbaya, qonşulara nümayiş etdirərək davranış nümunəsi göstərirlər. Uşaq da təbii ki, bu davranış formasını qəbul edir. Tərbiyə prosesi düz qurulmur. Mənəvi-əxlaqi dəyərlər aşılanmır. Qərb dünyasında varlılar bunu kənardakılara hiss etdirməməyə çalışırlar. Xüsusən alman varlıları olduqca qənaətcil və gözə girməkdən qaçır, var-dövlət nümayişini ədəbsizlik sayırlar. Başqasına yuxarıdan aşağı baxmaq əxlaq məsələsidir". 

Psixoloq mövzunu başqa səbəblərlə də əsaslandırır: "Əvvəllər ailədə bir neçə uşaq olurdu. Böyüklər kiçiklərin qayğısına qalırdı ki, bu da qarşılıqlı yardım, bölüşmək, bir-biri qarşısında məsuliyyət hissinin inkişafı demək idi. Uşaqlar daha müstəqil olur və istəklərini özləri əldə etməyə cəhd edirdilər. İndi ailələrdə bir və ya iki uşaq olur ki, onlar hərtərəfli qayğı, həddən artıq qoruma, cəzasızlıq mühitində böyüyürlər. Bu isə uşaqda ərköyünlüyə, kaprizliyə gətirib çıxarır".

A.Kərimovun sözlərinə görə, bu məsələdə valideynlərin dünyagörüşünün aşağı olması da ciddi rola malikdir: "Əslində bu, varlı-kasıb məsələsi deyil. Hazırkı cəmiyyətimizdə böyük əksəriyyətin dünyagörüşü aşağıdır. İncəsənət, ədəbiyyat, teatr, sərgi salonları yoxdur, bəziləri isə yenə də imitasiya edir. Bu isə uşağın mənəvi inkişafının, onun özünü müxtəlif sahələrdə sınamağının qarşısını alır. Bizdə varlı ailələrin uşaqları xüsusi məktəblərdə oxuyur, maşınla hərəkət edir, ancaq öz mühitinə aid ailələrin uşaqları ilə görüşür. Onların isə adətən eyni söhbətləri, eyni maraqları olur. Bu, xaricdə də var. Lakin valideynin dünyagörüşünün yuxarı olması uşağın müxtəlif sahələrdə inkişafına imkan yaradır".

Ekspert Müşfiq Şükürov varlı, vəzifəli ailələrin övladlarının qudurğanlığını görməmişliklə əlaqələndirdi: "Birdən-birə böyük və asan əldə olunan pullara sahib olublar, başlarını itiriblər. Nümayiş etdirdikləri bahalı geyimlər, interyerlər, maşınlar... hamısı mənəvi kasıblığın sübutudur. Ölkəsinin müəllim və həkimləri (yəni əhalinin ən savadlı kəsimi) dilənçi maaşı alan ölkədə pulları ilə öyünmək - acın qarşısında ziyafət düzəltmək kimi bir şeydir".

Ekspert bu təbəqənin nümayəndələrini reallıq hissini itirmiş adamlar sayır: "Ölkə insanlarının əksəriyyətinin nə ilə və necə yaşadıqlarından xəbərsizdirlər. Niyə insanların bu hallara təpkisi təsirli deyil? Ona görə ki, vəzifədə olan azərbaycanlının düşüncəsi ilə vəzifədə olmayan azərbaycanlının düşüncəsi arasında elə bir fərq yoxdur. 

Daxildə belə bir lal ictimai razılaşma var ki, "adam vəzifəyə yemək üçün gedər də". Ona görə də paxıllıqla yanaşı, içəridə bir həsəd də var. Daxili bir həmrəylik var, ölkənin varlıları və acları arasında. Buna görə də cəmiyyət ortalığa bu hallara qarşı effektiv mübarizə qoya bilmir".

Xəbər 1547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR