"Stadler Rail Group" şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, 12 sentyabrdan 27 oktyabra kimi Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları 74 059 nəfər sərnişinə xidmət göstərib. Belə ki, Bakı sərnişin stansiyasından standart vaqonlara 39 232, biznes sinfinə aid vaqonlara 1439, Sumqayıt stansiyasından standart vaqonlara 32 473, biznes sinfinə aid olan vaqonlara isə 915 bilet satılıb.
Xatırladaq ki, sentyabrın 12-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bildirir ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz mənzil başına çatdırılması istiqamətində görülən işləri davam etdiriləcək.