Vaxtında sahibkarları "tasa otuzdururdu" - İndi yalvar-yaxar edir

Vaxtında sahibkarları

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı Səbayel Rayon Məhkəməsinin çıxardığı qərardan verilən apelyasiya şikayətinə baxılacaq vaxt açıqlanıb. Şikayətə martın 14-də Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

Aktual.az Criminal.az-a istinadən xəbər verir ki, Akif Çovdarovun vəkili Sadiq Rəsulov “Yeni Müsavat”ın suallarını cavablandırarkən demişdi ki, apelyasiya şikayəti vermək niyyətləri yoxdur. Vəkil şikayətdən müvəkkilinin jurnalistlərin keçiriləcək məhkəmə prosesində foto-videokameralarına tuş gəlməmək üçün imtina etdiklərini söyləmişdi. Belə görünür ki, artıq A.Çovdarov müdafiə taktikasını dəyişib.

Belə görünür ki, MTN-in ən odioz fiqurlarından biri olan general-mayorun ictimaiyyət qarşısına çıxmağa can atması əbəs deyil. A.Çovdarov danışsa, bu ölkə gündəminin fərqli müstəviyə çıxması, geniş ictimai-siyasi müzakirələrə yol açacağını təxmin etmək elə də çətin deyil. Qeyd edək ki, Səbayel Rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Qərarla razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.

Xatırladaq ki, A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

// Aktual.az

Xəbər 7469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR