Valideynlər öz uşaqlarını insan alverinə cəlb edir

Valideynlər öz uşaqlarını insan alverinə cəlb edir

“İnsan alveri ilə bağlı 2014-cü ildə 97, 2015-ci ilin 9 ayı ərzində 101 fakt qeydə alınıb. Uşaqların insan alverinə daha çox valideynləri, qohumları, yaxınları tərəfindən cəlb olunması hallarına rast gəlinir”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov deyib. O, bildirib ki, 2015-ci ildə Azərbaycan vətəndaşı olan bir uşaq insan alverinə məruz qalıb:

“Azərbaycanda insan alveri faktları dünya ölkələri ilə müqayisədə dəfələrlə az olsa da, bu istiqamətdə araşdırmalar davam etdirilir. İnsan alveri elə bir cinayət növüdür ki, onun çərçivəsində daha çox yaxınları, qohumları, birgə yaşayan insanlar zorakılığa məruz qalır. Narkotik vasitələrdən istifadə, erkən nikahlar, alkoqollu içkilərin istifadəsi, ailələrdə məişət zorakılığının olması birbaşa ağırlaşdırıcı hal kimi insan alverinə gətirib çıxarır. Bununla mübarizəni gücləndirmək məqsədilə Azərbaycanda 2014-dən başlayaraq mütəmadi dövlət proqramı qəbul olunub. Sonuncu dövlət proqramı 2014-2018-ci illəri əhatə edir”.

Məcburi əməyin insan alverinin bir növü olduğunu deyən E.Səfərovun sözlərinə görə, bu sahədə mübarizənin gücləndirilməsinə ehtiyac var. Qurum rəsmisi hesab edir ki, Azərbaycanda valideynlər öz uşaqlarını məcburi əməyə cəlb edirlər. Onun bildirdiyinə görə, hər il 200-250 belə fakt qeydiyyata alınır.

“Bunun qarşısının alınması məqsədilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komistəsi, Daxili İşlər Nazirliyi,yaşayış yeri üzrə icra hakimiyyətləri ilə birgə mütəmadi olaraq reydlər keçirilir. Hər il 200-250 fakt qeydiyyata alınır. Övladlarını təhsildən yayındıraraq məcburi əməyə cəlb edən valideynlər barəsində xüsusi tədbirlər görülür. Onların valideyn hüquqlarından məhdudlaşdırılması, ləğv olunması, İnzibati Xətalar Məcəlləsində göstərilən digər maddələrlə məsuliyyət növləri tətbiq olunur. Hətta valideynlər azadlıqdan da məhrum edilə bilərlər”.

Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Məclisdə keçirilən “Ailə institutunun formalaşmasında adət-ənənələrimizin rolu” adlı tədbirdə çıxış edərək bildirib ki, ailələrin dağılması ilə nəticələnən səbəblərdən biri də narkomaniya və qumar aludəçiliyidir: “Son vaxtlar bizə ərizələrlə müraciət edirlər ki, qumar oyununda qızını uduzan atalar peyda olub”.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR