Aktual.az yeni rubrikaya start verir. Hər həftənin bazar ertəsi oxucuların görüşünə gələcək rubrikada azərbaycanlı milyarderlərdən, daha doğrusu onların keçdiyi həyat yolundan bəhs ediləcək.
Rubrikanın növbəti qonağı “Forbes” jurnalının milyarderlər siyahısında ilk 40-lıqda yer alan yeganə azərbaycanlı, Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərovdur.
Vahid Ələkbərov kimdir?
65 yaşlı oliqarx-biznesmen Bakının hazırda Bakıxanov, bir zamanlar isə Razin adlanan qəsəbəsində dünyaya göz açıb. Atası Yusif Ələkbərov müsəlman olsa da, anası Tatyana Fyodrovna xristian və rus kazak tayfalarındandır. Həm orta, həm də ali təhsilini Bakıda alan Vahid Azərbacaycan Dövlət Neft Akademiyasında təhsil aldığı illərdə parallel olaraq neft və qaz hasilatı üzrə operator kimi çalışır. Ali məktəbi bitirdikdən sonra Mokvaya üz tutur və həyatının bundan sonrakı mərhələsi məhz Rusiyayla bağlı olur. “General olmaq istəməyən əsgər, əsgər deyil” devizini həyat tərzinə çevirən gələcək oliqarxın uğurlu karyerası da məhz Moskvada başlayır.
15 ölkəyə məsul nazir müavini…
Çox keçmir ki, Vahid Ələkbərov peşəkar mütəxəssis kimi irəli çəkilir. Əvvəlcə SSRİ Neft və qaz nazirinin müavini, ardınca isə birinci müavini təyin olunur. 1991-ci ildə Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "Lukoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradır. “Lukoyl” nəinki Rusiyada, bütün dünyada məşhurluq qazanır. Rusiyanın bir nömrəli neft şirkətinə çevrilir. Şirkətin uğurları artdıqca, Vahid Ələkbərovun da gəlirləri artmağa başlayır. Və təsadüfi deyil ki, V.Ələkbərov 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub. Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilir. Hətta son illər bu rəqəmin artdığı, 15 milyard dollar yaxınlaşdığı da iddia olunur.
Neft maqnatı olmaq arzusu...
Ölkənin neft maqnatına çevrilmək arzusu V.Ələkbərovda 1990-cı ildən yaranıb. O zaman BP-nin menecerlərindən olan Rondo Fellberq adlı şəxsin xatirələrinə görə, SSSR-nin dağılmasından sonra "British Petroleum" sovet neftçilərinin Britaniyaya səfərini təşkil edir. Ələkbərova nümayəndə heyətini toplamaq tapşırılır. Və o, bu heyətin rəhbəri seçilir. R. Fellberq deyir ki, tədbirdə müzakirələrin gedişatını dərhal ələ alan Ələkbərov BP rəhbərliyinə müasir neft şirkətini necə yaratmağın yolları barədə suallar verir: “Sovet İttifaqının çöküşündən cəmi 1 il keçməsinə baxmayaraq, Ələkbərov hələ o zaman ölkənin dağılan neft obyektlərinə nəzarət etməyi planlaşdırırdı. Halbuki həmin ərəfədə onun aylıq əmək haqqısı biznes naharını belə ödəməyə yetərli deyildi”.
Onu necə tanıyırlar…
İş adamını işgüzar dairələrdə baxışlarına görə, hörmət alaməti kimi “don” adlandırırlar. Hətta o salamlaşarkən, əlini öpdürürmüş kimi uzadır. Ələkbərov sakit və aramla danışır. Sözləri tələffüz edərkən səs tonunu azaldaraq, sanki həmsöhbətlərinə “siz məni dinləyin” mesajını verir. İş adamının mühüm personasından xəbər verən digər amil “Lukoyl”un Moskvanın mərkəzindəki şuşə və poladdan tikilmiş ofisidir. Ələkbərovun titan və şüşədən düzəldilən iş stolunun üzərində isə səliqə-səhman hökm sürür. Çünki maqnat səliqəsizliyi heç sevmir. Maraqlı məqamlardan biri də onun otağındadakı yeganə protretdir.
Maraqlıdır, görəsən dünyada elə zəngin varmı ki, bu yola çətinlikdən başlamasın? İstər Mübariz Mənsimovon, istər Vahid Ələkbərovun, istərsə də bundan sonrakı qəhrəmanlarımızın tərcümeyi-halında yalnız çətin həyatın nəticəsi olan zəngin həyatı müşahidə edirik. Bax burada yenidən Rondo Fellberqin fikirlərinə yer veririk:
“Halbuki həmin ərəfədə Vahidin aylıq əmək haqqısı biznes naharını belə ödəməyə yetərli deyildi”.
Adnan/Aktual.az