UEFA prezidenti: "Azərbaycanı ziyarət etmək bizim üçün şərəfdir”

UEFA prezidenti:

Dünyanın hər yerindən olan futbol azarkeşlərini həyəcanlandıracaq bu hadisə üçün Azərbaycanı və onun gözəl paytaxt şəhərini ziyarət etmək bizim üçün şərəfdir”.

"Report”un məlumatına görə, bu fikirlər UEFA prezidenti Aleksander Çeferinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı salamlama mesajındandır.
Sloveniyalı funksioner bildirib ki, gələn il AVRO-2020-nin oyunlarının keçiriləcəyi möhtəşəm Bakı Olimpiya Stadionu həm də Avropa klub futbolunun ən gözəl hadisələrindən birinin məkanı olmağa hazırdır: "Hamımız daha bir möhtəşəm Avropa Liqası mövsümünün zirvə nöqtəsini səbirsizliklə gözləyirik. Azarkeş və bitərəf müşahidəçilər keçən bir neçə ay ərzində sərgilənmiş oyunları həyəcanla izləyib. Saysız-hesabsız və gərgin mübarizə şəraitindəki oyunlardan sonra kubok uğrunda mübarizə aparan sadəcə iki komanda qalıb. Bakıya gəlişləri onların necə də yüksək keyfiyyətlərə malik olduqlarından xəbər verir. Paytaxt sakinləri hər kəsi qarşılamaq imkanından zövq alır və iki komandanın azarkeşləri, şübhəsiz ki, çox coşqun və unudulmaz ab-havanın yaradılmasına kömək edəcəklər”.
UEFA rəhbəri final oyununa ev sahibliyi etdiyi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) təşəkkür edib: "AFFA və xüsusilə onun prezidenti Rövnəq Abdullayevə bu final oyununa ev sahibliyi etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Hər iki tərəfə qarşılıqlı hörmət və ədalətli oyun ruhunda keçiriləcəyinə ümid etdiyim oyunda uğurlar arzulayıram”.
Qeyd edək ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin "Arsenal” və "Çelsi” komandaları qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq.
Xəbər 78 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR