Türkiyə və Azərbaycana qarşı təxribat: Tehran niyə “erməni soyqırımı”nı qeyd etməyə imkan verir? - VİDEO

Türkiyə və Azərbaycana qarşı təxribat: Tehran niyə “erməni soyqırımı”nı qeyd etməyə imkan verir? - VİDEO

İranda yaşayan ermənilər növbəti dəfə qondarma soyqırımı yad ediblər.

Bu azmış kimi din xadimi qiyafəsinə bürünmüş şəxslər də daxil olmaqla tədbirdə iştirak edən ermənilər öz separatçılıqlarından da geri qalmayıblar. Onların hər birinin üzündə quldur rejimin əski parçasını xatırladan maskalar olub.

30 milyondan çox azərbaycanlının yaşadığı, Türkiyə ilə birlikdə özünü İslam dünyasının liderlərindən biri hesab edən İranda ermənilər sərbəst şəkildə Ankara və Bakıya qarşı təxribat törədə biliblər. Vətən müharibəsi günlərində minlərlə azərbaycanlının "Qarabağa dəstək” aksiyalarının qarşısını amansızlıqla alan İran nədənsə ermənilərə münasibətdə "humanizm” mövqeyini tutub.

Heç kimə sirr deyil ki, istər birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğalçıya qarşı tətbiq etdiyi blokadanın yarılmasında, istərsə də 44 günlük Vətən müharibə dövründə İran hər zaman Ermənistan üçün nəfəslik rolunu oynayıb. Azərbaycan və Türkiyənin əl-ələ verməsi ilə blokadaya salınan Ermənistan uzun illər yalnız İranın dəstəyi nəticəsində ayaqda durmağı bacarıb.

Tehran Qarabağın işğalından sonrakı 30 ilə yaxın dövrdə Ermənistan üçün əsas təchizatçı rolunu oynayıb. Üstəlik İrandan təkcə Ermənistana deyil, Qarabağa da yanacaq, ərzaq daşınıb.

Uzun illər Qarabağın intizarında yaşayan azərbaycanlılar həmin vaxt Qarabağı İrandan separatçılara yanacaq, ərzaq daşıyan və ya istirahətə yollanan şəxslərin çəkdiyi videolarda izləyib.

Elə tarixi ədalətin bərpası üçün Azərbaycanın haqq savaşına başladığı zaman da Ermənistana İrandan maksimum dəstək verilib.

Bu gün ərazisində ermənilərin Türkiyə və Azərbaycana qarşı rahatlıqla təxribat törətməsinə göz yuman İran 44 gün ərzində narahatlıqdan gözünü bir dəfə belə olsun yuma bilməyib. İrandan Ermənistana dayanmadan gecə-gündüz silah daşınmasını yalnız bu narahatlıqla əlaqələndirmək olar.

Hətta cənublu soydaşlarımızın ayağa qalxmasından sonra belə Tehran bu əməlinə son qoymayıb. "Qarabağa dəstək” aksiyalarında yüzlərlə azərbaycanlı saxlanılıb. İran həm də Rusiyadan Ermənistana silah daşıyan təyyarələrin eniş zolağı olub. Həmin silahlar da məhz İran ərazisindən keçməklə düşmən tərəfin ixtiyarına verilib.

Ermənilər isə həmin silahlardan Qarabağda Azərbaycan ordusuna qarşı istifadə edib.

Bu azmış kimi İran şimal sərhədində gedən haqq savaşına o qədər qıcıqlanıb ki, öz arsenalında olan ən müasir texnikaları Azərbaycanla sərhədə yığıb. Üstəlik bu texnikalar arasında ən çox vurğulanan İranın hava hücumundan müdafiə sistemləri olub. Nəyə görə məhz bu sistemlər? Vətən müharibəsində İranın hava sərhədləri pozulmuşdu bəyəm, yoxsa "Bayraktar” və "Harop”ların düşmən texnikasını məhv etməsi İranı qorxutmuşdu?

Hətta İran tərəfindən müharibə dövründə ölkələrin ərazi bütövlüyü barədə də açıqlamalar ikili standartlara söykənirdi. Təbrizdə soydaşlarımızın etirazlarından sonra məcbur qalıb Qarabağı islam torpağı adlandıran İran rəsmiləri üçün qırmızı xətt isə Ermənistanın ərazi bütövlüyü hesab olunurdu.

Sual yaranır bəs Azərbaycanın ərazi bütövlüyü İran üçün nə qədər önəmli idi? Əgər İran həqiqətən Qarabağı İslam torpağı hesab edirdisə, nəyə görə Cəbrayıl və Zəngilanda ermənilərlə əl-ələ verib münbit Azərbaycan torpaqlarında əkin sahələri yaratmışdı?

İranın Azərbaycana qarşı qərəzli münasibətində fars şovinizminin çalarları da görünür. İşğala son qoyduqdan sonra Qarabağdakı məscidlərin acınacaqlı vəziyyəti bütün dünya ictimaiyyətinə erməni vandallığını nümayiş etdirdi. Demək olar ki, Şuşa şəhərindən başqa ərazilərdə bir dənə belə olsun salamat məscid yox idi. Bunu isə adi bir təsadüf kimi görmək sadəlövhlük olar. Şuşadakı məscidin İranın maliyyəsi ilə təmir olunduğu faktı məlumdur. Bu "humanist” addımın arxasında isə məscidin farslaşdırılması siyasəti dayanır. Hətta Şuşada turistlər tərəfindən çəkilmiş bir çox videomateriallarda Şuşa məscidinin fars-İran məscidi kimi qələmə verildiyini də aydın şəkildə görmək olar.

Bu isə İranın Şuşa üçün etdiyi bu "yaxşılığın” arxasında hansı maraqların dayandığını açıq-aşkar ortaya qoyur.

Hətta İran mətbuatında belə hər zaman ermənilərə simpatiya hiss olunub, bəzən bu yaxınlıq hətta separatçını dəstəkləməyə qədər gedib çıxıb. Məsələn, İranın "Tabnak” agentliyinin materiallarında Azərbaycanın həmin vaxt işğalda olan Qarabağ bölgəsinin etnik kimliyini saxtalaşdıraraq aşkar şəkildə işğalçı Ermənistana dəstək nümayiş etdirilib, İran Dövlət Televiziyasının aparıcısı xəbərlər proqramında Qarabağı "erməni torpağı” adlandırıb. Bu kimi nümunələrin sayını xeyli artırmaq olar.

Daha bir maraqlı faktı qeyd edək ki, İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Qeyri-fars xalqlardan azərbaycanlıların sayı 30 milyonu keçdiyi halda, ermənilərin sayı 100 mindən bir qədər artıqdır. İran isə sayca azərbaycanlılardan 300 dəfə az olan bu xalqa onlardan 300 dəfə çox imtiyaz verir.

İnternetdə bir qədər araşdırma apardıqdan sonra daha maraqlı faktlarla qarşılaşmaq da olur. Belə ki, İranda spirtli içkilərin satışına icazə verilən yeganə obyekt və restoran məhz ermənilərə məxsusdur. Müsəlmanların girişinin qadağan edildiyi bu müəssisələrdə əsasən xarici ölkələrin diplomatik korpus nümayəndələri vaxt keçirir.

Sadalanan bütün bu faktlar İranın Azərbaycana və azərbaycanlılara qarşı qərəzli mövqeyini ortaya qoyur.

Azərbaycan dövləti və xalqı isə bütün bunları görür və unutmur…

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR