"Tezliklə daha çox soydaşımız Qarabağa qayıdacaq"


Niyaməddin Orduxanlı: "Qarabağa qayıdış birbaşa Prezidentin nəzarətindədir”

"Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin öz keçmiş dədə-baba yurdlarına qayıdış prosesi davam edir. Son olaraq, növbəti köç karvanı Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülüb. Bununla da işğaldan azad olunan bu əraziyə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.

Yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yeni köçürülən ailələrə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verib. Onlara tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu günədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlət proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb. Bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov bildirib (Axar.az).

"Bununla yanaşı, özəl sektorun da bərpa-quruculuq işlərində iştirakını dəstəkləyirik və təşviq edirik. Hazırda həm dövlət-özəl tərəfdaşlığı, həm də birbaşa investisiya ilə bir sıra sahibkar həmin ərazilərdə fəaliyyət göstərir”, - deyə o qeyd edib.

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Böyük Qayıdış prosesinin birbaşa ölkə başçısının nəzarətində olduğunu bildirdi: "Prezident İlham Əliyev Qarabağı işğaldan azad etdikdən dərhal sonra Qarabağa Böyük Qayıdış konsepsiyası çox sürətlə həyata keçirilir. 30 il işğal altında qalan 20% ərazimizin böyük əksəriyyəti erməni vandalizmi ilə qarşılaşmışdı. Həqiqətən də biz bunun canlı şahidləri olduq. Ermənilər bu ərazilərdə daşı daş üstündə qoymamışdılar. İnfrastruktur məhv edilmişdi. Minlərlə ev dağıdılmışdı. Yollar yox olmuşdu. Kommunikasiya xətləri yox idi.

Ən böyük problemlərdən biri o idi ki, ərazinin böyük hissəsi zəhərlənmişdi, yəni minalanmışdı. Təxmini hesablamalara görə, yüz minlərlə piyada və tank əleyhinə mina basdırılıb. Yeri gəlmişkən, SSRİ zamanında sovet mina zavodu Ermənistanda olub və bu günə qədər də həmin zavod fəaliyyətini davam etdirir. Bu səbəbdən ermənilər böyük ərazini minalayıb. Mina amili də qayıdış prosesini müəyyən qədər ləngidir.

Ancaq buna baxmayaraq, mina təmizləmə işləri tam sürətlə həyata keçirilir. Cənab Prezident İlham Əliyev Qarabağ və ətraf rayonların hamısına qayıdış prosesini həyata keçirir. Xüsusi nümayəndəliklərlə görüşündəki tapşırıqlar və Prezidentin tez-tez Qarabağa səfəri buna bir daha sübutdur. Aparılan tikinti və quruculuq işlərinə özünün nəzarət etməsi də bir daha sübut edir ki, Qarabağa qayıdış birbaşa Prezidentin nəzarətindədir. Bunun nəticəsidir ki, bır sıra bölgələrə əhalinin qayıdışı təmin edilir. Zəngilan, Şuşa, Laçın və digər ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışını görürük. Prezidentin tapşırığı əsasında hər il dövlət büdcəsindən təxminən 2 milyard manata yaxın vəsait ayrılır.

Dəfələrlə həmin ərazilərə səfərlər etmişik. İşğaldan azad olunmuş elə bir ərazi yoxdur ki, abadlıq, quruculuq və tikinti işləri aparılmasın. Çox təəssüfedici hal odur ki, bir milyona yaxın insanın evinin bərpasına, qurulmasına dünya birliyi, beynəlxalq təşkilatlar, humanitar təşkilatlar heç bir dəstək nümayiş etdirmir. Bu, çox ədalətsiz yanaşmadır. Azərbaycana qarşı haqsızlıqdır. Hətta beynəlxalq humanitar təşkilatlar Qarabağla bağlı heç bir addım atmır. Ancaq ermənilərin etdiklərinin onda birini biz etmiş olsaydıq, bəlkə də çoxdan Azərbaycandan təzminat almışdılar.

Azərbaycan bütün dünyaya sübut edir ki, biz öz gücümüz hesabına vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmağını təmin edirik. İnandırım ki, qısa müddət ərzində məhv edilmiş ərazilərdə bu cür işlərin görülməsini elə həmin dövlətlər gözləmirdi. Təbii ki, bunun əsas səbəbkarı İlham Əliyevin fəaliyyətidir. Xalqımız çox inanır ki, yaxın gələcəkdə Qarabağa qayıdış daha çox soydaşlarımızı əhatə edəcək".

Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR