Şuşanın icra başçısı: Lazım gəlsə, Xankəndini də vurarıq

Şuşanın icra başçısı:   Lazım gəlsə, Xankəndini də vurarıq

Azərbaycan ordusu 1-3 aprel tarixlərində hücum etməyib, Ermənistan ordusunun hücumuna əks-həmlə ilə cavab verib. Gələcəkdə Ermənistan ordusu hücum edərsə, yenə adekvat cavab veriləcək. Lazım gələrsə, Xankəndinə belə zərbə endiriləcək.

Aktual.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.

B.Səfərov deyib ki, aprel hadisələri dövründə 15 yaşlı uşaqlar belə könüllü cəbhəyə yollanmaq üçün müraciət ediblər:

“Xalqımız torpaqlarımızın azad edilməsini istəyir. Beynəlxalq hüquqa görə, Azərbaycanın torpaqlarını işğaldan azad etmək, torpaqlarını işğalçı ordudan, quldur dəstələrindən azad etmək hüququ var. Azərbaycan dövləti, ordusu nə vaxt istəsə, bu addımı ata bilər”.

Sabah Ermənistan parlamentində qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məsələsinin müzakirəyə çıxarılmasına gəlincə, B.Səfərov qeyd edib ki, bu, Ermənistan tərəfindən növbəti təxribatdır:

“Həmişə belə təxribatlara əl atıblar. Ermənistandakı rejim çətin duruma düşəndə, iç üzləri açılanda, həmişə təxribatlara əl atır. Bu da belə təxribatlardan biridir. İkincisi, Ermənistan parlamentinin qondarma “DQR”i tanıyıb-tanımaması heç nəyi dəyişməyəcək. Həm də Ermənistan parlamentinin Dağlıq Qarabağla bağlı hansısa məsələni müzakirəyə çıxarmaq hüququ yoxdur.

Bütün dünya Dağlıq Qarabağın və ətrafdakı 7 rayonun Azərbaycan torpaqları olduğunu qəbul edir. Ermənistan bu addımı atsa belə, bunun bir əhəmiyyəti olmayacaq. Ona görə də Ermənistan bu gülünc təxribatı ilə sadəcə, dünyada özünü növbəti dəfə biabır etməkdən başqa heç nə qazana bilməyəcək”.

Ermənistan parlamentinin qondarma “DQR”i tanımasının münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar danışıqların dayanmasına təsir göstərə biləcəyinə gəlincə, B.Səfərov Ermənistanın Azərbaycanla müharibə etmək gücü və qabiliyyətinin olmadığını vurğulayıb.

O, Birinci Qarabağ savaşında Azərbaycanın nizami ordusunun olmadığını xatırladıb: “Bu gün Azərbaycanın güclü ordusu var və gücünü ortaya qoyur. Lazım gələrsə, Azərbaycan öz ərazisini işğaldan azad edəcək. Azərbaycana başqalarının torpaqları lazım deyil. Ermənilər onu da gözəl bilirlər ki, Dağlıq Qarabağ Qarabağ xanlığının, bu gün yaşadıqları torpaqlar İrəvan və Naxçıvan xanlığının torpaqlarıdır. Qarabağ bizimdir, bizim də olacaq”.

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR