Şuşada reallaşdırılan infrastruktur layihələri və tədbirlər sübut edir ki, bu müqəddəs şəhər yenidən dirçəlir

Şuşada reallaşdırılan infrastruktur layihələri və tədbirlər sübut edir ki, bu müqəddəs şəhər yenidən dirçəlir

Şuşada reallaşdırılan infrastruktur layihələri və tədbirlər bir daha onu sübut edir ki, bu müqəddəs şəhər yenidən dirçəlir və Böyük Qayıdışa hazırlaşır. Qayıdış üçün qısa müddət ərzində bütün mümkün addımlar atılıb və bütün imkanlar səfərbər olunub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Cıdır düzündə keçirilən "Xarıbülbül” musiqi festivalını hər kəs xüsusi sevinc, qürur və bayram əhval-ruhiyyəsində izlədi. Həqiqətən, çox möhtəşəm idi. Musiqi beşiyi, musiqi məbədi olan Şuşada belə bir gözəl tədbirin keçirilməsini çox gözləmişdik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev bildirib.
Bununla yanaşı, Şuşada mühüm layihələrin həyata keçirilməsi ilə bağlı operativ işlərin görülməsinə də şahidlik etdiklərini deyən E.Musayev vurğulayıb: "Artıq Şuşada elektrik enerjisinin verilişi tam təmin edilib. Bu məqsədlə "Şuşa” yarımstansiyasının, eyni zamanda, Füzuli rayonunun "Şükürbəyli” yarımstansiyasından 75 kilometrlik məsafədə 110 kilovoltluq "Şuşa-Şükürbəyli” elektrik xəttinin tikintisinə başlanılıb.
"Xarıbülbül” oteli də qısa müddətdə yenidən quruldu. Heç şübhəsiz, yaxın gələcəkdə Şuşa həm də turizmin əsas mərkəzlərindən birinə çevriləcək.
Deputatın sözlərinə görə, Şuşada yeni məscidin təməlinin qoyulması və Gövhərağa məscidinin bərpası Azərbaycanın daim sadiq qaldığı İslam irsinin təbliği kontekstində çox mühüm hadisədir. İyirmi doqquz ildən sonra ilk dəfə Şuşada bayram namazı qılındı, azan səsi eşidildi. Yəni, artıq insanlarımız və musiqimizlə bərabər, müqəddəs dinimiz də doğma və əzəli məkanına qayıdıb. Bu da son dərəcə qürurverici məqamdır.
"Biz Şuşaya, həqiqətən, çox bağlıyıq. Bu səbəbdən onunla bağlı hər müsbət xəbər bizi sevindirir. Şuşa bizim tariximizdir, mədəni irsimizdir. Şuşa Qarabağın döyünən ürəyidir. Şuşa bizə o qədər doğmadır ki, onu həm də rəmz kimi qəbul etmişik. Ona görə də Şuşanın işğaldan azad olunması və həmin xəbərin Müzəffər Ali Baş Komandan tərəfindən elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyətli bir hadisədir. Həmin gün bu ölkədə hamı sevincindən ağladı, hamı bayram elədi, hamı həyatının ən xoşbəxt günlərindən birini yaşadı”, - deyən Elşən Musayev vurğulayıb ki, Şuşanın işğaldan azad edilməsi ermənilərə dağ çəkib. Naqis düşmən məhz Şuşanı itirəndən sonra anladı ki, təcili bir şəkildə kapitulyasiya aktına qol çəkməlidir. Ona görə diz çökdülər, yalvardılar, məğlubiyyətlərini etiraf etdilər.
Deputat diqqətə çatdırıb ki, Pənahəli xanın yadigarı olan Şuşa 30 ilə yaxın işğal altında qaldı, dağıdıldı, söküldü, istismar olundu. İndi isə Şuşa artıq azad edilib. Şuşa indi nəfəs alır. Çünki doğmaları ona qovuşublar. Çünki o, doğmalarına qovuşub. Şuşa indi xoşbəxtdir. Şuşanı Azərbaycanın igid əsgərləri əlbəyaxa döyüşlə, dünya tarixinə qızıl hərflərlə yazılacaq qəhrəmanlıqla geri qaytarıblar. Şuşa bundan sonra əbədiyyən Azərbaycanın olacaq. Şuşanı göz bəbəyimiz kimi qoruyacağıq.
Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR