“Siz nə oyun çıxardırsınız?!” - Elşən Musayev

“Siz nə oyun çıxardırsınız?!” - Elşən Musayev

Dünəndən gözüm mətbuatdadır. Amerika ilə bağlı xəbərləri izləyirəm. Agentura şəbəkəsi və onların hoteldə çıxarmaq istədikləri hoqqa haqqında yazını oxuyub qurtarmamış, bir baxırsan ki, 20-yə yaxın donor təşkilat da böyür tərəfdə ifşa olunub. Üstəlik, hamı bu haqda danışır, müzakirə aparır, fikir bildirir.
Bircə Amerikanın özündən savayı...

Halbuki ortada bu boyda ittiham var. Ən azından səfirlik nəsə açıqlama, izahat verməyə borclu idi. Fəqət, heç rəsmi təkzib belə olmadı. Tükləri də tərpənmədi. Eşitmədilər, oxumadılar, görmədilər. Amma ayrı vaxt, konkret olaraq 6 il öncə Amerika haqda bir kəlmə danışan kimi telefon açmadıqları məmur qalmırdı, hara qədər desən çıxırdılar, az qalırdılar, adamın üstünə qoşun yeritsinlər. Bəs indi hardasız, ay Conlar, ay Maykllar? Nəsə səssizlikdir e. Xəstələnib eləməmisiz? Belə özünüz necəsiz? Salamatlıqdı?
Siz, ümumiyyətlə, nə oyun çıxardırsınız və ya çıxartmağa çalışırsınız?!
Hələ reaksiyaya bir baxın: "Noyabrın 27-nə nəzərdə tutulan tədbirin keçirilməsi təxirə salınır”.
Vəssalam? Elə bu qədər?! Niyə təxirə salındı? Səbəbi də deyin, bir zəhmət. Amma yox. Deməzsiz. Çün, siz adətən demirsiz, edirsiz. Altdan-altdan. Pambıqla baş kəsmək mexanizmi ilə. Xısın-xısın. Oğrun-oğrun.
Bilə-bilə ki, Azərbaycan qanunvericiliyində qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsi ilə bağlı konkret qadağalar var, acığa bunun əksinə getdiniz. Nə tənqidçi, şantajçı, söyüşcül media var, tələm-tələsik hamısının yandaşına çevirildiniz. "Narıncı inqilab”ların, Sorosun, Fetonun bu ölkədə hansı şəkildə məğlub olduğunu bilmənizə, görmənizə rəğmən yenə də "d” variantına müraciət etdiniz.
O varianta ki, sosial şəbəkələrdə reklam üzərindən destruktiv fəaliyyəti stimullaşdırır və təşviq edir.
***
Amerika döyüşmür, döyüşdürür. O, parçalayıb təkləmir, təkləyib parçalayır.
Amerika katalizatordur. Qızışdırmaqdan həzz, korlamaqdan ləzzət, məsləhət verməkdən zövq alır.
Amerika üçün ən böyük problem hədəfində olan bölgələrin problemsizliyidir.
Amerika – bu gün dünyanın mütaliə etdiyi ən qorxunc əsərlərin müəllifidir. O, müasir siyasətin Hiçkokudur, Stiven Kinqidir. Son zamanlar ərsəyə gətirdiyi ən oxunaqlı kitab isə verdiyi "tırka”larla yazıq və yaman günə saldığı ölkə haqdadır.
Yadıma bir anlıq Rino Harniş düşdü. ABŞ-nin Azərbaycandakı keçmiş səfiri. 2005-ci ilin parlament seçkilərinə az qalmış ortalıqda var-gəl edirdi. Namizədlər qalmışdı bir yanda, efirlərə bu çıxırdı, rayonlarda mitinqlər təşkil edirdi, xalqa səslənirdi, əməlli-başlı təbliğat aparırdı. Və axırda elə bir məqam gəldi ki, ona həyatın nə olduğunu başa saldılar. Ona və yiyələrinə. Ki, girdiyiniz kol o kol deyil. Gedin qıraqda oynayın...
O vaxtdan isə nə az-nə çox, düz 18 il keçib. Və görünən budur, indiyə qədər Amerika hələ də dərk edə, fərqinə vara bilməyib ki, Azərbaycan həmin müddətdə az qala 180 illik yol qət edib, yetərincə bərkiyib, öz torpağını işğaldan azad edib. Ayrıca, əgər 2005-də burnunu daxili işlərimizə soxanların qulağına şapalaq vururduqsa, indi onların başını "dəmir yumruq”la əzəcək qədər güclüyük.
Amerika, Fransa - filan da umurumuzda deyil.
***
Heyrətlə prosesləri izləyirəm. Daha nə baş verəcək deyə. Çün, əməlli "xoddanıblar”. "5-ci kolon” da ayaqüstədir. "Söyüş müxalifəti” ciddi bir şəkildə aktivləş(diril)ib. O tərəfdən isə mənasız, dəxlisiz təşkilatlara hazır bəyanat mətnləri verib, imzalatdırıb tirajlayırlar. Məsələn, "Sərhədsiz reportyorlar” kimi. Mərkəzi ofisi Parisdə qərarlaşan bu qurum əndişəli formada qəfil ortaya atılıb. Müdafiə elədiklərinin 1 milyon avroya yaxın çirkli pulu necə silməklərindən danışmırlar, amma "demokratiya”, "insan hüquqları” mövzusunda bülbül kimi ötürlər. Adları "Sərhədsiz reportyor”dur, amma reallıqda sərhədsiz iftiraçı, yalançı, şərçi funksiyasını daşıyırlar və adamın üstündə Allah var, həmin funksiyanı maksimum şərəfsizliklə, yəni adlarına layiq şəkildə icra etməyi bacarırlar!
***
Sovet vaxtında zibil yeşikləri bloka yerləşdirilmişdi. Ona görə hamının evində "tarakan macərası” mütləq yaşanıb. Gecə işığı yandıran kimi rabitəsiz şəkildə sağa-sola qaçırdılar. Ən xamları isə qarınlarını tərsinə çevirib çabalayırdı, özünü dərhal ələ verirdi.
Bax indi Qərbin elədiyi təxminən həmin söhbətdir. Və hər agent onun təxminlədiyi, hesabladığı qədər ehtiyatlı ola bilmir, əksəriyyəti tez "yanır”, özünü deşifrə edir.
Qarabağı alıb, işığı yandırmışıq. Hər şey açığa çıxıb. Bütün maskalar yırtılıb.
Ona görə cücü-mücüdən, həşəratdan hələ bir müddət bol olacağıq...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.








Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR