“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar

“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar

Ekspertlərə görə, təşkilat həbs edilənlərin ifşası haqda konkret faktlara deyil, öz ağalarının sifarişinə uyğun bəyanat verib 

"Azərbaycanda mətbuat tərəfindən cinayətlərinin üstü açılan korrupsioner elitanı yox, jurnalistləri həbsxanaya atırlar. Müstəqil səsləri boğmaq məqsədilə qəbul edilmiş media haqqında yeni qanun artıq hakimiyyətə yetərli görünmür və o, ölkədəki son müstəqil medianı sıxışdırır". 

Bu barədə "Abzas Media" onlayn resursunun rəhbərliyinin həbsi ilə bağlı "Sərhədsiz Reportyorlar”ın saytında dərc edilmiş bəyanatda deyilir. Xəbəri "Turan” yayıb. "Sərhədsiz Reportyorlar” vəziyyətin pisləşməsi barədə beynəlxalq birliyi xəbərdar edir və Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovun azad edilməsinə çağırır", - bəyanatda qeyd olunub. 

"Qorxutmalar və redaksiyanın fəaliyyətinə maneələr davam edir. Polis ofislərdəki kilidləri dəyişdirərək jurnalistləri iş yerinə girişdən məhrum edib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti jurnalistləri nüfuzdan salmaq üçün kampaniyalar təşkil edir.

"Abzas Media” jurnalistlərinin həbsindən sonra "Sərhədsiz Reportyorlar” da absurd və yalan şayiələrin obyekti oldu. Bu ittihamlar hökumətyönlü "Report” agentliyi tərəfindən dərc edilib və digər KİV tərəfindən yayılıb. Azərbaycanda mətbuat azadlığının vəziyyəti pisləşir. 2022-ci ilin fevralında yerli konstitusiyanın və Bakının ratifikasiya etdiyi beynəlxalq müqavilələrin pozulması ilə qüvvəyə minən media haqqında qanun son müstəqil xəbər saytlarının sıxışdırılmasına yönəlib", - bəyanatda deyilir.

Əsas ofisi Parisdə yerləşən və Beynəlxalq Frankofoniya Təşkilatında məşvərətçi statusa malik olan "Sərhədsiz Reportyorlar”ın Azərbaycana münasibətdə qərəzli mövqeyi gözləniləndir. Təəccüblü deyil ki, "Sərhədsiz Reportyorlar” hər fürsətdə Azərbaycana qarşı qaralama kampaniyası aparır. "Sərhədsiz Reportyorlar”ın həbs edilənlərin ifşası haqda konkret faktlara deyil, öz ağalarının sifarişinə uyğun bəyanat verməsi onun Fransa hakimiyyəti və erməni lobbisinin xidmətçisinə çevrildiyini açıq-aşkar göstərir ki, bu da yalnız təəssüf doğurur.  

Elşən Musayev:

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu təşkilatın heç zaman obyektiv olmadığını qeyd etdi: "Bu təşkilatın məqsəd və məramı ortadadır. Mərkəzi ofisi Parisdə qərarlaşan qurumdan başqa nə gözləmək olar ki? Əlbəttə, heç nə. Təlimat gəlir və həmin təlimata  uyğun da istiqamət götürürlər. Vəssalam. Üstəlik, əminəm ki, onlar "Abzas Media"nın, Ülvi Həsənlinin, qeyrilərinin varlığından belə xəbərdar deyillər. Eyni zamanda hazır material üzərindən bəyanat imzalamaq bunların köhnə adətidir. Hərçənd ortada nə qədər fakt var. Hamısı da bənd-bənd sadalanıb. Maliyyə mənbələri aşkar edilib, açıq-aydın göstərilib. Danışa bilərmi? Əsla! Çünki onlar  əmr qullarıdır, nökərlərdir, "pulyuyan” maşınlardır, özləri kimi namərdlərə, rəzillərə, əli qara işlərə bulaşmışlara dəstək verən buqələmunlardır.  

 "Sərhədsiz Reportyorlar” adında qurum iblis proqramı, şeytan nizamnaməsi ilə çalışır. Onların prioriteti şəri təbliğ etməkdir. Bu səbəbdən özlərinə əl qatıblar, təcili açıqlama ilə çıxış ediblər, öz aləmlərində müdafiə mexanizmi fikirləşiblər. Hərgah, bunlara deyən lazım ki, ay zavallılar, bilirsinizmi indiyə qədər bizim qarşımıza nə qədər sizin kimi əbləh çıxıb və təsir etmək istəyib? 

Ona görə "Sərhədsiz Reportyorlar”a tövsiyəm budur, "ağıllı” olsunlar. Üstəlik, unutmasınlar ki, cinayətkarı müdafiə etməklə cinayəti törətmək arasında heç bir fərq yoxdur".  

Tanınmış ictimai-siyasi xadim Çingiz Qənizadə YAP-a üzv oldu - EKSKLÜZİV

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sərhədsiz Reportyorlar”ın bəyanatının heç bir əhəmiyyətinin olmadığını söylədi: "Birmənalı şəkildə biz başa düşməliyik ki, beynəlxalq təşkilatlardan Azərbaycana münasibətdə obyektiv və ədalətli yanaşmanı görmək qeyri-mümkündür. Bundan sonra da görməyəcəyik. Çünki  bu təşkilatların böyük əksəriyyəti mənzil qərargahları olan ölkələr, eyni zamanda onları maliyyələşdirən dövlətlər bu və ya digər şəkildə qərəzlidirlər. Həmin təşkilatlar maliyyə aldıqları ölkələrin tapşırıqları ilə ölkəmizdəki bəzi təşkilatlara, fərdlərə dəstək göstərməklə daxilimizdə sabitliyin pozulmasının, "məxməri inqilab"ların hazırlanmasının şahidi olmuşuq. "Sərhədsiz Reportyor”ların qərargahı bilirsiniz ki, Fransada yerləşir. Eyni zamanda YUNESKO-nun qərargahının Parisin mərkəzində yerləşməsi bizə onu deməyə əsas verir ki, biz ona qarşı ittihamlar irəli sürək ki, nə üçün işğal edilmiş ərazilərimizdə dağıdılmış tarixi-mədəni abidələrimizin ermənilər tərəfindən məhv edilməsi barədə monitorinqlər keçirmədiniz? İndi "Sərhədsiz Reportyorlar”ın bir neçə jurnalistin həbsi ilə bağlı tələm-tələsik bu cür bəyanat verməsinin özü yanlışdır. Bu işə müdaxilə etmək deməkdir. Biz bilmirik ki, bu işin arxasında nələr dayanır. Onların hansı ittihamlarla məhkəməyə göndəriləcəkləri, yaxud göndərilməyəcəkləri də məlum deyil. Amma görünən odur ki, Azərbaycanda hər zaman qarışıqlıq salmaq istəyən təşkilatlardan külli miqdarda vəsaitlər alınıb. Ortada bir maliyyə pozuntusu var. Bu maliyyənin alınması ilə bağlı rəsmi qurumlara məlumat verilməli idi. Ən azından "Sərhədsiz Reportyorlar” hazırkı istintaqın obyektiv aparılması üçün çıxış edə bilərdi. Onların dərhal azad olunmaları kimi tələblərin ortalığa qoyulması öz səlahiyyətlərindən kənara çıxmaqdır. Burada Azərbaycana təzyiq etmək məqsədi güdülür. Beynəlxalq təşkilatların bu cür qərəzli yanaşmaları biz hüquq müdafiəçilərinin onlarla əməkdaşlığımıza kölgə yaradır". 

Yeganə Hacıyeva:

Yeganə Hacıyeva

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva çox vacib məqamlara aydınlıq gətirdi: "2017-ci il noyabrın 24-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı liderlərinin sammitindən öncə "Sərhədsiz Reportyorlar" adından Avropa İttifaqına müraciət göndərildi. Azərbaycanla bağlı olan bu müraciəti əlavə olaraq "30-a yaxın hüquq müdafiəçisi” imzalamışdı.  Məktub müəllifləri Avropa İttifaqının  liderlərinə çağırış edirdilər ki, onlar  noyabrın 24-də Brüsseldə keçiriləcək sammitə qatılacaq Azərbaycan Prezidentinə təzyiq göstərsinlər. 24 noyabr görüşü və görüş ərəfəsində baş verən proseslər Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını özündə ehtiva edirdi. Azərbaycan Prezidentinin Brüsselə səfərindən öncə "Sərhədsiz Reportyorlar” və onun çevrəsində olan "30 hüquq müdafiəçisi” tərəfindən belə bir məktubun imzalanması isə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin gərginləşdirilməsinə xidmət edirdi. Azərbaycan və Avropa İttifaqı yaxınlaşmasını istəməyən qüvvələr münasibətləri gərginləşdirmək üçün növbəti addımı atmışdılar. Azərbaycan Avropa İttifaqının "Yeni Qonşuluq Siyasəti” Proqramını imzalamaq istəyərkən, yaxud Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planı qəbul olunarkən, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanarkən, Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi imzalanarkən də belə müraciətlər, məktublar, dinləmələr və kampaniyalar ortaya çıxıb. Təcrübə göstərir ki, Azərbaycanın Avropa strukturları ilə yaxınlaşması fonunda bənzər proseslər təkrarlanır. Avropa təsisatlarında Azərbaycana qarşı bəyanatlar, qanun layihələri hazırlanır. Kampaniyalar aparılır. Proseslərin pozulmasına hesablanmış digər addımlar atılır. "Sərhədsiz Reportyorlar”ın  addımları Fransanın barmağı olan növbəti anti-Azərbaycan mövqeyidir".(musavat)

Xəbər 599 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR