Şəhid Turalın məktubu

Şəhid Turalın məktubu

Orxan Ülvi

Biz müharibənin içində dünyaya gəlmişdik. Ermənilərin hələ 1988-ci ildən başlayan haqsız torpaq iddiaları körpəliyimizi də müharibə, döyüş, şəhid xəbərlərinə alışdırırdı. Bizim də dayılarımız, əmilərimiz, yaxınlarımız həmin döyüşlərin iştirakçısı, bəzən də şəhid olurdular.
Hələ uşaq ikən şəhid xəbərlərini eşidir, "Başın sağ olsun, Vətən” şüarını hayqırardıq. Oxuduğumuz məktəbin indi adını daşıdığı Zamanov Mehman Təvəkkül oğlunun Füzuli rayonu uğrunda şəhid olduğunu öyrənəndə o torpaqlara getmək üçün can atırdıq. Orta məktəbdə ilk dərslərdən torpaqlarımızın yağı düşmən tərəfindən hansı tarixdə və necə vəhşiliklə alındığını öyrəndik. Xocalı faciəsinin şəkillərinə baxıb çox kövrələrdik, bizim yaşda uşaqların qışın oğlan çağında necə əli-ayağı yalın evlərindən didərgin düşdüyünü görmək bizə həm də Vətən sevgisini öyrədirdi. Məftildən düzəltdiyimiz tapançalarla düşməni məhv etmə oyunları oynayırdıq. Həm də qisas hissimiz daha da artırdı. Axı biz müharibənin tam ortasında doğulmuşduq. Bu bizim günahımız deyildi, qismətimiz idi. Biz yaşa dolduqca bu qismət artıq Vətən borcuna çevrildi. Vətəni qorumaq hər kəsin borcudur!
Mən ailə qursam da, ev-eşik sahibi olsam da, həyatın xoş və qəmli üzünü görsəm də, ta körpəlikdən içimdə alovlanmış qisas hissi zərrə qədər də azalmamışdı. Bunu nə ailəmə, nə də dostlarıma hiss etdirdim, amma əmin idim ki, bir gün mən o məftil avtomatın əvəzinə həqiqisini əlimə götürüb həqiqi düşməni məhv edəcəyəm. Şükür ki, həmin vaxt yetişdi. Biz 1988-ci ildən 1994-cü ilə qədər itirdiyimiz torpaqları 2020-ci ildə 44 günə azad etdik. Bu bizim uğurumuzdur. Bunun əvəzi yoxdur! Düzdür, çox analar, ailələr gözü yaşlı qaldı, amma sizi Vətənə qovuşdurduq. Bilirəm, mənim anam da ağlayır, uşaqlarım, ailəm bəzən hönkür-hönkür, bəzən də için-için ağlayır. Mənim üçün çox darıxırsınız, "Turalın yerinə kaş biz ölərdik” deyirsiniz. Yox, unudursunuz, mən ölmədim ki...
Hələ uşaq yaşdan "Şəhidlər ölmür” ifadəsini çox eşidirdik. Mən şəhid olandan sonra bunun fərqinə vardım. Doğrudan da şəhidlər ölmür!
Onsuz da fani dünyada yaşadığımızı hamımız bilirdik və əbədi dünyaya köçəcəyimizi də bilirdik. Kimlər köçmədi ki...
Mən çox rahatam, narahat olmayın. Şəhid olduğumdan bəri cənnətdəyəm. Buranı sizə təsvir belə edə bilmirəm. Necə də gözəldir! Bura layiq olmaq üçün insan nələr etməz… Yaxşılıq edirsiniz, ibadət edirsiniz, yalan danışmırsınız, heç kimi aldatmırsınız, oğurluq etmirsiniz və s. Amma yenə də buranı qazanacağınızı bilmirsiniz. Biz şəhidləri isə Uca Allah bax bu cənnətlə mükafatlandırır. Bundan ucası, alisi yoxdur...
Burada çox şəhid var, görüşüb dərdləşirik bu cənnətin əsrarəngiz gözəlliyində. Bəziləri gileylənir, bəziləri qürurlanır ailələrinin hərəkətlərindən. Övladlarının uğurlarına görə sevinənləri təsəvvür belə edə bilməzsiniz. Ali məktəbə qəbul, iş uğurları onları o qədər rahatlaşdırır ki. Amma bəzən üzülənlərə də rast gəlinir. Ailələri tərəfindən adından lazım oldu-olmadı çox istifadə edənlər də olur. Haqlı-haqsız şəhid adının çəkilməsi bu məsumları çox narahat edir. Küsənlər, inciyənlər də olur. Təsəlli verməyə çalışırıq, ovundururuq. Bəzən buna nail ola bilmirik. Bu gözəl cənnəti ona dar edir doğmaları.
Mənim əzizlərim, çox rahatam, yaxşıyam. Hər gözəl nəyisə müqayisə edəndə cənnətlə edərdik. Baxın, həmin cənnətdəyəm, niyə narahat olmalısınız?! Hə, mənim üçün darıxa bilərsiniz, uşaqlar bəzən "ata” deyib ağlaya bilər. Unutmayın ki, hamısını görürəm. Mən hər kəsin arzusunda olan cənnəti qazandım. Buradakı rahatlığım daha sizdən asılıdır. Adımı uca tutun, hər məsələ üçün mənim ruhumu narahat etməyin. Anamdan, atamdan, ailəmdən və uşaqlarımdan muğayat olun. Anam bir incidir. "Cənnət anaların ayağı altındadır” ifadəsi elə-belə deyilməyib. Çünki mən sizdən ayrılandan bəri onun nə hisslər keçirdiyini çox yaxşı bilirəm. Bağışla məni, ana. Sən anamsan. Bir də Ana Vətənim var. Mən Ana Vətəni seçdim. Onu sevməyi də sən mənə öyrətmişdin. Çünki bu vətəndə sən rahat, başıuca gəzəsən deyə, mən Vətəni seçməliydim. Bilirəm, sən məni anlayırsan. Yolunu gözləyirəm, ana. Ayaqlarının altı olan cənnət görüş yerimiz olacaq.
Məni bağışlayın, ailəm və uşaqlarım. Bir qadının həyat yoldaşını, övladlarının atasını itirməyi ağır dərddir. Ama mən sizin başınızı uca etdiyim kimi, siz də mənim başımı uca edin daima. Sizinlə fəxr edim, qürur duyum. Unutmayın, hər anınızı görürəm, müşahidə edirəm.
Sağ olun, əzizlərim. Allaha əmanət olun. Yolunuzu gözləyirəm. Çalışın, mənim yanıma gələ biləsiniz...


Xəbər 2036 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR