Ekspertlər deyir ki, indi yalvaran tərəf İrəvan və Brüsseldir; "Azərbaycanı itirmək niyyətində deyillər”
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan arasında sülh danışıqları üzrə Brüssel formatının bərpası ilə bağlı Prezident İlham Əliyevdən xahiş etmişdi. Azərbaycan Prezidenti buna etiraz etmədi. Ancaq bundan az sonra Ermənistan sərhəddə təxribat törətdi.
Düzdür, bu təxribatdan sonra sülhə dair müzakirələrin olmayacağına dair açıqlamalar da yoxdur, əksinə, Azərbaycan bəyan edib ki, uyğun bütün formatlarda müzakirələrə hazırdır. Hətta 18 fevralda Azərbaycan XİN iki ölkə arasında birbaşa danışıqların daha səmərəli ola biləcəyinə dair açıqlama verib.
Gələn məlumatlara görə, Şarl Mişel yaxın vaxtlar üçün sülh danışıqları üzrə növbəti görüş təşkil etməyə çalışır və bu prosesə start verib. Onunla 20 fevralda Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Ş.Mişel bu barədə X-də yazıb. Tərəflər AB-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər. "Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi AB-nin gündəmində əsas yer tutur”, - AB rəsmisi yazıb. Növbəti görüş hazırlanırmı və bu zaman hansısa bir çərçivə sazişi imzalana bilərmi? Bəs Kremlin bu prosesə reaksiyası necə ola bilər?
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev sülh təşəbbüskarlarına inamın qalmadığını bildirdi: "İndiyə qədər sülh haqda danışanların və sülh formatı təklif edənlərin heç birinin sona qədər səmimi və adekvat davrandığını görməmişik. Həmişə proses hansısa mərhələdə yarımçıq qalıb. Əks hadisələr baş verib. Ona görə də artıq həmin təklif sahiblərinə, təşəbbüskarlara inam qalmayıb, eyni zamanda Mişelə.
Əlbəttə, burada Ermənistanın yürütdüyü cığal və qeyri-səmimi siyasət də az rol oynamır. Çünki əvvəl onlar maraqlı olmalı idi ki, bölgədə vəziyyət sabitləşsin, bütün daşlar öz yerinə otursun, iki ölkə arasında normal münasibətlər yaransın. Amma Paşinyan uzun müddət "gizlənqaç” oynayaraq, hər gün özünə bir məkanda hami axtararaq, kvartalda bir fikir dəyişərək prosesi pozmaq üçün hər şey etdi. Elədi və uduzdu. Üstəlik, təmsil etdiyi dövləti və xalqı da daha pis, kritik vəziyyətə saldı. Təbii ki, bölgəyə sülh lazımdır və həmin sülh təməlli müqaviləyə əsaslanmalıdır. Eyni zamanda uzun illərdən sonra sərhədlər dəqiq parametrlərlə müəyyənləşməlidir, bölgəyə sabitlik gəlməlidir, problemlər kökündən həll olmalıdır. Və bu, o zaman mümkün olacaq, reallaşacaq ki, Ermənistan ağıllansın. Amma ağıllanırmı? Təəssüf ki, yox. Elə əsas problem də məhz budur və demək ki, vəziyyətin belə qalmasının, nəticənin hasil olmamasının, bölgədəki bütün ziddiyyətlərin də birbaşa günahkarı və səbəbkarı Ermənistandır. Ona görə də düşünürəm ki, Şarl Mişel və digər təşəbbüskarlar ilk növbədə Ermənistanın, onu idarə edənlərin başına ağıl qoymalı və daha sonra sülhün bərqərar olmasına cəhd etməlidir".
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva maraqlı bir fikirlə çıxış etdi. Onun sözlərinə görə, həm Avropa Birliyi, həm də Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün bütün imkanlarını səfərbər edib: "İstər prezidentlər, istərsə də xarici işlər nazirləri səviyyəsində görüşlərin təşkili indiki mərhələdə sülh sazişinin imzalanması istiqamətində ən müsbət addımlar ola bilər. Məhz bu baxımdan, indi yalvaran tərəf İrəvan və Brüsseldir. Vətən müharibəsindən sonra Azərbaycan Ermənistanla sülh sazişinin bağlanması üçün əlindən gələni etdi. Amma İrəvan Bakının təkliflərinə barmaqarası yanaşırdı. Ötən ilin sentyabrında gerçəkləşən 24 saatlıq antiterror tədbirlərindən sonra vəziyyət dəyişdi. Azərbaycan həm hərbi, həm də siyasi müstəvidə aparıcı tərəfə çevrildi. İndi bütün saatlar Bakının xeyrinə işləyir. İrəvan isə vaxtın və zamanın əleyhinə işləyən tərəfdir. Üstəlik, Avropa Birliyi sülh sazişinin imzalanması məsələsində Rusiyanı oyundan kənarda tutmağa çalışır. Fikrimcə, Qərbin bu istiqamətdəki addımları hər hansı ciddi effekt verməyəcək. Nəticə əldə edilməsə belə, qazanan tərəf Azərbaycan olacaq. Çünki Rusiya Qərbin addımlarından sonra Ermənistana təzyiqləri artıracaq. Bizim isə çox sadə şərtimiz var: Ermənistan öz konstitusiyasını dəyişməlidir. Azərbaycana və Türkiyəyə olan ərazi iddialarından əl çəkməlidir. Ancaq bundan sonra Bakı ilə İrəvan arasında sülh sazişi imzalana bilər. Eyni zamanda Ermənistan işğal altında saxladığı 8 kəndi də sülh müqaviləsindən öncə Azərbaycan tərəfinə qaytarmalı, minalanmış ərazilərin dəqiq xəritələrini rəsmi Bakıya təhvil verməlidir. Bunlar tərəflər arasında etimadı gücləndirəcək nüanslardır. Əks halda, sülh sazişi ilə bağlı Ermənistanın çabaları heç bir nəticə verməyəcək. Düşünürəm ki, sülh sazişinin imzalanması üçün ən ideal məkan elə Azərbaycan-Ermənistan şərti sərhədi olmalıdır. Avropa Birliyi son zamanlar Azərbaycana münasibətdə heç də səmimi deyil. Avropa Birliyi təzyiq vasitələri ilə rəsmi Bakıya nəyisə diqtə etməyin mümkünsüz olduğunu anlayır, ona görə də Şarl Mişel və başqaları sülh sazişi məsələsində Azərbaycanla xahiş dilində danışmaqdadır. Həm Ermənistan, həm də Qərb Azərbaycan Ermənistan sərhədində yeni eskalasiyadan ehtiyat edir. Amma hər iki tərəf anlamalıdır ki, bizim heç kəsin ərazisində gözümüz yoxdur”.
Rusif Məmmədsoy
Siyasi şərhçi Rusif Məmmədsoy Fransa istisna, iri güclərin Azərbaycanı itirmək istəmədiyini söylədi: "Görünən odur ki, Avropa Şurası, ümumilikdə Avropada yaxşı anlayırlar ki, Azərbaycanla diqtə ilə danışmaq olmaz. Bu səbəbdən də Prezident İlham Əliyevin qələbəsi ilə bağlı dünyanın aparıcı ölkələri təbrik etdi, hətta Almaniya kansleri Olaf Şolts cənab prezidenti Münhen Təhlükəsizlik Konfransına dəvət etdi. Həmin tədbir zamanı Azərbaycan və Ermənistan rəhbərliyi bir araya gəldi, müzakirə baş tutdu. Bu isə həm də onu deməyə əsas verir ki, Fransanın nə deməsindən asılı olmayaraq bu ölkələr Azərbaycanı itirmək niyyətində deyil. Şarl Mişelin təşəbbüsünə gəlincə isə Brüssel formatı uğurlu format idi və gedişatda müəyyən mənada irəliləyiş qət edilirdi. Bu formatı pozan Fransa rəhbərliyi oldu. Daha sonra Qranadada baş tutması gözlənilən görüşdən Fransaya görə imtina etdik. Çünki Fransanın atdığı addımlar heç bir halda sülhə xidmət etmir, əksinə, bölgədə yeni münaqişənin yaranmasına gətirib çıxarır. Şarl Mişel əgər həqiqətən ciddi nəticə istəyirsə, Azərbaycan və Ermənistan üçün birbaşa, vasitəçi olmadan danışıqlar üçün şərait yaratmalıdır. Əks təqdirdə, Fransa yenə də prosesə müdaxilə edəcəksə, Azərbaycanın mövqeyi bəllidir. Digər tərəfdən, hər şey sadəcə danışıqlarla yekunlaşmır. Ortada ciddi, öz həllini gözləyən problemlər hələ də qalmaqdadır. Əvvəla Paşinyan nəhayət ki, ortaya siyasi iradə qoymalı, ciddi, gözlə görünən addımlar atmalıdır. Bununla yanaşı, Avropanın bəzi dairələrinin prosesə müdaxilə imkanları sıfıra endirilməlidir. Şarl Mişel Brüssel formatını bərpa etmək istəyirsə, bu məsələlərlə bağlı səy göstərməlidir və Fransanı mütləq kənarlaşdırmalıdır. Əlbəttə ki, Azərbaycanla Ermənistan arasında yaxın perspektivdə müəyyən sənədlər, yol xəritəsi, çərçivə sazişi imzalana bilər və bunu istisna etmirik. Lakin bölgədə qalıcı sülh üçün bu kifayət deyil. İki ölkə arasında qalıcı sülh o zaman tam təmin ediləcək ki, kommunikasiya xətləri açılacaq, Zəngəzur dəhlizi açılacaq və qlobal layihələr icra ediləcək, yükdaşımalar həyata keçəcək. Rusiyanın mövqeyinə gəlincə isə, Rusiya bölgə üçün təhdid olaraq qalmaqdadır. Ən azından ona görə ki, Ermənistan ordusunda Rusiyanın təsiri çox güclüdür. Əgər Ermənistan səmimidirsə, xüsusilə də sərhəd istiqamətində ciddi nəzarət həyata keçirməlidir. Çünki gedişatdan narazı qalan tərəflər təxribatlara cəhd edə, Azərbaycana qarşı atəş aça və nəticədə Azərbaycan da bunu misli ilə ödədə bilər. Yəni yolumuz uzun olsa da addım-addım prosesi irəliyə çəkmək lazımdır”.(musavat.com)