Şagirdlərin saç düzümünə məhdudiyyət qoyula bilərmi?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyula bilərmi?

Sovet dövründə şagirdlərin geyimləri ilə yanaşı, onların saç düzümlərinə də ciddi nəzarət edilirdi. Oğlanların və qızların saç düzümləri klassik formada olmalı idi. Həmin dövrdəki ciddi nəzarətin nəticəsi idi ki, saçlarını açıq formada qoyan, mövcud standartlarda məktəbə gəlməyən şagirdlər, alınlarını telləri ilə örtən qızların məktəb binasına daxil olmasına icazə verilmirdi. Lakin son dövlərdə bu sahədə nəzarətin zəifləməsi nəticəsində şagirdlər məktəbliyə yaraşmayan saç düzümlərinə üstünlük verərək istənilən saç forması ilə məktəb binasına daxil ola və dərslərdə iştirak edə bilirlər.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Təhsil üzrə ekspert Şahlar Əsgərov   bildirib ki, liberal təhsildə təhsilalanlara azadlıq verilməlidir. Amma orta məktəblərdə ümumi işin xeyrinə şagirdlərin geyimlərinə, onların sac düzümlərinə diqqət yetirilməli və onlarla bağlı müəyyən məhdudiyyətlər qoyulmalıdır: "Orta məktəblərdə vahid geyim formasından istifadə ediriksə, onda sac düzümünə də hansısa məhdudiyyət, sədd qoyulmalıdır. Əgər məktəblilərin sərbəst geyim forması olsa idi, onda onların saç düzümləri də sərbəst olardı. Geyimə məhdudiyyət qoyulursa, vahid forma geyimi tətbiq olunursa, onda sac düzümü də bu məntiqə uyğun olmalıdır".

Bakının Xəzər rayonunun 230 saylı orta məktəbinin direktoru, təhsil eksperti Elşən Qafarov Trend-ə bildirib ki, məktəb sistemində məktəbli formasının tətbiqi, eyni zamanda, standart saç formasının olması, ümumilikdə şagirdin orta məktəbə gəlmə qaydası ilə bağlı konkret rəsmi təlimat olmalıdır.

E.Qafarov deyib ki, özəl məktəblərdə bununla bağlı təlimat olsa da, dövlət məktəblərində belə bir təlimat yoxdur: "Bu isə məktəblərdə çox böyük çətinliklər yaradır. Bu gün əlimizdə elə bir təlimat yoxdur. Şagirdlərə saç forması ilə bağlı iradlar bildirəndə, valideynlər məktəb rəhbərliyinə narazılıq edirlər".

E.Qafarov bildirib ki, sac forması ilə əlaqədar problem daha çox yetkinlik yaşına çatan qızlarla - 9-11-ci sinif şagirdləri ilə bağlı yaranır: "Qızlar saç düzümlərini məktəbliyə uyğun olmayan formada edirlər. Oğlanlar arasında da məktəbli üçün uyğun olmayan müxtəlif sac düzümlərinin edilməsi halları artıb. Bu da məktəbdə təlim-tərbiyə işlərinin qurulmasında əlavə problemlər yaradır. Son zamanlar oğlanlar arasında yeni dəb düşüb. Oğlanlar göy rəngli şalvar geyinsələr də, onları daraldırlar, nəticədə isə çox eybəcər bir forma yaranır".

E.Qafarovun fikrincə, məktəblinin saç düzümü sadə olmalı, oğlanlarda sacın uzunluğu 4-5 sm-dən artıq olmamalı və klassik formada olmalıdır: "Qızların saçları isə hər hansı stildə deyil, sadə formada yığılmalı, xüsusi bəzəklərdən istifadə edilməməlidir. Hazırda bu bəzəklərdən çox istifadə edilir. Təəssüf ki, buna çox hallarda valideynlər özləri rəvac verirlər. Valideyn qızını məktəbə yola salarkən onun sacına, geyiminə diqqət yetirməlidir".

Ekspert hesab edir ki, hər bir məktəbin özünün nizamnaməsi olmalı və orada bu məsələlərin hamısı qeyd edilməli, çərçivə qaydaları müəyyənləşdirilməlidir.

Təhsil Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məktəblilər üçün vahid saç düzümünün tətbiqi mümkün deyil. Amma şagirdlərin məktəbə sadə saç düzümündə gəlmələri məqsədəuyğun hesab edilir.

Nazirlik hesab edir ki, bu məsələ məktəbin nizamnaməsi ilə müəyyən olunan daxili intizam qaydalarında da əks edilə bilər: "Saç düzümü ilə bağlı qoyulan qaydanı pozan şagirdin cəzalandırılmasına gəlincə, hər hansı bir cəza növü heç də həmişə tərbiyə elementinə çevrilmir. Uşaqlara həssaslıqla yanaşma, izah və təbliğ vasitələrindən bacarıqla istifadə etmə onları hər hansı bir yanlışlıqdan çəkindirməkdə ən etibarlı təsir vasitəsidir".

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR