Şadlıq saraylarında müştəriləri belə aldadırlar...

Şadlıq saraylarında müştəriləri belə aldadırlar...

Son zamanlar şadlıq saraylarında, restoranlarda, mənşəyi bəlli olmayan şirələrə və mineral sulara rast gəlirik. Su və meyvə şirəsi şüşələrinin üzərindəki etiketlər bizə tanış olmadığı kimi, dadında da fərqlilik hiss olunur. Bu məhsulların kustar üsulla restoranların zirzəmilərində hazırlandığı heç kimə sirr deyil.

Restoranlarda içdiyimiz bu cür içkilərin insan həyatı üçün təhlükəli olduğunu bilsək də, təəssüf ki, qarşısını ala bilmirik. Əsasən şadlıq saraylarında bu cür sular süfrəyə qoyulur. Söhbət adını eşitmədiyimiz, mağazalarda açıq satışda olmayan içkilərdən gedir. Şadlıq saraylarında “Platin”, “Vipso”, “My Fruit” adlı içkilər var ki, harada istehsal olunması, hansı ölkədən idxal olunması ilə bağlı üzərində heç bir məlumat yoxdur.

Musavat.com araşdırma apararaq, üzə çıxarıb ki:

Bu içkilər harada istehsal olunur? Hansı şəraitdə sertifikatlaşdırılır? Mağazalarda varmı?

Bu suallar aydınlıq gətirmək üçün paytaxt Bakıda bir neçə iri və xırda marketlərdə həmin məhsulların satışda olub-olmadığını öyrənməyə çalışırıq.

Lakin heç bir mağazada “Vipso” və “Platin” şirələrinin adını-dadını bilən kimsə tapa bilmədik.

Tural adlı satıcı bu içkilərin saxta və keyfiyyətsiz olduğunu bildirdi: “Həmin içkilərin adlarını ilk dəfədir eşidirəm. Biz mal götürdüyümüz şirkətdə belə sular yoxdur. Yəqin kimdirsə, gizli şəkildə özü hazırlayıb satır. Belə şeylər çox eşidirik. Çox qazanmaq üçün qeyri-qanuni şəkildə fəaliyyət göstərirlər”.

“Vipso” sularının harada istehsal olunduğunu öyrənmək üçün “Anar” şadlıq sarayı ilə əlaqə saxladıq. Adminstratordan “Vipso” içkisinin Masazır qəsəbəsində hazırlandığını öyrəndik. “Mağazalarda niyə yoxdur?” “ Sertifikatı varmı?” sualına gəlincə, adminstrator bunun yalnız şadlıq saraylarına verildiyini bildirdi: “ Bu sular mağazalarda yoxdur. Yalnız restoranlara, şadlıq saraylarına verilir. Topdan satışı 60 qəpikdir”.

Məsələ ilə bağlı “Vipso” MMC-nin rəhbərliyi ilə əlaqə saxladıq. İsmayıl adlı şəxs şirkətin 2 ildir ki, bağlandığını dedi: “Vipso” MMC fəaliyyətini iki ildir ki, dayandırıb. MMC işini yüksək səviyyədə aparırdı. Buna baxmayaraq bazarda digər içəcəklərlə rəqabətdə uduzduğundan istehsalı dayandırdıq. Mağazalardan da yığışdırılıb. Ola bilsin ki, mağazalarda olanlar,anbarda qalan mallardır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov adı bəlli olmayan belə meyvə şirələri və suların şadlıq saraylarının zirzəmilərində istehsal olunduğunu dedi: “Bakıda 3-cü mikrorayonda yerləşən məşhur şadlıq sarayı var. Orada adı və mənşəyi bəlli olmayan saxta sular və şirələr istehsal olunur. Belə ki, restoranlar zirzəmilərində “mini zavod” açaraq qanunsuz fəaliyyət göstərirlər. Bildirmək istəyirəm ki, həmin məhsulların qapağı qırmızı və yaşıl rəngdə olur. Hazırda mənim masamın üzərində də saxta məhsul qablaşdırması var. “Meyvəli dad” alça kompotu. Deməli, “Azərsun” şirkətinin məhsulunun şüşələrinə doldurulub və üzərinə “L.TeleEF.” şirkəti yazılıb. Şüşənin altında isə “Azərsun” şirkətinin loqosu var. “Gold Star” isə yalnız bu şüşələrdə olur. Görünür, “Azərsun” şirkətinin bu haldan xəbəri yoxdur. Həmin şirkət çölə atılan şüşələri toplayıb, insan həyatına təhlükə yaradan məhsullar bağlayır. Təəssüf ki, belə hallara tez-tez rast gəlinir. Bütün bunlara, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət edir. Onlar isə nəzəri cəhətdən yaxşı, praktiki cəhətdən zəif işləyirlər. Mən bu məsələ barəsində nazirliyin tədbirində də demişəm. Qeyri-qanuni yolla, qazancını artırmaq istəyən “işbazlar” insanların kütləvi şəkildə zəhərlənməsinə səbəb olur. İnsanların çoxu klinikalara, apteklərə baş vurmalı olurlar. İnanıram ki, bunun qarşısını alacağıq”.

Ekspert Azərbaycanda 800-ə yaxın mal və xidmət növünün sertifikatlaşdırılmadığını dedi: “ Mən bu gün İqtisadiyyat Nazirliyinin komandası ilə görüşdüm. İstehslakçı hüquqlarının qorunması sahəsində zəif işin aparıldığını qeyd etdim. Əlimdə bir siyahı da var. İlk dəfə bunu sizin qəzetə deyirəm. 800-ə qədər mal və xidmət ölkədə sertifikat almadan fəaliyyət göstərir. Nazirlər Kabinetinin 343 saylı qərarı var. Məcburi qaydada sertifikatlaşdırma siyahısı. Yəni insanların təhlükəsizliyini təmin etmək üçün, istənilən məhsul ölkə bazarına girməzdən öncə sertifikatlaşmalıdır. Misal üçün, ölkədə satılan “Chevrolet” markalı avtomobillər, “Desant” MMC-nin tibb avadanlıqları məcburi qaydada sertifikatlaşdırılmalı olduğu halda sertifikatlaşdırılmayıb. “Azərneft” MMC-nin tibb avadanlıqları, Azərbaycanda fəaliyyət göstərən “Daewo Motors” avtomobilləri, “Artikaplyus”MMC-nin kompressor malları, “Kia motors” avtomobilləri də həmçinin. Biz artıq adıçəkilən şirkətlərə rəsmi qaydada məktublar göndərmişik”.

// Aktual.az

Xəbər 5373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR