Rusiyanın şimal paytaxtı hesab edilən Sankt-Peterburqda azərbaycanlılar silahlı insidentdə iştirak ediblər.
Aktual.az anspress-ə istinadən bildirir ki, insident Peterburqun ətrafında qeydə alınıb.
Üç silahlı şəxs cütlüyün içərisində 3,1 milyon rubl olan çantasını almaq üçün atışma edib. Şimal paytaxtının hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hücum bir neçə gün öncə baş versə də mətbuat bu gün xəbər tutub. Artıq hücumu törətməkdə şübhəli bilinənlər saxlanılıblar.
"Polisə müraciət edən kişi şəhərin Moskovski rayonunda valyutadəyişmə məntəqəsində 3,1 milyon rubl aldığını deyib. Bundan sonra o, həyat yoldaşı ilə maşına oturaraq yoluna davam edərək evinə gedib. Evinin yaxınlığında 3 naməlum şəxs onlara hücum edib. Onlar qara geyimdə olublar. Naməlum şəxslər pul çantası olan kişiyə tərəf 3 dəfə atəş açıblar. Daha sonra çantanı alaraq qaçıblar".
Lakin soyğunçular uzağa gedə bilməyiblər. İsti izlərlə yaxalanan qarətçilərin Azərbaycan və Gürcüstan vətəndaşları olduğu bəlli olub. Adı açıqlanmayan şəxslərin heç birinin qeydiyyatı olmayıb. Onların adı açıqlanmasa da, daha öncə birinin dələduzluq üstə məhkum olduğu bildirilir.