Rusiya TV-lərini bağlamağa tələsmirik - MTRŞ

Rusiya TV-lərini bağlamağa tələsmirik   - MTRŞ

“Biz hazırda Rusiyanın bəzi televiziyalarında Azərbaycan əleyhinə aparılan təbliğatları, prosesləri izləyirik”.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Teleradio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov verdiyi açıqlamasında deyib.

Qarabağdakı son hərbi əməliyyatlar zamanı Rusiyanın bəzi televiziyalarının açıq-aşkar ermənipərəst mövqe sərgiləməsinə münasibət bildirən Təvəkkül Dadaşov deyib ki, məsələ hələ ki müzakirə səviyyəsindədir.

Qurum rəsmisi vəziyyətin belə davam edəcəyi təqdirdə MTRŞ-nın həmin televiziyalarla bağlı ölçü götürəcəyini söyləyib:

“Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da mövcud vəziyyətlə əlaqədar açıqlama verdi. O dedi ki, bəzi televiziyalar, yayımçılar tərəfindən Azərbaycanla bağlı məsələlərə qeyri-obyektiv yanaşılıb. O baxımdan hələ ki, məsələ müzakirə səviyyəsindədir.

Yəni artıq görsək ki, Rusiyanın bəzi telekanalları bu siyasətlərindən əl çəkmirlər, belə şəkildə davam etsələr MTRŞ o televiziyalarla bağlı hansısa ölçü götürmək məsələsinə baxa bilər. Ümid edirik ki, Rusiyanın da müvafiq rəsmi dövlət orqanları məsələylə ciddi məşğul olacaqlar”.

T.Dadaşovun fikrincə, Rusiya TV-lərinin aniAzərbaycan kampaniyası getdikcə səngiməkdədir. 

“Rusiyanın bəzi televiziya kanallarındakı Azərbaycan əleyhinə aparılan təbliğat pik həddə çatarsa, daha geniş dairədə gedərsə, onunla bağlı məsləhətli şəkildə qərar vermək olar. Bu gün məsələ ilə bağlı konkret olaraq hansısa qərar mövcud deyil. 
Rusiya televiziyaları Azərbaycan ərazisində peyk yayımı ilə və kabel televiziyası şəbəkəsində yayımlanır. Bu məsələlərə bağlı kabel yayımçılarına müvafiq göstərişlər verilə bilər. Hazırda bununla bağlı ciddi şəkildə göstəriş və qərar yoxdur. Ona görə də bu məsələyə hələ ki digər reaksiya verilmir”-deyə Təvəkkül Dadaşov bildirib.

Qeyd edək ki, cəbhədə vəziyyətin gərginləşdiyi günlərdə demək olar ki, bütün Rusiya telekanalları antiAzərbaycan təbliğatına qoşulublar.

Bunu Rusiyanın 1-ci və RTR kanallarında gedən məlumatlardan daya aydın görmək olur.

Məsələyə münasibət bildirən ictimaiyyət nümayəndələri, deputatlar, ekspertlər Rusiyanın antiAzərbaycan təbliğatına qoşulan televiziyalarının cəzalandırılmasını və onların yayımının ölkəmizdə qadağan olunmasını təklif ediblər.

Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR