Qum üzərində xarakter

Qum üzərində xarakter

Avropa Şurasının "EURIMAGES” Fondunuyn ayırdığı qrant sayəsində ərsəyə gələn "Qafqaz üçlüyü”nə sözardı


"Qüm üzərində ev” Rüstəm İbrahimbəyovun ötən əsrin 90-cı illərində indiki postsovet məkanında, xüsusilə də Rusiyada təbliğ olunan əsərlərindən birinin adıdır. 

İbrahimbəyovun 2008-ci ildə keçirilən prezident seçkilərindən cəmi 15 gün sonra "Pravda” qəzetinə verdiyi müsahibə ilə tanış olduğumda ağlımdan keçən ilk fikir "Qum üzərində ev”lə bağlı olmuşdu. İlk dəfə idi ki, yaradıcı adamın xarakterinin öz əsərinin adına bu qədər bənzədiyinin şahidi olurdum. Məhz bu müsahibədən sonra onun əsərlərini yenidən oxumağa, ssenariləri əsasında çəkilən filmləri təkrar izləməyə başladım. Və əmin oldum ki, bu adam mənsub olduğu xalqa, onun mədəniyyətinə, tarixinə, dünyagörüşünə aşağılayıcı və əzici bir kinayə ilə yanaşır. Bu baxımdan, Rüstəm İbrahimbəyov "Rosbalt” agentliyinə müsahibəsində ermənilərin ünvanına təriflər yağdıranda da, eqosuna Azərbaycan böyüklükdə daş düşmüş Əkrəm Əylislinin "Day yuxuları”nı mədh edəndə də, allı-güllü-milli şura filmində rejissor assisenti funksiyasını icra edəndə də təəccüblənməmişdim. Elə indi də… təəccüblənmədim. Olduqca soyuqqanlı bir şəkildə "Qafqaz üçlüyü” haqqında Ayaz Salayevin yazısını oxudum, daha sonra filmi izlədim… Filmin çəkildiyi ərazilərlə bağlı məlumatlarla tanış oldum. 

..."Qafqaz üçlüyü” Gürcüstan, Rusiya və Fransada çəkilib. Sonuncu ölkənin adı xüsusilə maraq doğurur... Bu barədə bir qədər sonra... Hələlik "film” adlandırmağa belə çətinlik çəkdiyim, Rüstəm İbrahimbəyovun öz xalqına, vətəninə olan nifrətinin kino lentinə köçürülmüş surətinə peşəkarların münasibəti haqqında yazmaq istəyirəm. "Qafqaz üçlüyü” nəinki bəyənilməyib və hətta "kütbeyinlik” kimi dəyərləndirilib. Süjet saxtadı və həqiqətin heç astanasında belə dayana bilmir. Məsələn, bütün dini konfessiyaların dinc birgəyaşayışının təmin edildiyi, az qala hər addımda əcnəbi dildə danışan insanlarla qarşılaşmağın mümkün olduğu bir şəhərdə rusca danışmağın "balta ilə qarşılandığını” iddia etmək saxtakarlığın, yalançılığın son həddidir. Rus dilində danışdığına görə qocanın döyülməsi ilə bağlı səhnə... Doğrudur, bu səhnə personajın milli mənsubiyyəti istisna olunmaqla Əkrəm Əylislinin "Daş yuxular”ından götürülüb. Plagiatdır yəni... Bəlkə də əksinə "Daş yuxular”ın ideya müəllifi də Rüstəm İbrahimbəyovdur. Yaxud hər iki xəyanət dağarcığı eyni mərkəzdə və eyni adamlar tərəfindən təlimatlandırılıb. Önəmli olan bu deyil, təbii...

Məsələ orasındadır ki, hətta rus tənqidçiləri belə bu səhnənin reallığı əks etdirə biləcəyinə inanmayıblar. Amma Rüstəm İbrahimbəyovun öz xalqına nifrəti o qədər böyükdür ki, hətta Azərbaycana bir o qədər də pozitiv münasibət bəsləməyən insanların inana bilmədiklərinə də özünü inandırmağı bacarıb.

"Qafqaz üçlüyü”nün ssenarisi, rejissor işi və aktyor oyunu haqqında uzun-uzadı yazmayacağam. Bu barədə Ayaz Salayevin kifayət qədər peşəkar yanaşması var. Amma bu nifrət körükləyən "ekran əsəri”nin ərsəyə gəlməsi ilə bağlı bəzi məqamlara toxunmağı vacib hesab edirəm. "Qafqaz üçlüyü” "Cinetech Film Production” (Gürcüstan), "Kinoskopik Film Production” (İspaniya) və "İbrus”-un (Rusiya) birgə istehsalıdır. "Kinoskopik Film Production”-un rəsmi saytında birgə istehsalçı kimi "İbrus”un adı çəkilsə də "Qafqaz üçlüyü”nün titrlərində bu barədə məlumat verilməyib. Ola bilsin ki, bunun da öz səbəbləri var. Məsələ burasındadır ki, filmi Avropa Şurasının bədii və sənədli ekran əsərlərinin dəstəklənməsi məqsədilə yaratdığı "EURIMAGES” Fondu maliyyələşdirib. Fondun nizamnaməsinə görə yalnız iki və daha çox istehsalat birliyinin birgə istehsalı olan filmlərə 5 milyon avrodan çox maliyyə vəsaiti ayrılır. Çox güman ki, "Cinetech Film Production” (Gürcüstan), "Kinoskopik Film Production” (İspaniya) və "İbrus”un (Rusiya) birgə əməkdaşlığının təməlində də Avropa Şurasından daha çox maliyyə vəsaiti qoparmaq məqsədi dayanıb.


Onu da qeyd edim ki, "Qafqaz üçlüyü” Gürcüstan, İspaniya və Rusiya üçlüyünün yeganə ortaq layihəsi deyil. Bundan öncə də adıçəkilən istehsalat birlikləri "EURIMAGES” Fondundan bir neçə dəfə qrant qoparmağa nail olunblar və yəqin ki, dadı damağlarında qalıb.


Bütün bunları araşdırmaqda və yazmaqda niyyətim ondan ibarətdir ki, Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü”nü ərsəyə gətirməkdə məqsədinin təkcə Azərbaycana olan nifrətini və ermənilərə sevgisini daha qabarıq şəkildə ifadə etmək olmadığını və öz xalqını, Vətənini həm də Avropa Şurasının "EURIMAGES” Fondunun ayırdığı qranta satdığını sübuta yetirim. Rüstəm İbrahimov hətta sevgisində də, nifrətində də səmimi deyil. Onun sevgisi də, nifrəti də maddi maraqlarının təmin edilməsi üçün bir vasitədir.

"EURIMAGES” Fondunun "Qafqaz üçlüyü”nü maliyyələşdirməsi ilə bağlı fakt həm də Rüstəm İbrahimbəyovun daha öncəki davranışlarına aydınlıq gətirilməsi üçün ipucu verir. Bəlli olur ki, 2008-ci ildən başlayaraq onun Rusiyanın, ABŞ-ın, Avropanın kütləvi informasiya vasitələrində ermənilərin ünvanına səsləndirdiyi sevgi dolu mesajlar məsədyönlü xarakter daşıyıb. Onun siyasətə qoşulması da həmçinin bir neçə məqsədə xidmət edib. Həm qarmağına düşdüyü xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib, həm də beynəlxalq təşkilatların ayırdığı qrantlara sahiblənmək üçün "dissident” obrazı formalaşdırmağa çalışıb. Amma maraqlıdır, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı olduğu halda bunu Rusiyada deyil, Azərbaycanda, həm də Azərbaycana qarşı edib. Sual olunur, nə üçün? Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı olduğu halda hansı hüququ əsaslarla və məntiqlə Azərbaycanda prezident olmaq niyyətinə düşmüşdü? Məgər o bu qədər bəsit bir hüquqi proseduru anlamayacaq qədər axmaq idi? Şübhəsiz ki, yox... Zənnimcə, Rüstəm İbrahimbəyovun siyasətə gəlişi ilə bağlı "ssenari”nin davamını yazmağa ehtiyac yoxdur. "Film” hər kəsin gözü qarşısında oynanılıb.

Yazımı "Görəsən, İbrahimbəyovu özünə lider seçənlər "Qafqaz üçlüyü”nü izlədikdən sonra nə düşünürlər” sualı ilə davam etdirmək istəyirdim. Amma düşünürəm ki, bu doğru sual deyil. Çünki İbrahimbəyovun film haqqında fikirlərini Cəmil Həsənli, Əli Kərimli və digərləri ilə bölüşmədiyimə şübhə edirəm. Onların film barədə məlumatları olub. Ola bilsin ki, hətta ssenari ilə də daha öncədən tanış olublar. Bəlkə də Rüstəm İbrahimbəyovun aldığı qrantdan da pay umublar... 
Film 2017-ci ilin fevral ayında "Youtube” kanalına yerləşdirilib. Cəmi 11 minə yaxın baxış sayı var. Yəqin ki, bu da "Qafqaz üçlüyü” ilə bağlı Azərbaycanda aparılan müzakirərdən sonrakı göstəricilərdir.

Bir məqama da toxunmaq istəyirəm: "Qafqaz üçlüyü” nümayişdə olduğu dövr ərzində cəmi 648 ABŞ dolları gəlir əldə edib. Bu isə filmin nə qədər uğursuz olduğunu təsdiqləyir.

Başqa bir məqam isə daha öncə də qeyd etdiyim kimi filmin çəkilişlərinin aparıldığı ərazilərlə bağlıdır. Bu müstəvidə çəkilişlərin bir hissəsinin nə üçün Gürcüstan və Rusiyada aparıldığını başa düşmək olar. Çünki filmi istehsal edən müəssisələrdən biri Rusiyada, digəri isə Gürcüstanda yerləşir. Amma filmin üçüncü ortaq istehsalçısı İspaniya şirkətidir. O zaman nə üçün Fransa? Hər kəsə bəllidir ki, filmin ssenarisində çəkiliş məkanları öncədən nəzərdə tutulur. Yəni Fransa Rüstəm İbrahimbəyovun öz seçimidir... Fransada isə böyük və həm də böyük pulları olan erməni diasporu var... Bəlkə də Avropa Şurasının "EURIMAGES” Fondunun "Qafqaz üçlüyü”nün çəkilişlərinə qrant ayırmasında da onların rolu olub. Sirr deyil ki, bu qədər böyük məbləğdə vəsaiti adama "qara qaşına və gözünə” görə vermirlər.

P.S. Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü” ilə bağlı özünü təmizə çıxarmaq cəhdləri isə onun nə qədər yalançı və riyakar olduğunu bir daha nümayiş etdirir. Adam deyir ki, guya filmdə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan heç bir ifadə və fikir yoxdu. Amma filmin başlanğıcında qeyd olunur ki, "1988-ci ildə ərazi baxımından Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Vilayəti öz müstəqilliyini elan etdi. Nəticədə isə Azərbaycanla Ermənistan arasında hər iki tərəfədən minlərlə insanın həyatının itirilməsinə səbəb olan hərbi qarşıdirma baş verdi. Yüzlərlə insan öz evini tərk etdi, ailələr dağıldı... Hər iki tərəfin xalqı getdikcə bir-birlərinə daha çox düşməncəsinə yanaşırlar. Amma istisnalar da var...”

İbrahimbəyovun saxtakarlığı bu sətirlərdən açıq-aşkar görünür. Çünki hərbi qarşıdurma Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində baş verib. Dağlıq Qarabağdakı separatçı hərəkatı da Ermənistan stimullaşdırıb və daha sonra Rusiyanın da dəstəyi ilə Azərbaycan ərazilərini işğal edib. Filmdən gətirdiyim nümunədə "yüzlərlə insanın öz evini tərk etdiyi” bildirilir və bu, hər iki tərəfə şamil olunur. Həmin illərdə isə təkcə indiki Ermənistan ərazisindən, öz tarixi vətənlərindən, evlərindən 200 min azərbaycanlı qovulub. Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlı öz evindən didərgin düşüb...

Adam bu qədər şəxsiyyətsiz və riyakar ola bilməz. Mən filmdən daha çox İbrahimbəyovun həyasızlığına heyrətlənirəm... Qum üzərindəki bünövrəsiz, bəndsiz xarakter sürüşməkdə davam edir. Yəqin ki, nə zamansa "İBrus” sahibinin "qum üzərindəki evi” nəyəsə toxunub dayanacaq. Amma nəyə... Bunu zamanın öhdəsinə buraxaq.

Elçin Mirzəbəyli,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru

 

Aktual.az
Xəbər 3079 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR