Qüdrət Həsənquliyevdən qanun layihəsi ilə bağlı mühüm təkliflər

Qüdrət Həsənquliyevdən qanun layihəsi ilə bağlı mühüm təkliflər

Milli Məclisdəki "Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsində iştirak edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bildirdi ki, qanun layihəsinə edilən düzəlişləri təqdir edir. "Amma bəzi məsələlər var ki, ictimai müzakirələr zamanı qaldırmışdım, nəzərə alınmayıb”-deyə, Q.Həsənquliyev razılaşmadığı məqamları sadaladı.

Aktual.az-ın məlumatına görə, deputat bildirdi ki, Konstitusiyaya görə qanunun geriyə tətbiq olunması mümkün deyil, amma bu məsələ layihədə nəzərə alınmayıb:
 
"Həmçinin dövlət qulluqçularının siyasi partiyaların üzvü olmaması barədə təklif etmişdim. Hesab edirəm ki, dövlət qulluqçusu heç bir siyasi mənsubiyyəti olmamalıdır”-Q.Həsənquliyev əlavə etdi. Onun sözlərinə görə, siyasi partiya təsisçisinin internet portalı yarada bilmədiyi, amma çap mediasını yaratmaq hüququ tanınır ki, burada da məntiq yoxdur.

Deputatın sözlərinə görə, bundan başqa, 14-15-ci maddələr ümumiyyətlə çıxarılmalıdır: "Partiyalara göstəriş verilir ki, siz partiyaları necə idarə etməlisiniz. Eyni zamanda qanun layihəsinin müddəalarından belə çıxır ki, mən hansısa şöbə yaratmaq üçün hər dəfə qurultay çağırmalıyam. Xırdalıqlara getmək düzgün məsələ deyil, ona görə də həmin maddələr çıxarılmalıdır”.

Eyni zamanda Q.Həsənquliyev bildirdi ki, ölkədə yaşayan etnik qruplara ayrılıqda partiya yaratmaq hüququnun verilməsindən ayrı-ayrı qüvvələr sui-istifadə edə bilər.

BAXCP sədri partiya üzvlərinin telefon nömrələrinin tələb olunmasını da düzgün saymadı. Dedi ki, heç Nazirlər Kabinetinin heyət üzvlərinin şəxsi mobil telefonları telefon kitabşalarında göstərilmir, ancaq xidməti telefonlar göstərilir. İstənilən şəxs götürüb ayrı-ayrı YAP üzvü olan məmurlara zəng edəcək, YAP bununla bağlı xüsusilə narahat olmalıdır.

Bundan əlavə, Q.Həsənquliyev maliyyələşmə ilə bağlı iradlarını da sadaladı. "Ümumən plenar iclasda lehinə səs verəcəyəm. Ümid edirəm ki, bizim təkliflərimiz nəzərə alınacaq”-Q.Həsənquliyev sonda bildirdi.(musavat.com)


Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR