Qüdrət Həsənquliyev: Qarşımızda duran elə bir siyasi qüvvə, imperiya yoxdur ki, ona qarşı cəbhə açaq - MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: Qarşımızda duran elə bir siyasi qüvvə, imperiya yoxdur ki, ona qarşı cəbhə açaq - MÜSAHİBƏ

Aktual.az prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin APA-ya müsahibəsini təqdim edir:

- Prezidentliyə namizədsiniz. Seçki platformanızda cəmiyyətə fərqli nələr təklif edirsiniz?

- Əgər xalqımız etimad göstərəcəksə, seçkilərdən dərhal sonra ölkədə Qarabağ üzərində dövlət suverenliyimizin bərpa olunması ilə əlaqədar böyük amnistiya aktı qəbul ediləcək. Bunun ardınca yeni Konstitusiyanın qəbulunu düşünürük. Ölkəmizin yenidən qurulması istiqamətində addımlar atmaq məqsədilə Milli Birlik Hökuməti yaradılacaq, tanınmış mütəxəssislər, siyasətçilər Milli Birlik Hökumətinə dəvət olunacaq. Həmin hökumətin ilk görəcəyi işlərdən biri yeni Konstitusiyanın qəbulu üçün layihəni hazırlayacaq komissiyanın yaradılması və layihənin geniş ictimai müzakirəsinin təşkili olacaq. Yeni Konstitusiyada parlamentli respublika modeli öz əksini tapacaq. Prezident 5 il müddətinə parlamentdə seçiləcək, məhdud səlahiyyətlərə malik olacaq. Ölkədə icra hakimiyyətinin başında parlament seçkilərində çoxluq qazanmış siyasi partiyanın, yaxud siyasi partiyalar blokunun nümayəndəsi olan Baş nazir olacaq, o da 4 il müddətinə seçiləcək. O cümlədən Ali Məclis adlanacaq parlament 4 il müddətinə seçiləcək.

Yeni Konstitusiyanın qəbulundan dərhal sonra proporsional seçki sisteminə əsaslanan yeni Seçki Məcəlləsi qəbul ediləcək, majoritar seçki sistemi tam ləğv olunacaq. Topladığı səsdən asılı olmayaraq heç bir partiya parlamentdə yerlərin 2/3-dən çoxuna malik ola bilməyəcək. Yerlərin 1/3-i seçki barajını aşa bilməsə belə, ikinci və üçüncü ən çox yer qazanmış partiyalar arasında bölünəcək. Bu, parlamentdə fraksiyaların olması üçün lazımdır. Biz ATƏT məkanında, həm də MDB-də tək ölkəyik ki, parlamentdə deputat fraksiyası yoxdur.

Bundan başqa, yerli idarəetmə ilə bağlı köklü islahatlar həyata keçirəcəyik. Azərbaycan indiki kimi 90 inzibati ərazi vahidinə bölünməyəcək, ölkədə cəmi 15 inzibati ərazi vahidi olacaq. Region adlanacaq hər inzibati ərazi vahidinin nümayəndəli orqanı kimi Məclisi olacaq, Məclis üzvlərinin sayı 25-dən 31-ə qədər dəyişəcək. Həmin regionlarda icra hakimiyyətinin rəhbəri Məclis tərəfindən seçiləcək. Hər yaşayış məntəqəsinin yerli özünüidarəetmə orqanları kimi bələdiyyələri qorunub saxlanacaq və onların səlahiyyətləri genişləndiriləcək. İndiki hədsiz mərkəzləşməyə son qoyulacaq, yerli hakimiyyətlərə tikintiyə icazə vermək, yerli səviyyəli layihələr həyata keçirmək səlahiyyəti veriləcək, investisiya cəlb etmək imkanları olacaq. Bu, həm regionların inkişafına töhfə verəcək, həm yerli idarəetməni xalqa yaxınlaşdıracaq, həm də yerli əhali rəhbərlərin seçilməsində birbaşa iştirak edəcək.

Bunun ardınca yeni Konstitusiyaya uyğun olaraq dərhal məhkəmə islahatları başlayacaq, hakimlər ömürlük təyin olunacaqlar. Hakimlərə yüksək əməkhaqqı veriləcək ki, həyatlarını layiqli təmin edə bilsinlər. Məhkəmələrdə andlı iclasçılar institutu da tətbiq olunacaq. Yəni şəxsin təqsirli olmasını, yaxud tərəflərdən kimin haqlı olmasını andlı iclasçılar müəyyənləşdirəcək. Bununla da biz həm mülkiyyəti qoruya biləcəyik, həm də ölkədə qanunun aliliyini təmin etmiş olacağıq.

Ölkədə vətəndaş cəmiyyətinin inkişafında müstəsna yeri və rolu olan QHT-lərin və medianın inkişafı üçün xüsusi proqram qəbul edəcəyik.

Bundan başqa, iqtisadiyyatın yenidən qurulması ilə əlaqədar indiki komanda ilə idarə olunan iqtisadiyyatdan tam bazar iqtisadiyyatına keçəcəyik, dövlət müəssisələri istisnasız olaraq özəlləşdiriləcək, dövlətin inhisarına son qoyulacaq. Rəqabət, biznes mühiti xeyli yaxşılaşdırılacaq. İqtisadiyyatımız şaxələndiriləcək, dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq artırılacaq, neftdən asılılığa son qoyulacaq. Xarici investorlar qoyduqları sərmayəni geri götürənədək bütün vergilərdən azad ediləcək. Tutaq ki, hansısa xarici investor metro tikintisi üçün cəlb olunursa, qoyduqları vəsaiti əldə edənə qədər bütün vergilərdən azad olunacaq. Dövlətin qazancı o olacaq ki, vətəndaşlar həmin tikintidə çalışaraq əməkhaqqı alır, insanlarımız həmin metrodan istifadə edir, bu prosesdən iqtisadiyyatımızın digər sahələri faydalanır. Xarici investor qoyduğu sərmayəni tam geri götürəndən sonra isə növbəti 5 il ərzində hər il 50 faiz vergi güzəşti nəzərdə tutulacaq. Biz bunu ona görə edəcəyik ki, ölkəyə böyük həcmdə xarici investisiya cəlb edə bilək.

Hüquq-mühafizə orqanlarında da islahatlar aparılacaq, ölkədə Dövlət İstintaq Komitəsi yaradılacaq. Cinayət işi başlamaq səlahiyyəti yalnız İstintaq Komitəsinə veriləcək, digər hüquq-mühafizə orqanları cinayət xarakterli məlumatlar aşkarladıqda onu İstintaq Komitəsinə göndəriləcək. İstintaq Komitəsi də həmin məlumatları qiymətləndirərək onun əsasında ya cinayət işi başlayacaq, ya da cinayət işi başlamaqdan imtina edəcək.

Prokurorluq Ədliyyə Nazirliyinə birləşdiriləcək, bir çox inkişaf etmiş ölkələrdə də bu qayda tətbiq olunub. Ölkədə hakimlərin sayı artırılacaq. Hər 100 min nəfərə düşən hakimin sayına görə Azərbaycan Avropa standartlarından çox geridə qalır. Azərbaycanda hər 100 min nəfərə 6-7, Avropada hər 100 min nəfərə 20-yə qədər hakim düşür. Avropada hər 100 min nəfərə 147 vəkil varsa, Azərbaycanda bu göstərici 23 nəfərdir. Həm hakimlərin, həm də vəkillərin sayının Avropa standartlarına çatdırılması istiqamətində ciddi addımlar atacağıq.

Biz dərhal peşəkar ordu quruculuğuna başlayacağıq. Çağırış formasında hərbi xidmət yalnız 6 ay olacaq, qızlar üçün bu, könüllü olacaq. Gənc oğlanlardan kim hərbi xidmət keçmək istəmirsə, pul ödəməklə hərbi xidmətdən azad olacaq. Peşəkar hərbçilər 20 il xidmət edib pensiyaya çıxa biləcək və həmin vaxt ailə tərkibinin sayından asılı olmayaraq 4 otaqlı mənzilin orta qiyməti hesabında pul alacaq. Hərbçilərin həyatı ilə bağlı sığortanın məbləği 170 min manat olacaq, sağlamlığını itirənlər isə 100 min manat sığorta alacaq.

Bundan başqa, kasıb əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün şəhid ailələri və müharibə əlilləri üçün müavinətlər indiki ilə müqayisədə minimum iki dəfə artırılacaq. Pensiyaların minimal həddi orta aylıq əməkhaqqının 80 faizinə çatdırılacaq. Hər uşağa 100 manat olmaq şərtiylə, uşaq pulu veriləcək.

- Bu vəsaitlərin mənbələrini açıqlaya bilərsiniz?

- Bu vəsaitlər qeyd etdiyim sahələrdə iqtisadi islahatların həyata keçirilməsi nəticəsində əldə olunacaq. Bundan başqa, ölkədə pul vəsaitinin, əmlakın leqallaşdırılması istiqamətində "Varidata təminat haqqında” 1993-cü ildə Elçibəy tərəfindən təsdiqlənmiş Konstitusiya qanunu yeni redaksiyada qəbul olunacaq. Biz imkan verəcəyik ki, 6 ay müddətində hamı əlində olan pulları və əmlakı heç bir izahat və deklarasiya vermədən leqallaşdıra bilsin.

Bundan başqa, vətəndaşların banklara inamını bərpa etmək lazımdır. Son 10 ildə 21 bank bağlanıb, çoxlu sahibkar və vətəndaş böyük pullar itirib. Vətəndaşlar düşünürlər ki, niyə dövlət Neft Fondunun vəsaitlərini yerli banklarda saxlamadığı halda biz vəsaitlərimizi yerli banka qoyaq? Yerli banklara inamı bərpa etmək üçün Neft Fondunun vəsaitlərinin ən azı 10 faizi dərhal Azərbaycan banklarında yerləşdiriləcək ki, Azərbaycan sahibkarlarının ucuz kreditlərə çıxış imkan olsun. İndi bu kreditlər 13-27 faiz aralığında verilir. Həm də sahibkarlara böyük məbləğlərdə kreditlər verilmir. Kreditlər qısa müddətə verilir ki, bununla da ölkədə işgüzar mühiti canlandırmaq, iqtisadiyyatı inkişaf etdirmək absurddur, mümkünsüzdür. Çalışacağıq ki, qısa müddətdə Ümumdünya Ticarət təşkilatına üzv olaq.

- Platformanızda təhsil və səhiyyə sahələri ilə bağlı hansı planlar əksini tapıb?

- Biz orta məktəbin buraxılış imtahanının nəticələrinə uyğun olaraq ali məktəblərə qəbulun keçirilməsini təmin edəcəyik. Test sualları məktəblilərin orta bilik səviyyəsinə uyğun hazırlanacaq və bununla da repititorluğun qarşısını alacağıq. Repititorluğun qarşısını almaq üçün həm də müəllimlərə yüksək maaşlar veriləcək.

Səhiyyə sisteminə gəlincə, Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - yeni yaradılacaq Səhiyyə,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində birləşdiriləcək. Biz çalışacağıq ki, dövlətin idarəetmə xərclərini məhdudlaşdıraq ,məmurların sayını 3 dəfə azaldaraq bürokratiyanı kiçildək.

İşdən çıxan məmurlara da imkan yaradılacaq ki, ya öz bizneslərini qursunlar, ya da başqa sahədə özlərinə daha yüksək maaşlı işlər tapa bilsinlər. Aparılacaq islahatlar bu cür iş yerlərinin açılmasına şərait yaradacaq.

- Yeri gəlmişkən, seçki platformanızdan danışarkən parlamentli respublikaya keçidin zəruriliyini xüsusi vurğuladınız. Ancaq biz torpaqlarımızı prezident üsul-idarəsi ilə azad etdik. Eyni zamanda Türkiyənin də timsalında görürük ki, prezident üsul-idarəsinin daha çevik və effektiv olduğu yönündə arqumentlər üstünlük təşkil edir. Bu baxımdan parlament üsul-idarəsi indiki dövrdə nə dərəcədə effektli ola bilər?

- Azərbaycanda demokratiyanı, çoxpartiyalı siyasi sistemi inkişaf etdirmək üçün parlamentli respublika modelinə keçməliyik. Qonşu ölkələr də parlament üsul-idarəsinə keçib, dünyaya demokratiyanı bəxş edən Qərbi Avropa ölkələri əsasən parlamentli respublika modelindədir. Biz 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını da qəbul edəndə qeyd edirdik ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. Xalq Cümhuriyyəti də parlamentli respublika olub. Demokratik ənənələrin olmadığı ölkələrdə demokratiyanı inkişaf etdirməyin əsas yollarından biri də budur. Həm də parlamentli respublikanın üstünlüyü ondan ibarətdir ki, icra hakimiyyətinin başçısı Baş nazir olur və mütəmadi parlamentdə hesabat verir. Parlamentin hökumət üzərində nəzarəti daha güclü olur. Belə olduğu təqdirdə həm ölkədə qanunun aliliyi, həm də şəffaflıq daha yaxşı təmin edilir. Xüsusən Ermənistanın işğalına son qoyulandan sonra ölkə öz inkişafında yeni bir mərhələyə qədəm qoymalıdır. Bu mərhələyə də parlamentli respublika ilə getməyin daha faydalı olduğunu düşünürük.

- Bəs xarici siyasət kursu ilə bağlı düşüncələriniz necədir? Xarici siyasət kursunda korrektələrə ehtiyac varmı?

- Nəzərə almalıyıq ki, Avropanın bir hissəsi olsaq da, mentalitet etibari ilə biz şərqliyik, müsəlman ölkəsiyik. Bizim Avropa İttifaqına üzv olmağımız yaxın perspektivdə gözlənilmir, yəqin ki, bizi Avropa İttifaqında heç gözləyən də yoxdur. Ona görə yeni bir ittifaqın yaranmasına ehtiyac var. Bu, Avropa İttifaqı modelində olmalı, o İttifaqda Türkiyə, İranın və keçmiş sovet respublikaları, türk dövlətləri təmsil olunmalıdır. Belə olduğu təqdirdə bu, Avropa İttifaqı ilə Çin arasında, Avrasiya məkanında Avropa İttifaqı ilə rəqabət aparacaq bir İttifaq olacaq. Üstünlüyü ondan ibarətdir ki, biz həm bu İttifaq daxilində iqtisadiyyatımızı sürətlə inkişaf etdirə bilərik, həm də əsas milli hədəfimiz olan Cənubi azərbaycanlılarla bir yerdə, bir məkanda olacağıq. Təsəvvür edin ki, Avropa İttifaqı kimi bir İttifaqdayıq, Cənubi Azərbaycanla Şimali Azərbaycan arasında da sərhədlər açıqdır, kim hara istəyir, gedir, özünə iş tapır. Gör o zaman biz Cənubi Azərbaycanla necə qaynayıb qarışa bilərik. Yeri gəlmişkən, seçki platformamızda həm də ölkəmizin Şimali Azərbaycan adlandırılması nəzərdə tutulur.

Hazırda Türkiyə, Rusiya və İranın qəbul etdiyi 3+3 formatında əməkdaşlıq yeni İttifaqın bazasını təşkil edə bilər. Amma bu İttifaqın yaranması heç də bizim Avropa təşkilatları ilə əlaqəmizin kəsilməsi demək deyil. Məsələn, ATƏT-in, Avropa Şurasının üzvləri var ki, Avropa İttifaqının üzvləri deyillər. Bizim İttifaqımız iqtisadi-siyasi birlik olacaq. Biz region dövlətləri ilə daha çox inteqrasiyanın tərəfdarıyıq.

Ermənistanla da sülh sazişi tezliklə imzalanmalıdır. Çünki bu münaqişənin davam etməsi həm də Azərbaycana xarici investisiyaların axınının qarşısını alır.

- Avropadan söz düşmüşkən, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqlənməməsi gündəmə gəldi. Avropa bizdən niyə uzaqlaşmaq istəyir?

- Avropa İttifaqında iqtisadi gücü Almaniya, Avropa İttifaqının beyni funksiyasını daha çox Fransa yerinə yetirir, qərarların qəbulunda Parisin rolu daha böyükdür. Bizim Fransa ilə münasibətlərimizin gərginləşməsi Avropa Şurasında da belə bir qərarın qəbul olunmasını şərtləndirib. Biz bilirdik ki, Fransa bizdən qisas almaq istəyəcək, Çünki Qarabağ məsələsində Fransanın haqsız mövqe tutması, ərazi bütövlüyümüzü şübhə altına alması münasibətlərimizdə ciddi problem yaradıb. Ona görə də biz bunu gözləməliydik. Azərbaycan da ərazi bütövlüyünü bərpa edib, özünü daha güclü hesab edir və ona görə də bizə qarşı yönələn qərarlara daha sərt münasibət bildirir. Amma hesab etmirəm ki, yaranmış gərginlik bizim Avropa Şurasındakı fəaliyyətimizə tamamilə son qoyulmasına gətirib çıxarmalıdır. Biz Avropa Şurasında qalmalıyıq. Avropa Şurası da bir siyasi platformadır və biz bütün siyasi platformalardan istifadə etməliyik.

Hesab edirəm ki, seçkidən sonra qarşılıqlı səylər, addımlar nəticəsində bu gərginlik aradan qalxar və Azərbaycan Avropa Şurası Parlament Assambleyasında öz fəaliyyətini davam etdirər.

- Sonda partiyanızın adını dəyişməsi məsələsinə aydınlıq gətirməyinizi istərdik. Nə üçün məramı adından bəlli olan partiyanızın adını dəyişmək istəyirsiniz?

- Partiyanın proqramında heç bir dəyişiklik olmur, Bütöv Azərbaycan ideyası yenə də qalır. Mən yeni İttifaqın yaradılması barədə danışanda da əsas ideyanı - Cənubi azərbaycanlılarla vahid iqtisadi-siyasi məkanda bir yerdə olmağımızı vurğuladım. Bu, bizə son dərəcə lazımdır. Bu İttifaq imkan verəcək ki, azərbaycanlılar öz dillərində təhsil ala, universitetlər, teatrlar aça bilsinlər, Məsələn, Seçki Platformamda o da nəzərdə tutulub ki, hər il 1000 nəfər Cənubi azərbaycanlı Azərbaycan universitetlərində dövlətimizin vəsaiti hesabına oxusunlar. Cənubi Azərbaycandan incəsənət xadimləri Azərbaycana dəvət edilməlidir. Mən vaxtilə xalqımıza müraciət etmişdim ki, Avropadan, Rusiyadan, Türkiyədən toylarımıza müğənnilər dəvət edirsiniz, niyə Cənubi Azərbaycandan-Təbrizdən, Ərdəbilən dəvət etmirsiniz? Dəvət edin, gəlib bizim toylarımızda, bizim müğənnilərimiz onların toylarında oxusunlar. Yəni biz vahid İttifaq çərçivəsində həm də türk xalqları və Azərbaycan türkləri ilə qaynayıb-qarışmaq imkanı əldə edəcəyik. Başqa formada bütövləşməyimiz, söhbət vahid dövlətdə bütövləşməkdən getmir, bir millət olaraq bütövləşməyimiz üçün daha çox zaman tələb olacaq. Ona görə də deyirik ki, bir İttifaqda olaq, sərhədlər aradan qalxsın, heç bir viza olmasın.

Partiyanın adını isə ona görə dəyişirik ki, Xalq Cəbhəsi yarananda əsas məqsəd Qarabağın azad edilməsi idi. Sonradan Moskvanın ədalətsiz mövqeyini görəndə Qarabağ hərəkatı Milli Azadlıq Hərəkatına çevrildi. İndi biz həm müstəqil dövlətimizi qurmuşuq, həm də Qarabağı azad etmişik. Faktiki olaraq Xalq Cəbhəsinin əsas missiyası yerinə yetirilib. Bundan sonra Xalq Cəbhəsinin Proqramında ədalətli cəmiyyət, hüquqi dövlət qurmaq məqsədləri vardı. Bu da bizim partiyanın yeni adıdır. Partiyanın adı "Ədalət, Hüquq və Demokratiya” (ƏHD) olacaq.

Bu, əsas səbəbdir, ancaq digər amillər də var. Məsələn, hazırda ölkənin siyasi sistemində Cəbhə adı daşıyan 4 partiya var. Buna da son qoymağın zamanı çatıb. Xalq Cəbhəsi adı zamanında ona görə seçilmişdi ki, xalqı düşmənə qarşı bir cəbhədə birləşdirək. Cəbhə daha çox qarşıdurma, səngər mənasını özündə ifadə edir. İndi isə hesab edirik ki, biz təkamül yolu ilə irəli getməliyik. Artıq Cəbhə sözün özünün də ağırlığı çox böyükdür, daha kəskin ifadədir. Qarşımızda duran siyasi mübarizədə elə bir siyasi qüvvə, imperiya yoxdur ki, ona qarşı cəbhə açaq. Sadəcə, təkamül yolu ilə cəmiyyətimizi, xalqımızı inkişaf etdirərək irəli getməliyik.

Xəbər 681 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR