Qüdrət Həsənquliyev: “Erməniləri Qarabağa qaytarmaq istəyirlər”

Qüdrət Həsənquliyev: “Erməniləri Qarabağa qaytarmaq istəyirlər”

Xəbər verdiyimiz kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib.
 
Aktual.az xəbər verir ki, hesabatda diqqət çəkən məqamlardan biri prezidentliyə namizdələrin hazırkı dövlət başçısı İlham Əliyevi dəstəkləməsi barədə əks olunanlardır.
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev mövzu barədə Gununsesi.info-ya açıqlama verib. Onun sözlərinə görə, ATƏT bir Avropa siyasi təsisatıdır, ona görə də "bizim erməni işğalçılarını torpaqlarımızdan qovmağımızdan çox məyusdurlar: ”
 
"Düşünürlər ki, qisas almaq üçün əllərinə imkan düşüb. Mənimlə görüşdə dedilər ki, siz 23 oktyabrda Prezidentin daxili və xarici siyasətini dəstəkləməniz barədə digər partiyalarla birlikdə bəyanat vermisiniz.
 
Dedim, bu Qarabağ probleminin həlli ilə əlaqədar verilən bəyanatdır. İlham Əliyev Ermənistanın xarici tərəfdaşlarını neytrallaşdıra bildi, ölkəmizə güclü müttəfiqlər qazandırdı, daxildə xalqın birliyinə nail oldu və nəticədə biz qalib gəldik.
 
Prezidenti həmişə tənqid etməli deyilik ki, onun xidmətlərini də qiymətləndirməyi bacarmalıyıq. Onlara söylədim ki, Qarabağ məsələsindən və ümummilli məsələlərdən kənar mənim bir dəfə Prezidenti dəstəklədiyimə dair fakt göstərin. Parlamentin iclaslarının stenoqramları, verdiyim müsahibələr, hökumətin hesabatlarına dair necə səs verməyim, büdcə müzakirələrindəki çıxışlarım ortadadır, araşdırın, başqa bir fakt göstərin. Göstərə bilmədilər”, – deyə o bildirib.
 
Qüdrət Həsənquliyev aralıq hesabatın qərəzli olduğunu deyib: "Onlar qərəzlidirlər və ermənipərəst dairələrin komandası ilə hərəkət edirlər. Onları ölkədə vətəndaş qarşıdurmasının olmaması ciddi narahat edir. Çünki bu zaman ölkə xarici təzyiqlərə müqavimət göstərə bilir. Azərbaycana təzyiq edib, erməniləri Qarabağa qaytarmaq istəyirlər, Azərbaycanın Rusiya ilə qarşıdurmaya getməməsindən, İranla münasibətlərin tədricən yumşalmasından çox pərişandırlar. Çünki qonşularla düşmənçilik bizi onlardan asılı edir”.


Xəbər 850 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR