Millət vəkili Q.Paşayeva AŞPA-da səsləndi:”Terrordan əziyyət çəkmiş ölkənin təmsilçisi olaraq səslənirəm. Avropa, AŞPA terrorla mübarizədə 2-li standartlara yol verməməlidir.”
AŞPA-da “Beynəlxalq terrorizmə qarşı mübarizə, Avropa Şurası standartları və dəyərləri qorumaq” və “Suriya və İraqda xarici döyüşçülər” adlı qətnamə layihələrinin müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva Azərbaycanın Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkə olduğunu vurğulayaraq Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir, bundan əl çəkilməlidir deyib. O bildirib ki, harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq etnik və dini ayrım etmədən Avropa, Avropa Şurası və AŞPA terrora qarşı sərt mübarizə etməlidir amma Azərbaycan xalqına qarşı terror hadisələri törədilən zaman Avropa və təşkilat yetərli qədər sərt münasibət ortaya qoymayıb. Millət vəkili Q.Paşayeva deyib:”Terrordan çox əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq terrorla mübarizə istiqamətində birgə fəaliyyətimizi gücləndirmək istiqamətində Assambleyamızdakı müzakirələri dəstəkləyirəm. Amma dəyərli dostlar biz getdikcə daha da artan terror hadisələri ilə, terrorizmlə bilirsinizmi nə zaman daha effektiv mübarizə apara bilərik? Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq terror törədənlərə, təşkil edənlərə, dəsətəkləyənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə apardığımız zaman. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa bundan imtina etməlidir. Dəyərli dostlar, mən bir müsəlmanam. Bunu hər kəsin bilməsi gərəkir. İslam sülh dinidir, mülki insanların qətlə yetirilməsini pisləyir. İŞİD-in törətdiklərini İslam və müsəlmanlara aid etmək olmaz. Biz də İŞİD-in əməllərini sizin qədər pisləyirik. İŞİD ən böyük zərəri də Avropadan daha çox müsəlmanlara vurur. Avropada bəzi siyasətçilərin İŞİD-in əməllərini istifadə edərək İslam dini və müsəlmanlar əlehinə etdikləri çağırışlara qarşı da Avropa Şurası, AŞPA olaraq birgə mübarizə aparmalı, bu kimi halları pisləməliyik. İslam və müsəlmanlar əleyhinə Avropada səslənən bəzi çağırışların hansı nəticələrə səbəb ola biləcəyini, hansı faciələrə yol açacağını ciddi düşünməliyik. Avropada İslamafobiyanın artması hamımızı ciddi narahat etməli və bunun qarşısını almaq üçün ciddi addımlar atmalıyıq. Bu gün mədəniyyətlərarası, dinlərarası dialoqun artmasına çox böyük ehtiyac var. Terrorla effektiv mübarizə üçün bütün Avropa ölkələrinin bu istiqamətdə əməkdaşlığının genişlənməsinə çox böyük ehtiyac var. Terror bir insanlıq düşmanıdır. Və biz heç birimiz ondan sığortalanmamışıq. Üzv ölkələrimizə bu barədə daha çox dəstək verməliyik. Bizimlə bərabər terrordan uzun illər əziyyət çəkən digər üzv ölkə Türkiyə Suriya və İraqla böyük sərhəddə malikdir və terrora qarşı böyük mübarizə aparır. Türkiyədə minlərlə insan terrorun qurbanı olub və terrora qarşı mübarizədə Avropa ölkələri və təşkilatımız Türkiyəyə daha çox dəstək verməlidir. Bir daha vurğulayram - terrorla mübarizədə Avropa ikili standartlara yol verməməlidir.”