Bu gün Qadın Konsensus Mərkəzi “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində növbəti “Azərbaycanda qadınların siyasi iştirakçılığı” mövzusunda dinləməsini keçirib.
Dinləmə Qadın Konsensus Mərkəzi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutub.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, siyasi partiyaların qadın təşkilatlarının üzvləri, millət vəkilləri, qadın ictimai birliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı bildirib ki, Azərbaycanda vəzifədə və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır: “Ölkənin 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bu yaxınlarda İradə Gülməmmədova Abşeron İcra Hakimiyyəti başçısı təyin edildi. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb”.
Noyabrın 1-də Milli Məclisə keçirilən 5-ci çağırış seçkilərindən danışan Aynur Camalqızı bu sahədə də qadınların sayının artımında da irəliləyişlərin olduğunu qeyd edib: “İlkin nəticələrə görə, 125 millət vəkilindən 21-i qadındır. Ötən seçkilərdə onların sayı 20 idi. Ümumiyyətlə, qadın namizədlər bu ilki seçkilərdə xüsusi fəallıq göstərdirdilər. Belə ki, qeydə alınan namizədlərdən 20 faizi qadın olub. Qadınların faiz etibarilə çoxluq təşkil etməsələrdə, seçkiqabağı təbliğat işlərini çox aktiv qurdular. Bu aktivlik sayəsində də qadınların seçkidə fəal iştirakı diqqətdən kənar qala bilməzdi”.
Daha sonra tədbirdə millət vəkilləri, siyasi partiyaların qadın təşkilatlarının nümayəndələri və fəal ictimai mövqeyə malik qadınlar çıxış ediblər.
Qeyd edək ki, Qadın Konsensus Mərkəzinin “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində 5 ictimai dinləmə-seminarın keçirilməsi nəzərdə tutulur. İctimai dinləmələrdə qadın mövzusu ilə məşğul olan ekspertlər, ictimai fəal insanlar, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri, bəzi dövlət qurumlarının təmsilçilərinin iştirakı nəzərdə tutulub.
Bundan başqa, layihədə nəzərdə tutulduğu kimi, Feysbuk sosial şəbəkəsində “Qadınlara ədalət” adlı səhifə yaradılıb və səhifə aktiv şəkildə gender və qadın problemləri mövzusuna toxunaraq müzakirələr açır.
Beş mövzu üzrə, ayda bir dəfə olmaqla ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Bu mövzular “Məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə”, “Qadınların siyasi iştirakçılığı”, “Sahibkar qadınlar”, “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması və gender bərabərliyi”, “Qadın mövzusu KİV və sosial mediada” sahələrini əhatə edir.