Prezident: “MDB missiyasının mövqeyi önəmlidir”

Prezident: “MDB missiyasının mövqeyi önəmlidir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də MDB İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə MDB-dən müşahidəçi missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 Aktual.az-ın APA-ya istinadən  məlumatına görə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bu il rəhbərlik etdiyi missiyanın MDB-nin müxtəlif ölkələrində öz fəaliyyətlərini uğurla həyata keçirdiyini dedi. Azərbaycandakı seçkilərdə rəhbərlik etdiyi təşkilatdan 147 nəfərdən ibarət nümayəndə heyətinin iştirak etdiyini vurğulayan Sergey Lebedev bildirdi ki, missiya adətən nümayəndələrin sayını ölkələrlə razılaşma əsasında müəyyənləşdirir və öz müşahidələrini həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirir. Milli Məclisə seçkilərdən danışan Sergey Lebedev dedi: “Biz məmnunluqla və birmənalı şəkildə bildiririk ki, Milli Məclisə seçkilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və ölkə vətəndaşları azad seçim imkanı ilə tam təmin olunub”.

Dövlətimizin başçısı MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etdiyi təşkilatın ölkə qanunvericiliyinə əsaslanan obyektiv yanaşmasının və qətiyyən siyasiləşdirilməmiş mövqeyinin önəmini qeyd etdi. Daha sonra Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın dəvətinə baxmayaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsini israr etdi. Dövlətimizin başçısı dedi ki, onlara müşahidəçilərin sayının ölkə əhalisinin sayına uyğunlaşdırılması təklif olunduqda seçkiləri müşahidə etməkdən imtina etdilər. Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu hərəkətinin qəbuledilməz olduğunu dedi. Dövlətimizin başçısı bütün bunlara baxmayaraq Avropa Şurasının Parlament Assambleyasını, Müstəqil Dövlətlər Birliyini, digər beynəlxalq strukturları və ölkələri təmsil edən çoxsaylı müşahidəçilərin seçki prosesini izlədiklərini vurğuladı.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR