Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.
Aktual.az xəbər verir ki, Dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin Azərbaycanın yaxın dostu olduğunu, BMT-Azərbaycan tərəfdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynadığını deyib.
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində və mədəniyyətlərarası dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Nassir Abdulaziz Al-Nasserin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser
tolerantlığın və dialoqun inkişafı baxımından ölkəmizin önəmini qeyd edib, xüsusilə Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun təbliğindəki liderliyini yüksək qiymətləndirib.
Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Nassir Abdulaziz Al-Nasser bu ordenə layiq görülməsindən qürur hissi keçirdiyini bildirib. O, Prezident İlham Əliyevin BMT-Azərbaycan əməkdaşlığının genişləndirilməsi işində rəhbərliyini yüksək qiymətləndirdiyini vurğulayıb.
Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətindən danışılıb, beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından tədbirin rolu xüsusi qeyd olunub, əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.