"Mən birinci oxunuşda məsələ qaldırsam da, təəssüf ki, ikinci oxunuşda ona cavab ala bilmədim”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı səsləndirib. Millət vəkili əlavə edib ki, Milli Məclisin sosial siyasət komitəsinin sədri Musa Quliyev vacib statistik məlumatları qeyd edib: "Bu da ondan ibarətdir ki, Azərbaycanda əhalinin 7 faizi 65 yaşdan yuxarıdır. Bizdə isə pensya yaşı 65 yaşdır. Deməli, əhalinin cəmi 7 faizi pensiya alır. Yəni bu statistikadan ciddi nəticə çıxarmaq lazımdır. Bu da onu göstərir ki, Azərbaycanda orta ömür çox aşağıdır. Bu təkcə əhalinin gənc olması ilə əlaqədar deyil. Ona görə də pensiya yaşını aşağı salmaq lazımdır. İnsanlar Sosial Müdafiə Fonduna vəsait ödəyirlər, sonra da dünyalarını dəyişirlər, heç pensiya da ala bilmirlər. Heç olmasa Sosial Müdafiə Fonduna ödədikləri vəsait onların varislərinə qaytarılsın. Mənim qanun layihəsi ilə bağlı deyəcəyim mühüm bir məsələ ondan ibarətdir ki, bir çox həmkarım bunu mütərəqqi layihə kimi qiymətləndirir. Müstərəqqiliyi də onunla əsaslandırılır ki, tutaq ki, əvvəl yazılırdı 3-cü qrup əlil, indi isə yazılacaq ki, məsələn sağlamlığın 31 faizdən 60 faizə qədər itirilməsi. Bu o zaman mütərəqqi ola bilərdi ki, tutaq ki, əlillik sağlamlığın neçə faizindən itirilməsindən sonra başlayırsa, faiz dərəcələrinə uyğun olaraq pensiya verilsin. Məsələn 31 faizlə 60 faiz aralığında olan 3-cü qrup əlillər qədər pensiya alacaq. Yəni 31 və 60 faiz eyni məbləğdə pensiya alacaq. 61 faizdən 80 faizə qədər ikinci qrup, 81 faizdən 10 faizə qədər də 1-ci qrup əlil sayılır. Burada hörmətli Əli Məsimov da söylədi, əslində sağlamlığın 100 faiz itirilməsi ölüm deməkdir. Ona görə də burada söhbət ondan gedir ki, sağlamlığın itirilməsi nəticəsində əmək qabiliyyətinin itirlməsinə görə, pensiya təyin olunur. Ötən plenar iclasdakı çıxışımda bir pianoçu ilə millət vəkilini müqayisə edərək misal da çəkmişdim. Pianoçu bir barmağını itirirsə, bu əmək qabiliyyətinin yüz faiz itirlməsi deməkdir. Deputat barmağını itirirsə bu onun üçün əlillik yaratmır və o, buna görə pensiya almamalıdır. Amma pianoçu birinci dərəcə - 100 faiz əmək qabiliyyətini itirməyə görə, əlillik dərəcəsi almalıdır. İkincisi, ötən iclasda Musa müəllimdən ötən dəfə xahiş etdim ki, desin ki, hazırda III qrup əlillik dərəcəsi almaq üçün vətəndaş əmək qabiliyyətinin neçə faizini itirməlidir? Yəni bu bəlli olsa II və I qrup almaq üçün neçə faiz itirilməlidir - bu bilinər. Mən, Normativ hüquqi aktlar haqqında qanuna istinad edərək dedim ki, maliyyə əsaslandırılması təqdim olunmalıdır. Bizə arayış verilməlidir ki, yeni qanunun qəbulundan sonra bu xərclər azalacaq, yoxsa artacaq? Hörmətli Musa müəllim qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı dedi ki, bəlkə də dəyişikliklərdən sonra Azərbaycanda əlilliyə görə pensiya alanların sayı azalacaq. Bu gün isə dedi ki, ola bilsin artacaq. Mən də deyirəm ki, bəlkə də azala bilər, ola bilsin ki, azalacaq. Yəni bəlkə, yaxud "ola bilsin”lə olmur. Bu sahəyə cavabdeh olan müvafiq nazirlik arayış təqdim etməli və ilkin hesablamalar aparılmalı idi. Deputatlar bilməli idi ki, bu qanuna səs verəcəklər. Sonra gedəcəklər əlilliyə görə, pensiya alan seçicilərinin qarşısına. Onlar da yapışacaq bunların yaxasından ki, siz hansı qanuna və niyə səs vermisiniz? Onun bizə arayışı təqdim olunmalı idi ki, real vəziyyət nədən ibarət olacaq? Biz də bilməli idik ki, səs verəndə nəyə səs veiririk. Ona görə də bu qanun o zaman mütərəqqi olardı ki, söylədiyim kimi 40 faiz əmək qabiliyyətini itirən 30 fazi əmək qabiliyyətini itirəndən çox pensya alsın və.s. Amma belə deyil, biz görürük ki, 31 faizdən 60 faizə qədər, 61-dən 80 faizə qədər, 80 faizdən dən 100 faizə qədər əmək qabiliyyətini itirən şəxslər eyni məbləğdə pensiya alacaqlar. 100 faiz əmək qabiliyyətinin itirlməsi də ölüm deməkdir. Buradan da o nəticə çıxır ki, biz əslində sağlamlığın itirilməsinə görə deyil, əmək qabiliyyətinin itirilməsinə görə, pensiya veririk. Dediyim kimi insan əmək qabiliyyətini 100 faiz itirsə də yaşaya və pensiya ala bilər. Əlbəttə ki, bu məsələlərə aydınlıq gəlmədən mən bu qanunun lehinə səs verə bilmərəm”.
"Qardaşlığımızı bir daha dünyaya nümayiş etdirəcəyik”
Millət vəkili sonda iyunun 11-dən start götürən həmçinin bir neçə oyuna Azərbaycanın da ev sahibliyi edəcək futbol üzrə Avropa çempionatı ilə bağlı da fikirlərini bölüşüb: "Ölkəmizdə böyük bir futbol bayramı başlayır. Azərbaycan çox böyük idman yarışlarına ev sahibliyi edib. Hesab edirəm ki, bu yarışlar da yüksək səviyyədə təşkil olunacaq. Bizim üçün həm də əlamətdardır ki, qardaş Türkiyənin milli komandası da burada oynayacaq. Turnirdə mübarizə aparacaq Uels və İsveçrə də bizə dost ölkələrdir. Hesab edirəm ki, bizim azarkeşlər yüksək mədəniyyət və intizam nümayiş etdirəcəklər. Biz yarışlarda həm də qardaş Türkiyə millisini dəstəkləməklə eyni millət olduğumuzu, dost və qardaşlığımızı bir daha dünyaya nümayiş etdirəcəyik”.